Həyatımızı asanlaşdırmağın qısa yolu – Oyun nəzəriyyəsi

Həyatımızı asanlaşdırmağın qısa yolu – <span style="color:red;">Oyun nəzəriyyəsi
16 may 2016
# 11:52

Kulis.Az Orxan Əmrullayevin “Dünyanın başına gətirilən oyun - Oyun nəzəriyyəsi” məqaləsini təqdim edir.

Əsas odur, həyatda uduzmayasan. Bəs həyat özü oyundursa?

1. NƏDİR

Tərifi

Oyun nəzəriyyəsi digərlərinin verə biləcəyi qərarları nəzərə alaraq qərar verilməsindən bəhs edir. O, rasional qərar verənlər arasında fikir birliyi və fikir ayrılığının riyazi modelini öyrənir.

Bu “oyun”da “oyunçular” özləri üçün maksimum yaxşı nəticəni əldə edəcək formada qərar verən fərdlərdir. Meydana çıxacaq yekun (ortaq) nəticə ayrı-ayrı oyunçuların fərdi qərarlarının məhsulu olur. Oyunçuların heç biri yekun nəticəni tək başına müəyyən etmək gücünə malik deyil. Odur ki, oyunçular öz qərarlarını verərkən digər oyunçuların verə biləcəyi qərarları da nəzərə alaraq – yəni, strateji olaraq – qərar verirlər. Burada oyunçular təkcə fərdlər yox, hər hansı məqsədi olan insanlar, şirkətlər, ölkələr və sair ola bilər.

2. HARDAN GƏLİB

Tarixi

Oyun nəzəriyyəsi ilə bağlı tarixdə ilk akademik nəşr Augustin Cournot-un “Zənginlik nəzəriyyəsinin riyazi prinsiplərinin tədqiqi” kitabı olub (1838). Bu kitabın 7-ci fəslində istehsalçıların rəqabətindən söz açılır və eyni məhsulu istehsal edən şirkətlərin istehsal həcmlərini nəyə əsasən müəyyən etməli olduqları sualı qoyulur. Müəllifin fikrinə görə, hər şirkət öz istehsal həcmini ən çox qazanc gətirəcək miqdarda müəyyənləşdirməlidir. Amma şirkətlərin qazancı təkcə öz istehsal həcmlərindən yox, həm də malın bazar qiymətindən asılıdır. Bazar qiymətini isə təkcə bir şirkətin yox, bütün şirkətlərin cəmi istehsalı formalaşdırır.

Burada tipik bir oyun var. Belə ki, oyunçular şirkətlərdir. Hər şirkət öz istehsal həcminin nə qədər olmasına qərar verir. Amma şirkətlərin nə qədər qazanacağı cəmi istehsal həcmi bilinəndən və bunun əsasında bazar qiyməti formalaşandan sonra məlum olur. (Məsələn, OPEC bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün yaradılmışdı.)

Cournot şirkətlərin belə vəziyyətdə istehsallarını necə müəyyənləşdirəcəkləri barəsində bir həll irəli sürmüşdü ki, bu, hazırda Neş tarazlığı kimi bildiyimiz anlayışla ilə eynilik təşkil edir. (Ətraflı: “Əlavələr” bölməsində 1-ci yazını oxuyun.)

Cournotdan sonra tarixdə oyun nəzəriyyəsi ilə bağlı Zermelo, Emil Borel kimi şəxslərin adı keçsə də, bunu klassik sayılacaq şəkildə izah edən (1928) riyaziyyatçı Con Von Neyman olub. O, 1944-cü ildə norveçli iqtisadiyyatçı Morqenstern ilə birgə “Oyunların nəzəriyyəsi və iqtisadi davranış” adlı kitab qələmə alıb. Bu kitab bir oyunçunun (və ya komandanın) 1-0 qalib gələrkən, digər oyunçunun (və ya komandanın) 0-1 hesabı ilə məğlub olması halındakı proseslərdən bəhs edirdi. Bunlar “cəmi sıfır olan oyunlar” adlandırılmışdı. Kitabda daha geniş məhfum olan “cəmi sıfır olmayan oyunlar”dan bəhs olunsa da, natamam idi və ciddi izah olunmamışdı. Müəlliflər müəyyən mənada cəmi sıfır olmayan oyunları cəmi sıfır olan oyunlara çevirərək izah etməyə çalışmışdılar.

Bu boşluğu görən və özünü bu sahədə sübut edən Con Forbes Neş oldu. Neş bu nəzəriyyəni yenidən formalaşdırdı və tarixdə yeni bir səhifə açdı.

Neş dövrü

Con Neşin həyatından bəhs edən “A Beautiful Mind” (“Ağıl Oyunları”) filmindəki bir epizodda (https://www.youtube.com/watch?v=LJS7Igvk6ZM) öz əksini tapdığı kimi, (Bütün oğlanlar ən gözəl qıza yaxınlaşdıqda, qız hamısından imtina edir. Gözəl qızdan əllərini üzən oğlanlar sonra daha az gözəl olan qızlara yaxınlaşırlar və bu qızlar da ikinci olmaq istəmədikləri üçün, oğlanlardan imtina edirlər. Nəticədə oğlanların tərəf-müqabili olmur. Lakin hər bir oğlan birinci dəfədən daha az gözəl olan qıza yaxınlaşsa, hər birinin tərəf-müqabili olacaq.) Neş Adam Smitin bir əsrdən çox tarixi olan və hamı tərəfindən qəbul edilən nəzəriyyəsini (rəqabət şəraitində fərdi istəklər ümumi rifahın yaxşılaşmasına xidmət edir) alt-üst edir.

Belə ki, Adam Smitin “qrupdakı bütün fərdlərin öz mənafeyini güdərək hərəkət etməsi (hamının əlindən gələni etməsi) ən yaxşı nəticəni verir” düşüncəsinə qarşı Neşin “qrupdakı bütün fərdlərin həm öz, həm də aid olduğu qrupun mənafeyini güdərək (hamının ortalama səy göstərməsi) hərəkət etməsi ən yaxşı nəticəni verir” düşüncəsi doğuldu. Neşə görə, hər hansı bir oyundakı fərdlər təkcə öz mənfəətlərini güdsələr, hamısının eyni vaxtda qazana biləcəklərindən çox-çox az qazanacaqlar. Ancaq hamısı bir-birinin mənfəətini nəzərə alsa, ən məhsuldar mənfəətə sahib olarlar. (Bu, Neş tarazlığı adlanır.)

Məşhur məhkumun dilemması (prisoner’s dilemma) bu iki fikrə aydınlıq gətirir. Dilemma göstərir ki, məhkumlar arasında kommunikasiya olsaydı və onlar bir-birlərinə güvənsəydi, hər biri 2 illik həbs olunardı. Bu şərtlər ödənmir deyə, onlar 3 illik həbs olunurlar. 2 il əvəzinə 3 il həbs cəzasını, məhkumlar şəxsi mənfəətlərini maksimum düşünürlər deyə (Adam Smitin fikrinə yaxındır) alırlar. (Ətraflı: “Əlavələr” bölməsində 2-ci yazını oxuyun)

3. HARA GEDİR

Oyun nəzəriyyəsinin real həyatda əksi və tətbiqləri

Zaman keçdikcə nəzəriyyə müəyyən formalara salınıb müxtəlif sahələrə daha geniş şəkildə tətbiq olunmağa başlandı. Ənənəvi oyun nəzəriyyəsində bütün oyunçular üçün ən yaxşı seçimi müəyyən etmək məqsədiylə modellərdən istifadə edilirdi. Oyun nəzəriyyəsi maksimum səmərəli qərarları müəyyənləşdirmək üçün, oyunçuların ümumi biliklərinin fərz edilməsi ilə yanaşı, rasional seçim nəzəriyyəsindən yararlanırdı. O, həm də öz oyunçularına rəqiblərinin strategiyalarını təxmin etməyə imkan verirdi. Ənənəvi oyun nəzəriyyəsi rasional oyunçuların verməli olduğu qərarı öyrənirdi, bu qərarın niyə verildiyini izah etməyə çalışmırdı. Elə buna görə də o, normativ nəzəriyyə sayılırdı. (Normativ nəzəriyyələr, əsasən, subyektiv və rəylərə əsaslanır.) Oyun nəzəriyyəsinin əsas hipotezisi rasionallıqdır, ona görə də rasional və irrasional qərarların qarışığından ibarət problemlərə izah verə bilmirdi. (Colman, A. M. (2003). Cooperation, psychological game theory, and limitations of rationality in social interaction. Behavioral and brain sciences, 26(02), 139-153.)

Lakin davranışın oyun nəzəriyyəsi fərqlidir. Bu, pozitiv nəzəriyyədir. (Pozitiv nəzəriyyə obyektiv və faktlara əsaslanan olur. Pozitiv nəzəriyyələri sınaqdan keçirmək və doğru-yanlış olduğunu sübut etmək olur. Normativ nəzəriyyələr subyektiv və rəylərə əsaslanır deyə, normativ nəzəriyyələrin doğru-yanlışlığını sübuta yetirmək mümkün olmur).

Davranışın oyun nəzəriyyəsi eksperimental məlumatlardan istifadə etməklə qərar verilməsi barədədir. Bu nəzəriyyədə real həyat təcrübələri əsas götürüldüyündən, o həm rasional, həm də irrasional qərarlara şamil olunur. Xüsusilə davranışın oyun nəzəriyyəsi real dünyadakı qərarlara təsir edən faktorları izah etməyə çalışır. Bunlar ənənəvi oyun nəzəriyyəsi vasitəsilə postulat kimi götürülə və empirik məlumatlardan istifadə edərək müşahidə oluna bilinirdi, lakin öyrənilə bilmirdi.

İnkişaf etmiş dünyamızda şirkətlər oyun nəzəriyyəsindən o qədər geniş istifadə edirlər ki, nəzəriyyə bəzi hallarda əks-təsirini göstərir. Belə ki, iqtisadi mühit bir növ mürəkkəb rasional qərarlar verən tərəflərin davranışları sayəsində formalaşır. Bu rasionallıq da özlüyündə iqtisadi dinamikanı yavaşladır. Şirkətlər o qədər rasional davranır ki, bu, qarşılıqlı olaraq münasibətlərin mürəkkəbləşməsinə və həmçinin bir-birlərinin qarşısını kəsdikləri üçün qazanclarının azalmasına gətirib çıxarır. Nəticədə onlar qəbul edirlər ki, rasional qərarların sicilləməsi onları dərəyə yuvarlayır və buna görə verməli olduqları qərarların tam əksini verirlər.

Oyun nəzəriyyəsi iqtisadiyyat, siyasət, biologiya, psixologiya, süni intellekt və digər müxtəlif sahələrdə öz əksini tapır və geniş tətbiq olunur.

İqtisadiyyat və biznes

Neş öz fikri ilə Adam Smitin fikrini darmadağın etdikdən sonra iqtisadiyyat yeni məcraya yönəldi. Oyun nəzəriyyəsi hazırda riyazi iqtisadiyyatda və biznesdə istifadə olunan əsas metoddur. Onun vasitəsilə təkcə istehlakçı ilə istehsalçı arasındakı davranışlar deyil, həm də qarşılıqlı təsirdə olan bütün bazar iştirakçılarının rəqabətcil davranışları modelləşdirilir. Oyun nəzəriyyəsinin iqtisadi tətbiq sahələrinə auksionları, sövdələşmələri, ədalətli bölgünü (insanlar arasında məhsulların ədalətli bölgüsü), ümumi tarazlığı, mexanizm dizaynını, səsvermə sistemlərini, eksperimental iqtisadiyyatı, davranış iqtisadiyyatını, informasiya iqtisadiyyatı, siyasi iqtisadiyyatı misal çəkmək olar.

Maliyyə bazarlarında qərar vermək üçün ən önəmli gedişlərdən biri keçmiş illərin məlumatlarına əsaslanıb gələcəyi proqnozlaşdırmaqdır. Maliyyə sahəsində qərarqəbulu zamanı bir çox üsullardan istifadə olunur: Reqressiya analizi, Zaman ardıcıllığı analizi, Trend analizi, Hərəkətli ortalama, Oyun nəzəriyyəsi və sair.

Rəqibin hansı strategiyadan hansı tezlikdə istifadə edəcəyinin əvvəlcədən bilinmədiyi, bu mənada, tamamilə qeyri-müəyyənliyin mövcud olduğu mühitlərdə riski minimallaşdırıb gəliri maksimallaşdıran oyun nəzəriyyəsi qeyri-müəyyənlik və riskin mövcud olduğu maliyyə bazarları üçün də direktivlər və real nəticələr verə bilər.

Maliyyə bazarlarındakı oyun investorun bazara qarşı oynadığı oyundur (cəmi sıfır olan oyun).

Yuxarıdakı halda oyun matrisi bu suala cavab verəcək: “Bazarın hansı strategiyadan istifadə etməyindən asılı olmayaraq, investor minimum risklə əldə edə biləcəyi ən az gəlirlər arasından ən çoxunu qazana bilmək üçün hansı maliyyə subyektini almalıdır.”

Oyun nəzəriyyəsi ilə formalaşdırılan optimal portfeldəki səhmlərin nisbi gəlir miqdarının dinamikasının yenə oyun nəzəriyyəsinin köməkliyi ilə müəyyənləşdirilməsi bu yanaşmanın əsas məqamlardan biridir.

Belə ki, son illərin göstəriciləri araşdırılır və dəyişikliklərin dövrlər üzrə oxşarlıq və fərqlilikləri analiz edilir. Bunun nəticəsində gələcək üçün proqnoz verilmir, sadəcə keçmişdə nələrin baş verdiyinə aydın nəzərlərlə baxmaq mümkün olur.

Bundan sonra vəziyyətin (oyunun) şərtləri ilə tanış oluruq (investisiya ən az nə qədər müddətə yatırıla bilər, araşdırmada son neçə ilin göstəricilərindən istifadə olunub və sair). Bu şərtlərdən yola çıxaraq, bazar və investor üçün mümkün strategiyalar müəyyənləşdirilir və dövrlər üzrə ödəmələr matrisi formalaşdırılır. Bu matrisi Linear proqramlama modelinin köməkliyi ilə hər dövr üzrə ayrı-ayrı 1 manatın nə qədərinin hansı səhmə yatırılmalı olmasına qərar verilir.

