Tanınmış alim: “Primakov qalmaqalı başımıza ona görə gəldi ki...”

Tanınmış alim: “Primakov qalmaqalı başımıza ona görə gəldi ki...”
1 noyabr 2019
# 13:15

Bu günlərdə Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində “Yevgeni Primakov: İnsan və siyasətçi” adlı sərgi keçirildi. Sərgidən bir neçə gün əvvəl isə Rusiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakı Slavyan Universiteti ilə birgə Y.Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı esse müsabiqəsi keçirilib.

Bu xəbəri sıradan olmağa qoymayan bir cəhət var: Y.Primakov yaddaşımızda 1990-cı ilin 20 Yanvarında Bakıya sovet qoşunlarının yeridilməsini SSRİ Müdafiə naziri Dmitri Yazovla birgə həyata keçirən şəxs kimi iz salıb.

Onunla bağlı keçirilən tədbirlərə güclü də olmasa təpkilər oldu. Sosial şəbəkədə təxminən “Bu tədbirlər bir test kimi bizi yoxlayır”a kimi bir fikir də dolaşdırdı. Bizim “Primakov məsələsi”nə bu cür münasibətimiz nədən qaynaqlanır?

Suala tarixçi-mədəniyyətşünas Aydın Əlizadə “Kulis”ə açıqlamasında cavab verib:

“Köklərimizdən aralanma var. Buna da səbəblər var. Birinci səbəb maddiyyatçılıqdır. Müasir zamanda görürük ki, hər bir insan maddiyyata bağlıdır, öz qazancını, xeyrini güdür. Əsas səbəb budur. İkinci səbəb kosmopolitizmə meyllilik, kosmopolitizmin təbliğidir. Rustəhsillilik, rusdillilik çox yayılır. Bu da kosmopolitizmə gətirib çıxarır. İnsan rusca düşünürsə, rusca danışırsa onun düşüncə qəlibləri də rus kimi olur. Ona görə də Primakova və Primakov kimilərə yadlıq hiss etmirlər, öz doğmaları kimi qəbul edirlər. Bu, ikinci bir faktordur.

Aydın müəllim daha sonra əlavə edib:

“Son vaxtlar milli istiqamət çox az inkişaf edir. Hamı beynəlmiləlçilikdən, dünyəvilikdən, dünyaya qovuşmaqdan danışır, bunlar hamısı olmalıdır, təbii ki. Amma ruslarla məsələ başqadır. Rəsmi rəqəmlərə görə Rusiyada 700 min azərbaycanlı yaşayır. Artıq rus düşüncəsi, rus təhsili, rus tərbiyəsi Rusiyada yaşayan Azərbaycan ailələrində çox yer alıb. 700 min azdır bəyəm? Görün, nə qədər rusiyaçı var. Bu da azmış kimi, ölkənin içində də rus təhsilini, rus dilini üstün sayırlar. Sonra da Primakov məsələləri ortaya çıxır. Mən o zaman sizin verilişinizdə olmuşdum. O zaman orada da demişdim ki, rustəhsillilik çox böyük problemlərə gətirib çıxarır. Həmin bu Primakov məsələsi onun birinci simptomudur. Artıq millətdən ayrılma prosesi dərinləşib. Bunun daha pis nəticələri olacaq. Siz baxın; Ukraynada Ukrayna dövlətinə qarşı Donbasda vuruşanların bir çoxu heç rus deyil, ukraynalıdır. Sadəcə, rus düşüncəli, rus tərbiyəli ukraynalılardır, artıq yetişib Ukrayna dövlətinə qarşı çıxıblar. Bu təhlükəli bir prosesdir.”

A.Əlizadə rusdilli təhsillə bağlı yaranan digər problıemləri də təhlil edərək qeyd edib ki, 100 minə yaxın azərbaycanlı öz uşaqlarını rusca təhsilə yönəldib:

“Bakıda az qala bütün məktəblərdə rus bölməsi açılıb. Mən rus dilinə qarşı deyiləm, mən rus təhsilinə və rus düşüncəsinə qarşıyam. Çünki bu, Azərbaycan dövlətçiliyinə ziyan gətirə bilər. Rusiya ilə münasibətlər təbii ki, gözəl olmalıdır, rus dilini də bilməliyik. Amma bu o demək deyil ki, biz ruslaşmağa başlayaq. Siz baxın görün ki, əslində bizim ziyalı təbəqəsi ya rusdillidir, ya da ziyalılığa çatan kimi uşaqlarını rusdilli edir. Bunun qarşısını almalıyıq. 30 ildir müstəqilik. Nə ermənilərdə, nə gürcülərdə belə bir şey yoxdur. Ona görə bizdə Primakov sərgiləri keçirilir.”

# 1830 dəfə oxunub

Müəllifin son yazıları

# # #