Ramazanın müqəddəsliyini göstərən əsərimiz yoxdur - Sorğu

Ramazanın müqəddəsliyini göstərən əsərimiz yoxdur - Sorğu
4 iyun 2019
# 21:00

Azərbaycan ədəbiyyatında dini bayramlar epizodik motivlər kimi diqqət çəkir. Məhərrəmlik ayı, Qurban bayramı, Ramazan bayramı, Novruz bayramı və s. motivlərə bütünlüklə əsərlər həsr olunmasa da klassik ədəbiyyatımızdan tutmuş bu günədək şair və nasirlərin yaradıcılığından keçir.

Ramazan ayı xalqımız üçün xüsusi ay olsa da ədəbiyyatda ibadət ayının təcəssümünün hansı səviyyədə olması maraq doğurur. "Müzakirə”mizdə maraqlı fikirlərlə qarşılaşdıq.

Klassik ədəbiyyatdan gələn ənənə

Ramazanın yaddaqalan ay olduğunu deyən ədəbiyyatşünas Firudin Qurbansoy bildirdi ki, mənası ərəbcə tərcümədə "yandırmaq” deməkdir:

"Yəni insanın içində olan pislikləri, acgözlüyü yandırmaq. Çünki bu müddət ərzində insan təkcə qida ilə özünü sınamır, eyni zamanda baxışları ilə harama baxmamaqla, nitqi ilə qeybət etməməklə pislikləri yandırır. Yəni Ramazan ayı insanın müsbət keyfiyyətlərini artıran bir aydır. Bu baxımdan, müqəddəs sayılır. Digər tərəfdən, ən gözəl dini bayram kimi xüsusi önəm daşıyır. Qurban bayramı, Peyğəmbərin mövludu, imamların mövludu və s. günlər də bayram kimi keçirilir. Ancaq Ramazanın qeyd olunması bu günlərdən xüsusi fərqlənir. Çünki Qurani-Kərim bu ayda nazil olub”.

Klassik ədəbiyyatımızda da ramazaniyyələrin yazıldığını deyən ədəbiyyatşünas bildirdi ki, şairlər Ramazanın fəzilətlərini bu qəsidələrdə göstərirlər. Peyğəmbərin meracı, Allahla görüşü, cənab Cəbrayıl vasitəsilə ona deyilən ayələri insanlara çatdırmaq və s. ramazaniyyələrdə məcazlar şəklində xalqa bildirilib.

Ədəbiyyatşünas vurğuladı ki, bu ramazaniyyələr Ramazan ayında da oxunub:

"Təsəvvür edin ki, Əbdülqadir Marağayi "Mən Ramazan ayında hər gün təzə musiqi bəstələyə bilərəm” deyirdi. Ramazandan öncə hər gün təzə bir musiqi ifa edir və deyir ki, bu musiqini bu gün yazmışam. Yanındakılar "bu, mümkün deyil” deyərək inanmırlar. "Əgər inanmırsınızsa, sabahdan Ramazan ayı başlayır. Hər biriniz mənə bir şeir verin, mən onları məclisdə ifa edim” - deyə Marağayi bildirir. Beləcə, 30 şeir yaranır. O, bu şeirlərin hər birini hər gün təzə melodiya ilə ifa edir. 30-cu gün – yəni Ramazan bayramı günü hamısını bir yerdə dəsgah şəklində ifa edir. Tarixdə Ramazanla bağlı belə məqamlar olub. Ona görə, Ramazan xalqın taleyinə yazılan müqəddəs bayram kimi qeyd olunur. Bu bayramda hər bir kəs özünü sınaqdan keçirir. Yəni mən Allahın sınaqlarına hazıram və layiqəm. Yəni Allah məni sınadı, dedi ki, oruc tut, mən də tutdum. Orucu açanda da "Allahım sənə güvəndim, sənə görə oruc tutdum” deyirlər. İnsan özünü Allaha daha yaxın hiss edir. Bu baxımdan, ədəbiyyat adamlarının da Ramazana münasibəti xüsusi olub. Onlar klassik ədəbiyyatdan yaranan ənənəni davam etdiriblər. Bu gün də bu ənənə zəif olsa belə, davam edir”.