Siyasi elmlər

Oyun nəzəriyyəsinin siyasi elmlərə tətbiqi ədalətli bölgü, siyasi iqtisad, ictimai seçim, müharibə sövdələşməsi, pozitiv siyasi nəzəriyyə və sosial seçim nəzəriyyəsi kimi sahələri əhatə edir. Araşdırmaçılar bu sahələrin hər birində xüsusi oyun nəzəriyyəsi modelləri yaradıblar. Oyun nəzəriyyəsi vasitəsilə, məsələn səs verənlərin davranışı, partiyaların siyasi mühitdə özlərinə yer etməsi kimi məsələləri oyunlar şəklində modelləşdirmək və optimal ortanı tapmaq mümkün olur. Bu oyunun iştirakçıları əsasən seçicilər, dövlətlər, xüsusi maraq qrupları və siyasətçilər olur.

Oyun nəzəriyyəsi Sosial Kontrakt ilə əlaqəlidir. Hobbs iddia edirdi ki, insan davranışları üzərində hər hansı bir xarici məcburiyyət olmasa, anarxiya qaçılmaz olar. Cəmiyyətin rifahını deyil, yalnız öz rifahını maksimallaşdırmaq istəyi mövcud olarsa, insanlar arasında iş birliyi heç vaxt mümkün olmaz. Təsəvvür edək ki hamı şəxsi maraqlarını başqalarının mənafeyinə görə ikinci plana atır. Amma bircə dənə öz marağını güdən insan olsa, o, digərlərinin alturistliyindən sui-istifadə edəcək. Buna görə də, Hobbs inanırdı ki, alturistlərin mövcudluğu psixoloji olaraq qeyri-təbiidir. Əgər dar düşüncəli şəxsi maraqlarını güdən bir insan mövcuddursa, bütün alturistlər şəxsi maraqlarını güdən insanlara çevriləcəklər. “Təbii Vəziyyət” adlanan belə bir mühitdə, Hobbs iddia edirdi ki, hər bir şəxs bir qayda olaraq, başqalarının ona hücum edib şəxsi maraqlarını maksimallaşdıracağından şübhə edəcək. Odur ki, həmən fərd öz mənafeyini yaxşılaşdırmaq üçün başqaları ona hücum etməzdən əvvəl, başqalarına hücum etməlidir. İki insan arasındakı belə konflikt vəziyyəti “Hobbs Dilemması” adlanır. Bu, oyun nəzəriyyəsinin “Məhkum dilemması” ilə demək olar ki, eyni struktura malikdir (https://cs.stanford.edu/people/eroberts/courses/soco/projects/1998-99/game-theory/applications.html).

Oyun nəzəriyyəsinin siyasi elmlərə tətbiqinin ilk nümunələrindən biri Antoni Daunsa aiddir. Onun “Demokratiyanın iqtisadi nəzəriyyəsi” adlı kitabındakı model siyasi namizədlərin idealogiyalarını bir ölçülü (1D) siyasət aləmində nəzərdən keçirir. Dauns ilk olaraq göstərmişdi ki, əgər seçicilər kifayət qədər məlumatlıdırsa, bütün siyasi namizədlər bircə idealogiyanın (ortalama seçicinin üstün tutduğu fikirlər toplusunu) tərəfdarı olduqlarını bəyan edəcəklər. Dauns narazı şəkildə əlavə etmişdi ki, çox təəssüf, seçicilər namizədin fərqlənməsinə şərait yaradan hala üstünlük verirlər – yəni, rasional olaraq məlumatsız qalmağı seçirlər.

Bu, həm də siyasi hakimiyyətin istənilən formasının stabilliyini izah etməyə qadirdir. Ən primitiv misal götürək: tutaq ki, monarxiya quruluşunda kral öz nüfuzunu fiziki nəzarət yolu ilə davam etdirə bilmir. Faktiki olaraq, kral gücsüzləşsə də, kütlə arasında belə bir fikir yayılır ki, hər bir vətəndaş kralın nüfuzunu qəbul edir və düşünür ki, hamı kralı və başqa hökm sahiblərini “əmrləri həyata keçirilməli olan bir insan” kimi dəyərləndirir. Buna görə əksəriyyətin ağlına hakimiyyəti devirmək kimi fikirlər gəlmir və ya gəlsə də, tək olduğunu düşünür. Vətəndaşların kommunikasiyaya girib hökmdarı devirməyi düşünməsi barmaqlıqlar arxasına düşmək deməkdir, çünki hökmdarı gizli anlaşma yolu (komplo) ilə dəyişmək cinayətdir.

Bunu məhkum dilemması ilə də modelləşdirmək mümkündür: adi stabil vaxtlarda heç bir vətəndaş hökmdarı dəyişmək istəyində olmayacaq, hətta bilsələr ki, hamının birgə hərəkət etməsi nəticəsində vəziyyət indikindən qat-qat yaxşılaşacaq, yenə də hərəkət etmək istəməyəcəklər.

“Demrokratik sülh”ün oyun nəzəriyyəsi ilə izahına əsasən, demokratik şəraitdə keçən ictimai və açıq debatlar zamanı tərəflər təkcə söhbətin getdiyi mövzu barədə deyil, həm də başqa mövzularla bağlı niyyətlərini bəlli etmiş olurlar. Amma tərəflər qeyri-demokratik şəxslər olsa, onların niyyətini bilmək çətin olur və bu da gələcəkdə gözlənilən güzəştlərə (konsensiyalara) mənfi təsir göstərir. Buna görə disputda ən azı bir partiya qeyri-demokratikdirsə, ortalıqda inamsızlıq və konsensiyaya gəlməkdə həvəssizlik olacaq.

Oyun nəzəriyyəsi həm də, bir xalqa yeni qayda-qanun tətbiq olunarsa, onların cavab reaksiyasının necəliyini proqnozlaşdırır. Buna Pitr Con Vudun araşdırmasını misal çəkə bilərik. O, 2013-cü ildə hansı xalqların iqlim dəyişkənliyini azaltmağa kömək edə biləcəyini araşdırmışdı. Düşünürdü ki, başqa xalqlarla razılıq əldə olunması yolu ilə parnik effekini azaltmağa nail olmaq olar. Lakin o sonda deyir ki, bu ideya işə yaramadı, çünki razılıq əldə olunması zamanı xalqlar məhkum dilemmasına düşürdülər (Wood, Peter John (2011). "Climate change and game theory". Ecological Economics Review 1219: 153–70.).

Biologiya

Biologiyada növlərin təkamülü əslində strateji olaraq (bir tərəfin digər tərəflərin hərəkətlərini nəzərə alaraq davranması) reallaşmışdır. Bir sözlə, şüurlu və ya şüursuz, amma strateji davranan fərdlərin formalaşdırdığı bütün sistemlərin araşdırılması oyun nəzəriyyəsinin tətbiq sahəsinə daxildir.

XX əsrdən əvvəl, Çarlz Darvin oyun nəzəriyyəsi ilə üst-üstə düşən fikirlər yürütsə də, biologiyada oyun nəzəriyyəsi analizlərindən istifadə Ronald Fişerin 1930-cu illərdə heyvan davranışlarını öyrənməsi ilə başlamış sayılır. Bu analizlər oyun nəzəriyyəsi ilə oxşar xüsusiyyətlərə malik olmuşdur. İqtisadiyyatın inkişafı sonradan biologiyanın inkişafına da təkan vermişdi. Con Meynard Smitin “Təkamül və Oyunların nəzəriyyəsi” kitabında bu dövrlərdə əhəmiyyətli yenilik olmuşdu.

Biologiyada oyun nəzəriyyəsi müxtəlif fenomenləri anlama modeli kimi işlədilib. İlk dəfə cinslərin ortalama 1:1 nisbətinin təkamülünü (burdakı mənada: stabilliyini) izah etmək üçün istifadə edilib (Hamilton, W.D. (1967). "Extraordinary sex ratios". Science 156 (3774)).

Fişer 1:1 cins nisbətini təkamülün fərdlərə göstərdiyi təsirin nəticəsi kimi dəyərləndirib.

Bundan əlavə, bioloqlar “təkamülün oyun nəzəriyyəsi” və “təkamülün stabilliyi strategiyası”ndan heyvanlar arasındakı ünsiyyətin meydana çıxmasını izah etməkdə də istifadə ediblər (Harper & Maynard Smith (2003)). İşarə vermə və başqa kommunikasiya oyunlarının analizi heyvanlar arasındakı ünsiyyət təkamülünün başa düşülməsinə kömək edib. Daha böyük heyvana hücum zamanı əksər heyvanların sürü halında toplaşması təcili təşkilatlanma nümunəsidir. Məsələn, belə vəziyyətlərdə qarışqalar əvvəlcədən güc nümayişi edirlər. (Paul Ormerod – Butterfly Economics).

Təbiətdə bir çox vəziyyətlərdə “təkamülün oyun nəzəriyyəsi” ilə qarşılaşırıq. Onlardan biri bioloji altruizmdir (başqasının naminə öz mənafeyini qurban vermə). Məsələn, elə bir hal olur ki, bir orqanizm meydana çıxır və başqa orqanizmə fayda verən şəkildə davranır, lakin bu onun özünə ziyan vurur. Bu ənənəvi altruizm anlayışından fərqlənir, çünki belə davranışlar şüurlu şəkildə baş vermir, varlığının məramı cəmi uzlaşmanı (harmoniyanı) yaxşılaşdırmaq məqsədi güdür. Nümunələrin spektri çox böyükdür: qaniçən yarasalar ov zamanı udduqları qanı geri qusub şikarsız qayıdan üzvlərlə bölüşürlər; işçi arılar ömürləri boyu ana arı üçün işləyir və heç vaxt çütləşmirlər; vervet meymunları yırtıcı görən kimi qaçıb getmirlər, yırıtcıya ən yaxın heyvan olsalar da həyatlarını təhlükəyə atıb dayanırlar və əvvəl bütün sürünü bundan xəbərdar edirlər (Biological Altruism (Stanford Encyclopedia of Philosophy). Seop.leeds.ac.uk. Retrieved on 2013-01-03.). Ziqzaq adlanan quşlar timsahların ağzına girib parazit yeyirlər. Bu simbioz sayəsində həm timsahın ağız gigiyenası yaxşılaşır, həm də ziqzaq dəyərli yemək əldə edir. Timsah istəsə asanlıqla ziqzaq quşlarını yeyə bilər, bəs niyə yemir? Təkamül prosesinin dövrləri boyunca, timsahlar və ziqzaqlar “əməkdaşlığın faydaları”nı öyrəniblər, başqa sözlə “tarazlıq nöqtəsi”ni tapıblar (https://cs.stanford.edu/people/eroberts/courses/soco/projects/1998-99/game-theory/applications.html).

