Keçmiş sevgilini necə unutmalı? – ELMİ ANALİZ

Keçmiş sevgilini necə unutmalı? – <span style="color:red;">ELMİ ANALİZ
31 oktyabr 2016
# 09:00

Kulis.Az Fuad Rüstəmzadənin “Beyinin neyroplastikası” yazısını təqdim edir.

Əvvəllər alimlər düşünürdülər ki, uşaqlıq dövrü keçdikdə insanın beyni tam formalaşır və daha sonra dəyişikliyin baş verməsi qeyri-mümkün olur. Daha sonra, müasir zamanın araşdırmaları göstərdi ki, beyin istənilən yaşda dəyişikliyə uğraya bilər. Bu dəyişiklik bir neyrona və ya bütün neyronlar qrupuna aid ola bilər.

Beyinin strukturunun dəyişməsi bir çox amillərdən asılı ola bilər. İnsult, fiziki və ya psixoloji travma, meditasiya, musiqi ilə məşğul olma və sairə kimi şeylər strukturun dəyişməsinə gətirib çıxara bilər. Məsələn, neyroplastika sahəsində inkişaf nəticəsində insultdan sonra reabilitasiya məqsədi ilə işləməyən əlin yenidən işləməsi üçün beyində yeni neyron birləşmələri yaratmaq mümkün olmuşdur. Beynimizin bu xüsusiyyəti, adi həyat hadisələrində də bizə çox təsir edir. Əgər hər dəfə dənizə gedərkən sizdə romantik əhval yaradan musiqiyə qulaq assanız, beyninizdə buna uyğun neyron bağları yaranacaq və daha sonra hətta mahnı olmasa belə, dəniz gördükdə, əhvalınız romantik rəng alacaq. Əvvəlcə bu bağlar zəif olur, amma daha sonra dəfələrlə təkrarlandıqca, bağlar güclənir və uzunmüddətli təsir saxlayır. Kanadalı nevro-psixoloq Donald Hebb bu barədə “Birgə başlayır, birgə dolaşırlar” - fikrini demişdi. Daha sonra bu neyronları ayırmaq çətin olur.

Köhnə düşüncələrdən, ağrı verən xatirələrdən azad olmaq üçün, koqnetiv psixoloqlar məsləhət görürlər ki, xəstələr yeni davranışlara başlayaraq, beyində yeni neyron yolları açsınlar və o yollar addım-addım daş-qalaq yolundan, sürət yoluna çevrilsin. Beləliklə, yeni yollar işlək vəziyyətə gəldiyi üçün, köhnə yollar gözdən itəcək, keçmiş sevgilinizin adı unudulacaq, acılı xatirələr silinəcək.

Əzələlərə dair təcrübələr onu göstərdi ki, pianino ilə ilk gün məşğul olan adamın beynində barmaq əzələlərinə aid kiçik hissə aktiv olunurdusa, beş gün sonra neyronlar daha çox hissəni zəbt etməyə başlayırdı. Hətta təcrübələr zamanı təəccüb doğuracaq məqam da olmuşdu. Belə ki, hətta düşüncələrində piano ifa edən insanın beyni, öz bacarıqlarını demək olar ki, eyni səviyyədə inkişaf etdirirdi.

Meditasiya beyinin strukturunun müsbət tərəfə dəyişilməsində ən asan yollardan biridir. Davamlı meditasiya edən insanın emosional kontrolu güclənir, diqqətə cavabdeh ərazi böyüyür, yaddaş düzəlir, qorxu və nifrət hissləri öz gücünü itirir.

Görmə, eşitmə və ya müvazinət hissini itirən insanlara kömək edəcək texnologiya neyroplastika sayəsində güclü inkişaf yolu keçib. Məsələn, görmə qabiliyyətini itirmiş bir insanın belinə vibrasiya verən cihaz bağlayaraq ona qarşısında olan hər əşyaya uyğun vibrasiya ilə siqnal ötürürlər. Bir müddət keçdikdən sonra, beyin həmin siqnalları görüntüyə çevirməyi öyrənir. Daha sonra həmin adam başında kiçik kamera və belindəki siqnal ötürücü cihazla küçəyə çıxarkən, az faiz olsa belə, görə bilir. Gözləri görməsə belə.

Hər gün nə etdiyinizə diqqət edin. Bu gün etdikləriniz sizi insan kimi addım-addım yaradır. Yaradıcılıq dayanmayan prosesdir və siz onu idarə edə bilərsiniz.

# 1445 dəfə oxunub

Müəllifin son yazıları

# # #