Casusluqla bağlı yəqin ki, bilmədiyiniz 10 MƏLUMAT

Casusluqla bağlı yəqin ki, bilmədiyiniz <span style="color:red;">10 MƏLUMAT
8 may 2017
# 14:20

Casusluq tarixi qədim dövrlərə qədər uzanan ən təhlükəli peşələrdən biridir. Kulis.Az casusluq peşəsi ilə bağlı məlumatları təqdim edir.

Tərifdən başlayaq: Casusluq sahibinin icazəsi olmadan gizli məlumatların əldə edilməsi və ötürülməsidir. Məhz buna görə casusluq fəaliyyəti gizlin şəkildə həyata keçirilir.

Casusluq fəaliyyəti üçün xüsusi xidmət orqanları müvafiq insanları seçirlər. Bunun üçün ya casuslara pul ödənilir, ya da hansısa şantaj ilə insanlara casusluq etməyə məcbur qalır. Bəzən isə dövlətçiliyə sədaqətli olan insanlar könüllü şəkildə məxfi məlumatları ötürməyə razı olurlar.

XX əsrin ən məşhur casuslarından biri Bakının Sabunçu qəsəbəsində anadan olan alman Rixard Zorgedir. Bir müddət sonra Berlinə köçərək alman xüsusi xidmətləri ilə əməkdaşlıq edən Zorge marksist olduğuna görə Sovet kəşfiyyatına qoşulmuş, Almaniya və sonralar çalışdığı Yaponiyada qiymətli kəşfiyyat məlumatlarını SSRİ-yə ötürmüşdü. Zorgenin ən qiymətli məlumatı Almaniyanın SSRİ-yə hücum edəcəyi ilə bağlı məlumat idi. Lakin Moskva bu məlumata inanmayaraq qabaqlayıcı tədbirlər görmədi və buna görə də müharibənin ilk iki ili ərzində böyük qurbanlar verməyə məcbur oldu.

Casuslar birmənalı şəkildə ifşa olunduqda adətən casus olduqlarını təkzib edirlər. Onlarla əməkdaşlıq edən qurumlar da əksər hallarda belə bir casuslarının olmadığı bildirir.

Casusluq fəaliyyəti təbii şəkildə qanunlara ziddir. Və buna görə də çox gizli şəkildə fəaliyyət göstərmək vacibdir. Tutaq ki, gizli bir təşkilatın içinə salınan casus təşkilatın terror edəcəyini öyrənir. Bu haqda rəhbərliyi məlumatlandırır. Bəzən casusun ifşa edilməməsi üçün bu məlumat sirr kimi saxlanılır. Xüsusi xidmət orqanları casuslarını ifşa etməmək üçün bəzən qanunları belə pozmaqdan çəkinmir. Onları da başa düşmək lazımdır. Bu gün casus ifşa olunarsa sabah o təşkilatın daha böyük miqyaslı əməlləri ilə bağlı məlumat alına bilməyəcək. Casusların ifşası xüsusi xidmət orqanları üçün az qala rüsvayçı bir şeydir. Amma bu dünyanın bütün xüsusi xidmət orqanlarının başına gələn rüsvayçılıqdır.

Casusluq fəaliyyətinin ən maraqlı prosesi əks kəşfiyyatdır. Daha konkret desək xarici ölkə casuslarının ifşası. Bu həm də ən mürəkkəb prosesdir. Çünki elə xüsusi xidmət orqanının özündə də xarici kəşfiyyata çalışan agentlər ola bilər. Və adətən olur da. Əks kəşfiyyat zabitləri praktikada bəzən xarici kəşfiyyat agentləri də ola bilər. Təsəvvür edirsinizmi? Xarici casusları ifşa etməli olan kəşfiyyatçının özü casusdur. Casus romanlarında belə obrazlara tez-tez təsadüf etmək olar.

Bəzən mətbuatda az qala hamını “casus”, “agent” adlandırırlar. Casusun əhəmiyyəti onun çıxışı olan informasiya mənbələrinin gücü ilə ölçülür. Sadə bir vətəndaşda hansı məxfi məlumat ola bilər ki? Dünyanın ən güclü xüsusi xidmət orqanı sayılan CİA (Central İntelligence Agency) İraq kəşfiyyatının ikinci adamını öz casusuna çevirmişdi. CİA bu cür adamları adətən pul, ya da siyasi dəstək vermək müqabilində ələ keçirir.

Casusluq fəaliyyəti haqqında daha çox məxfi məlumatların əldə edilməsi nəzərdə tutulsa da hamıya açıq məlumat mənbələrini (media, kitablar və s.) təhlil edilməsi də ortaya ciddi məlumatlar çıxa bilər. Əlbəttə, bu elə də asan deyil, lakin peşəkar gözlər yüzlərlə təhrif edilmiş məlumatları düzgün analiz edərək həqiqi məlumatı üzə çıxara bilir.

Casusluğun ən maraqlı növlərindən biri də provokativ agentlikdir. Provokativ casusluğun ən məşhur siması Yavno Azef sayılır. Çar gizli polisinin agenti olan Azef bolşeviklərə qoşularaq onları terror əməllərinə sövq etmiş, polis həbsləri üçün zəmin yaratmışdır. Azef Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Mərkəzi Komitəsinin üzvlüyünə qədər yüksəlsə də ifşa edilmişdir.

İkili casuslar da bu işin mürəkkəb tərəflərindən biridir. Bir xüsusi xidmət orqanının casusu digər xidmət tərəfindən ələ alındığı təqdirdə bəzən bu haqda ilk iş yerinə məlumat verir. Bununla da zərərsiz, ya da yalan məlumatları qarşı tərəfə ötürərək onları aldadır, yanlış əməliyyatlara sövq edir, izləri azdırır. Bu çox mürəkkəb fəaliyyətlə məşğul olmaq yüksək dərəcədə professionallıq tələb edir.

# 1087 dəfə oxunub

Müəllifin son yazıları

# # #