Davranışların proqnozu və süni intellekt

Artıq klişeləşmiş “kompüter insanı əvəz edə bilməz” fikri günü-gündən öz etibarlılığını itirir. Kompüterin insanı əvəz etməsindəki əsas problematik məqam ətrafda baş verən istənilən prosesə kompüterin sərbəst qərar verə bilməsi ilə bağlıdır. Bir çox kompüter proqramları var ki, onlar çoxlu hallar üzrə düzülmüş qərarlar siyahısı əsasında əvvəlcədən proqramlaşdırılmış qərarı seçir. Əgər kompüterə daxil olunmamış bir hal baş versə, kompüter proqramı digər vəziyyətlər üçün proqramlaşdırılmayıb deyə, heç bir qərar verə bilməyəcək.

Süni intellekt proqramları gələcəkdə yaradıcılarının planlamadığı yeni qərarları verə biləcək gücdə olacaq. Bunun üçün, ətrafdakı proseslər və təcrübələrə əsaslanan yeni matrislər lazım gələcək. Beləcə proqramlar insan qərarlarını öyrənmək və onun kimi davranmaq iqtidarında olacaq.

Hazırda isə oyun nəzəriyyəsinə əsaslanan kompüter proqramları böyük inkişafa nail olmaqdadırlar. Onlardan birinin yaradıcısı olan Nyu-York Universitetinin akademiki Mr Bueno de Mesquita bəzi siyasi prosesləri proqnozlaşdıra bilir. Məsələn, o, 2008-ci ilin fevralında Pərviz Müşərrəfin yayın sonuna qədər prezidentlikdən gedəcəyini müəyyənləşdirmişdi və elə də oldu. 2010-cu ilin mayında Misir prezidenti Hüsnü Mübarəkin bir il içində devriləcəyini söyləyəndən doqquz ay sonra bu baş verdi.

Mr Bueno de Mesquitanın “oyun”u oyun nəzəriyyəsinə əsaslanan kompüter modelidir. “Oyunçular”ın (Siyasi partiyalar, iqtisadi güc sahibləri və bütün başqa təşkilatlar) məqsədləri, motivasiyaları və təsir qüvvələri rəqəmsal vahidlərlə ifadə olunur. Kompüter müxtəlif oyunçuların opsiyalarını nəzərə alır, onların mümkün davranış kurslarını müəyyənləşdirir, onların başqalarına təsir edə bilmə qüvvələrini qiymətləndirir və bunun kimi bir çox faktorları müəyyənləşəndən sonra sonra hadisələrin gedişatını proqnozlaşdırır.

Mr Bueno de Mesquitanın şirkəti olan “Mesquita & Roundell” elə azsaylı konsaltinq birliklərindən biridir ki, dövlətlər, şirkətlər və hüquq büroları üçün bu cür kompüter simulyasiyaları həyata keçirir.

2005-ci ildə iqtisadiyyatda oyun nəzəriyyəsi işinə görə Nobel mükafatına layiq görülmüş Yerusəlim Yəhudi Universitetinin akademiki Robert Aumann auksionları modelləşdirməkdəki uğuru vurğulayır. Kəmiyyətlə ifadə olunan təkliflər vasitəsilə təhlilləri asanlaşdırmaq və düzgün cavabı proqnozlaşdırmaq böyük gəlir gətirə bilər.

Kaliforniyada Monterey Hərbi-dəniz Aspirat Məktəbindən Qulermo Oven simulyasiyaları idarə etmək üçün ABŞ Hava Qüvvələrindən aldığı kəşfiyyat məlumatlarında istifadə edir və 100 ballıq şkala ilə axtarışda olan şəxsin öz xoşladığı şeylərə (məsələn, balıq tutmaq) və üstünlük verdiyi şeylərə (gizli yerdə qalmaq, yaxud tapılmaq riski) verdiyi önəm ölçülür. Bu kimi faktorlar terroristin harada yaşamağa qərar verdiyini müəyyən edir. Oven deyir ki, Osama Bin Ladenin Pakistanın Abbottabad bölgəsindəki sığınacağında tapılmasında oyun nəzəriyyəsi proqramının böyük rolu olub (http://www.economist.com/node/21527025).

