Xoşbəxt şəkillərimizə qayğılar çökür... - Fərid Hüseyndən yeni şeir

Xoşbəxt şəkillərimizə qayğılar çökür... - Fərid Hüseyndən yeni şeir
6 noyabr 2019
# 12:01

Kulis.Az tanınmış şair, "Bir şeir" yarışmasının qalibi Fərid Hüseynin atasına həsr etdiyi "Bitməz gün" şeirini təqdim edir.

Səhər


Sübhdü – sənin yoxluğunun səhər çağıdı:
hələ tənbəl-tənbəl oyanırıq sənsizlikdən,
gözlərimizi ovuruq yoxluğunun əlləriylə,
sönmüş müharibənin tüstüsü çəkilməyib ölkədən.

Sübhdü – sənin yoxluğunun səhər çağıdı:
Yatağına – anamın yanına su kimi dolmuşam,
o isə gələcəyimizi düşünə-düşünə alnımdakı ahdan öpür.
Dostlarının etibarını qayğılarımızla ölçürük,
hələ bizi sənə oxşadan adamların sayı çoxdu,
anamın əlindən tutub gələcəyə keçirik.

Sübhdü – sənin yoxluğunun səhər çağıdı:
arzularımızı mumyalamışıq,
ümidlərimizi soyuducu könlümüzdə dondurmuşuq.
Hələ hər kəsin yaddaşı yerindədi, –
hamı səni olduğun kimi xatırlayır.
Özümdən böyük qablarla su daşıyıram,
bədənimin bütün xəritəsindən tər axır.

Sübhdü – sənin yoxluğunun səhər çağıdı:
Hələ kasıblıq təcrübəsi qazanıram, –
qarpızı kəsdirib alıram,
qələmi yoxlayıb alıram,
kaseti oxudub alıram.
Qurban bayramlarında ətlə,
Novruzda sovqatla ürəyimiz açılır,
özgə evlərindən toplanır sevincimiz
və mən hələ Allahı əliaçıqlığından tanıyıram.

Sübhdü – sənin yoxluğunun səhər çağıdı:
Nənəmin dilindən ümid damcılayır könlümə:
sonra damlalar toplanıb olur hikmətli bir dərya:
“Allah kimi darda qoyub ki bizi də darda qoya?!”

Sübhdü – sənin yoxluğunun uşaq çağıdı:
imperiya günəşi təzəcə sönüb ölkəmdə,
azadlıq lampasının başına yığışmışıq,
üz-gözümüz kasıblıq hisindən qap-qara,
əlimiz nöyütlü,
yaş odundu xəyallarımız, –
könül sobamızda asta-asta yanır,
amma sümüyümüz qızmır ki qızmır.


Sübhdü – sənin yoxluğunun uşaq çağıdı:
Hələ ehtiyacdan bir hovur gizlənmək üçün
əl damındakı dəmir-dümürünü,
ov alətlərini satmamışıq,
hələ torpağın üzü soyumayıb,
hələ göz yaşımız sinəmizi yandırır,
nə vaxt ağlasam, anam məni qucağına alır –
Allaha sarı qaldırır...


Günorta


Günortadı – sənin yoxluğun qızmar vaxtıdı:
artıq haqqında çoxdanki adam kimi danışırıq,
yaşaya bilmədiyin günləri bir-birimizə paylayırıq –
hər övladına neçə arzu, neçə ümid düşür,
anam xörəklər kimi ömrünü də ədalətlə bölüşür...

Günortadı – sənin yoxluğunun oğlan çağıdı:
anam təmizkar bir gəlinidi payızın,
sübhdən süpürür sənli günlərin xəzəllərini,
o, bir yandan yığır, ömür bir yandan tökür,
sevincin qanı qaçıb üzümüzdə, ata.
xoşbəxt şəkillərimizə qayğılar çökür...

Günortadı – sənin yoxluğunun qızmar vaxtıdı:
sevincimiz idman sevincləritək tez ötür.
Allah bizi çiyinlərimizdən çəkib böyüdür.

Günortadı – sənin yoxluğunun qızmar vaxtıdı:
mən “rəhmətliyin oğlu”, bacım “rəhmətliyin qızı”dır,
nənəmsə qocaman bir rəngsazdır –
könlümüzü ümidlərlə boyayır.

Günortadı – sənin yoxluğunun oğlan çağıdı:
anam bir almadı ki, bir üzü qız, bir üzü gəlin,
soyuq günlərdə dolmuş buludları qovur göylərdən,
haqqın dərgahına uzanan yorğun əlləri.


Axşam


Axşamdı – sənin yoxluğunun zülmət çağıdı:
anam bir zəhmət heykəlidi qayğı şəhərimizdə,
həyat bir xəstədir ki, çətinliklərimizlə ağırlaşır halı,
qayğılarımızla birgə böyüyür anamın xəyalları.
Anam həm də bir xəyal körpəsidir:
bizimlə gələcəyə “iməkləyir”, sabaha yüyürür...
Hər müşkülümüz bir əcəl məqamıdır,
ehtiyaclar “əzrail” kimi əliboş geri dönmür.

Axşamdı – Sənin yoxluğunun zülmət çağıdı:
çoxdan əzbərləmişəm kişi işləri görən anamın kölgəsin,
buxar istisiylə qarsıyıb üzümü həyatın nəfəsi.
Axşamdı – Sənin yoxluğunun zülmət çağıdı:

Bir xəstəxana qapısında,
zindan divarları arasında,
bir məhkəmə salonunda,
dayanıb baxdım uzaqlardakı məzarına.
çarəsizlik əllərimi cibimə saldı,
çiyinlərimi çəkdi,
İkimiz bir adam olduq onda – kölgən kölgəmə bələndi.

Axşamdı – sənin yoxluğunun ahıl vaxtıdı:
fotoalbomuna baxıram,
əsgərsən, nişanlısan, evlisən,
zəhmətə öyrəşmiş ömrümün alın tərisən.

Axşamdı – sənin yoxluğunun ahıl vaxtıdı:
qayğıların dumanından göz-gözü görmür,
təkliyimin qoxusunu çəkirəm canıma,
ata, sənsizlik dolub divar saatıma,
ömür saatıma,
qol saatıma.

Axşamdı – sənin yoxluğunun zülmət vaxtıdı:
həyat bizim üzümüzə qayğı cığırları,
sənin məzarına şaxta çatları salıb,
şükür, əllərimiz çörəyə çatıb
və daha anamın ovcundakı zəhmət qırışları,
“Allah” sözünün altında qalıb.

# 3003 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #