Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinə ayrılan vəsaitin 178,1 milyon manatı və ya 40,6 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyət (kitabxanalar, muzeylər, qoruqlar, mədəniyyət sarayları, evləri, mərkəzləri, teatrlar, musiqi kollektivlərinin maliyyə təminatına) xərclərinə ayrılacaq.
APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.
Layihəyə əsasən, vəsaitin 52,0 milyon manatı və ya 11,9 faizi televiziya, radio və nəşriyyat xərclərinə (“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyi və s.), 55,1 milyon manatı və ya 12,5 faizi bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə (beynəlxalq və respublika səviyyəli idman və gənclər siyasəti tədbirlərinin keçirilməsinə), 154,0 milyon manatı və ya 35,1 faizi bu sahələrdə digər müəssisə və tədbirlərlə bağlı (mədəniyyət sahəsində fəaliyyət göstərən publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı xərclər, qeyri-dövlət təşkilatlarına maliyyə yardımı, diaspora dəstək, Heydər Əliyev Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi və bu qəbildən olan digər mərkəzlərin saxlanılması, Mənəvi Dəyərlərin Təbliği Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və s.) xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.
Eyni zamanda, 2020-ci il dövlət büdcəsində Azərbaycan kinosunun inkişafı ilə bağlı xərclərə 7,5 milyon manat (2019-cu illə müqayisədə 6,0 milyon manat və ya 5,0 dəfə çox), Azərbaycanın mədəniyyəti, tarixi, sosial- iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədilə xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması ilə bağlı xərclərə 6,4 milyon manat vəsait yönəldiləcək.
Qeyd edək ki, gələn il üçün mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinə 439,2 milyon vəsait yönəldiləcək.