Çətin danışıqlar tez-tez neytral vasitəçilər vasitəsilə tənzimlənə bilir. Bütün tərəflərin inandığı vasitəçilər bütün tərəflərin gizlinlərindən xəbərdar olurlar. Bu məqamda isə vasitəçinin neytallığı istər-istəməz şübhəli qalır. Dr. Ponsatinin ideyası belə idi ki, əgər insan vasitəçiyə inam yoxdursa, kompüter bu işi görə bilər. Danışıq aparan tərəflər, hər danışıq raundunda kompüter proqramına sövdələşmədəki mövqeləri ilə bağlı öz gizlin məlumatlarını yerləşdirirlər. Hər raund hər iki tərəf üçün də müstəsna deyildisə, proqram ortaq mövqeni razılıq üçün tərəflərə təklif göndərəcək. Hazırda Barselona Avtonom Universitetində İqtisadi Təhlil İnstitutunun rəhbəri olan Dr Ponsatinin sözlərinə görə belə “vasitəçi maşınlar” insan vasitəçilərin maraq güdməsindən fərqli olaraq məxfi məlumatlardan xəbərdar olmaqla danışıqları həll edə bilər. Proqramın inkişafı o həddə çatıb ki, son zamanlar boşanma zamanı əmlak bölgüsü kimi adi vəziyyətlərdə də ondan istifadə edirlər.

Oyun nəzəriyyəsi əsasında formalaşdırılan bir çox proqram təminatları var:

Population Dynamics Toolbox

Bu, təkamülün oyun nəzəriyyəsi üçün Matlabda tətbiq olunub və müxtəlif təkamül dinamikaları olan istənilən oyunun tətbiqini azalmağı formalaşdırılıb.

Game Theory Explorer

GTE ekstensiv və strateji formada olan oyunların interaktiv yaradılışı və tarazlıq analizi üçün şəbəkə-əsaslı proqram təminatıdır.

Gambit

Gambit oyun nəzəriyyəsi proqramın təminatının kitabxanasıdır və sonsuz ekstensiz və strateji oyunların analizi və konstruksiyası üçün alətdir.

GamePlan

San-Fransisko Dövlət Universitetindən Jan Pier Lanqloiz tərəfindən oyunlar yaratmaq və analiz etmək üçün formalaşdırılmış tətbiqdir.

4. ƏLAVƏLƏR

Əlavə 1.

MinMax

Minimax (Minimumların arasından maximumun seçilməsi) – mənfi

Maximin (Maximumların arasından minimumun seçilməsi) – müsbət

Fərz edək ki, iki oyunçumuz var: Aydın (A) və Babək (B)

Aydının 3, Babəkin 2 strategiyası var. Bu strategiyaların bir biri ilə kəsişdiyi 6 mümkün hal ola bilər.

Oyun Aydının birinci strategiyası (A1) ilə Babəkin birinci strategiyasının (B1) razılaşdırıldığı halda Aydın Babəkə 2 manat verməlidir. Bu qayda ilə 6 halı qeyd edək:

A1B1 – Aydın Babəkə 2 manat verməlidir

A1B2 – Babək Aydına 2 manat verməlidir

A2B1 – Aydın Babəkə 1 manat verməlidir

A2B2 – Babək Aydına 3 manat verməlidir

A3B1 – Babək Aydına 1 manat verməlidir

A3B2 – Babək Aydına 2 manat verməlidir

Bu oyunda Aydın və Babək üçün ən yaxşı strategiyaları və oyunun dəyərini tapaq.

Matris qurulanda, Babəkin Aydına pul verməsi müsbət, Aydının Babəkə pul verməsi mənfi kimi göstərilir.

Aydına nəzərən matris belə olacaq:

Ba b

ə k

B1

B2

A1

-2

2

-2

Aydın

A2

-1

3

-1

A3

1

2

1

1

3

Qazanc matrisinə görə Babək B2 strategiyasından istifadə etməyəcək. Çünki bu strategiya bütün hallarda Babəkin itirməsi ilə nəticələnəcək (Bu strategiyadakı bütün ədədlər müsbətdir. Yəni, yuxarıda qeyd olunduğu kimi ədələrin müsbət olması Babəkin Aydına pul verməsi deməkdir). Odur ki, Babək B1 strategiyasını seçəcək. Bu strategiyanı seçərsə ən böyük itkisi 1 manat olacaq.

İlk baxışdan belə görünür ki, Aydın A2 stategiyasını seçəcək. Çünki burada ən böyük qazanc (3 manat) var. Lakin hər oyunçu digər oyunçunun seçimini əvvəlcədən proqnozlaşdıra bildiyindən, Aydın bilir ki Babək B2 strategiyasını seçməyəcək. Yəni 3 manat qazanmaq real deyil. Buna görə Aydın üçün ən qazanclı strategiya A3 olur.

Babəkin B1, Aydının A3 strategiyasını tətbiq etməsi nəticəsində Aydın 1 manat qazanacaq.

Əlavə 2.

Məhkum dilemması

Bu, oyun nəzəriyyəsinə aid misallardan biridir. Bu misal göstərir ki, iki tamamilə rasional düşüncəli şəxs bəzən özlərinin xeyirinə olsa da bir-birləri ilə əməkdaşlıq etmirlər.

Bu dilemmaya yaxından nəzər salaq:

İki kriminal şəxs cinayət zamanı tutulur və ayrı ayrı otaqlarda sorğu-sual edilir. Məhkumlara belə şərtlər qoyulur:

Boynuna almaq; boynuna almamaq.

  • Əgər hər iki məhkum cinayəti boynuna almasa, onların hər biri 2 illik həbs olunacaq.
  • Əgər birinci məhkum cinayəti boynuna alsa və ikinci məhbus boynuna almasa, birinci məhkum 1 illik, ikinci məhkum 10 illik həbs olunacaq.
  • Əgər ikinci məhkum cinayəti boynuna alsa və birinci məhbus boynuna almasa, ikinci məhkum 1 illik, birinci məhkum 10 illik həbs olunacaq.
  • Əgər hər iki məhkum cinayəti boynuna alsa, hər ikisi 3 illik həbs olunacaq.

İkinci

məhkum

Boynuna almaq

Boynuna almamaq

Birinci

Boynuna almaq

3 il

3 il

1 il

10 il

məhkum

Boynuna almamaq

10 il

1 il

2 il

2 il

Buradan görünür ki, ən optimal seçim cinayəti boynuna almaqdır, başqa sözlə, 4 və 11 il arasında dəyişən cəmi həbs müddətinin minimumunu seçməkdir. Lakin təəccüblü olsa da, məhbusların seçimi gözlənilən kimi olmur və öz seçimləri nəticəsində onların hər ikisi 3 illik (cəmi 6 il) həbs olunurlar.

Rasional insan davranışı baş vermir, çünki saxlanılan hər iki şəxs digərinin hansı variantı seçəcəyini düşünür. Kommunikasiya və əməkdaşlıq olmayan mühitdə bu şəxslərin seçimi optimal ola bilməz. Çünki onların ən yaxşı variantı seçmələri strateji olaraq əngəllənib – ayrılıqda sorğu-suala çəkiliblər.

Şərtlərlə tanış olan birinci məhbus düşünür:

İkinci məhbusun nəyi seçəcəyini bilmirəm.

Əgər ikinci məhkum cinayəti boynuna alsa,

  • mən də boynuma alsam, 3 illik həbs olunacağam;
  • mən boynuma almasam, 10 illik həbs olunacağam.

Əgər o boynuna alacaqsa, mənə görə də sərfəli seçim boynuma almaqdır.

Olmadı elə, oldu belə, ikinci məhbus cinayəti boynuna almasa,

  • mən isə boynuma alsam, 1 illik həbs olunacağam.
  • boynuma almasam, 2 illik həbs olunacağam.

Yəni, yenə də boynuma alsam, yaxşıdır.

Nəticədə, boynuna alır.

Eyni şeyləri ikinci məhkum da düşünür:

Birinci məhbus boynuna olsa,

  • mən də boynuma alsam, 3 illik həbs olunacağam;
  • boynuma almasam, 10 illik həbs olunacağam.

O boynuna alacaqsa, mən də boynuma alsam daha az həbs olunaram.

Birinci məhbus boynuna almasa,

  • mən boynuma alsam, 1 il
  • mən boynuma almasam, 2 il

Onda, ən yaxşısı boynuma alım.

Beləcə o da cinayəti boynuna alır.

Qəribə də olsa, hər ikisi 3 illik həbs olunurlar, halbuki 2 illik həbs oluna bilərdilər.

Əlavə 3.

Oyun nəzəriyyəsinin məğzini daha primitiv bir nümunə ilə qeyd edək:

Qonşular məhəlləyə su xətti çəkdirirlər. Ümumi razılığa görə, aylıq su xərcini qonşular öz aralarında bərabər miqdarda bölüb ödəyəcəklər. Qonşulardan biri – Famil – düşünür ki, ondan başqa hamı sudan çox istifadə edir, lazım oldu-olmadı bağlarını sulayırlar, hovuzlarını tez doldurub-boşaldırlar. Ödəməyə gələndə isə qonşularla eyni qədər pul ödəyir. Beləcə Famil də sudan lazımından çox istifadə etməyə başlayır.

Getdikcə bütün qonşular bir-birləri haqda bu cür düşünməyə başlayırlar və hamı lazım olandan daha çox sudan istifadə edir və ümumi aylıq ödəniş çoxalır deyə mənzilbaşına düşən ödəniş də çoxalır.

Halbuki, qonşular yığışıb müzakirə etsələr və sudan qədərində istifadə etmək qərarına gəlsələr, pullarını boş yerə sərf etmiş olmazlar.

Amma çox güman ki, yığıncaqdan sonra da Famil “tək əfəl mənəm ki, sudan az istifadə etməyə razılaşmışam, o birilər də yenə gen-bol istifadə etsinlər və onların pulunu mən verim?!” deyərək, sudan çox istifadə etməyə davam edəcək. Elə digər qonşular da.

Son olaraq biri çıxıb desə ki, “birlikdə iş görməyin tək iş görməkdən üstünlüyü atalar sözlərimizdə və hətta “Nar çubuğu nağılı”nda var…

# 8132 dəfə oxunub

Müəllifin son yazıları

# # #