Nəfsdən qurtulub bayram etmək

Şair Arif Buzovnalının fikrincə, ədəbiyyat adamı əlinə düşən hər bir materialdan istifadə etməyi bacarmalıdır. Xüsusən, əgər klassik ədəbiyyatdan hansısa fikri bildirirsə, mütləq materiallardan yararlanmalıdır:

"Məsələn, klassik ədəbiyyatda Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı mövzularına toxunulub. Aşiqanə mövzudursa, Novruzun, baharın gəlməsi, həyatın dəyişməsini təsvir edərkən bir az giley edib. "Novruz gəldi, bahar gəldi, hər şey dəyişdi, ancaq mənim bəxtim açılmadı” və ya əksinə, baharı tərənnüm edib. Ramazanla da bağlı eyni mövzudur. İnsanlar oruc tutublar, ibadət ediblər, Quran yer üzünə nazil olan aydır, hər kəsdə bir bəxtəvərlik, sevinc var. Ancaq Allaha yetişmək istəyən aşiqlər və ya irfan ədəbiyyatında olan ariflər üçünsə yenə o sevinc yoxdur. Səbəbi odur ki, aşiqlər öz məşuquna yetişmədi. Ona görə də hicran yenə davam edir”.

A.Buzovnalı bildirdi ki, Ramazandan satirik mövzuda da çox istifadə olunur. Belə ki, Məhəmməd Füzulinin, Nəsiminin yaradıcılığında yüngül kinayə ilə verilir:

"Klassik şairlər insanların bayram etməsini, üzünün gülməsini, ibadəti yerinə yetirib Allahın qarşısında borcdan çıxdığını göstərməklə bərabər, aşiqanə kiçik gileylərini ediblər. Onların gileyi ondan ibarətdir ki, aşiqin yetmək istədiyi nöqtə məşuqudur. Bəndənin yetmək istədiyi Allahdır. Bu baxımdan, nə qədər ki, insanın bədəni var, nə qədər ki, bədənində nəfsi var, nə qədər ki, bu nəfsi cilovlaya bilmir, sanki o bədəndən qurtulmaqla bayram etmək olar. Ramazanın klassik ədəbiyyatda bir mənası nəfsdən qurtulub bayram etməkdir. İnsan yaşadığı müddətdə tam nəfsdən qurtula bilməz. Gərək cismi təhvil versin ki, ruhu qurtulsun. Bu mənada Ramazan sanki nəfsdən az bir müddətə, kiçik, epizodik qurtulmaq deməkdir”.

Şair bildirdi ki, cəmiyyətə "daş atmaq” Sabirin, Seyid Əzimin yaradıcılığında daha qüvvətlidir. Onlar cəmiyyətə bir növ dərs vermək üçün "Siz guya nəfsinizi cilovladınız, guya bir ay müddətinə yemədiniz, içmədiniz, Allahın əmrinə tabe oldunuz, ibadət etdiniz, amma bir ay keçəndən sonra bunlar yadınızdan çıxdı. Sanki bu, sizin üzərinizə bir zaman kimi qoyulmuşdu və o zamana riayət edəndən sonra yenə də cəmiyyətdə hərc-mərclik başladı. Yəni bu müddətdə sizin üçün Allah var, sonra Allah yadınızdan çıxır” demək istəyiblər. Sabir və Seyid Əzim yalnız bu yolla cəmiyyəti oyatmaq, maarifləndirmək istəyib. Cəlil Məmmədquluzadə də, Üzeyir Hacıbəyli də satirik baxımdan bu mövzulara toxunub. Onlar mövzuya cəmiyyətdə baş verən müəyyən prosesləri düzəltmək naminə yanaşıblar. Bayramın özü, əhval-ruhiyyəsi, ümumiyyətlə, İslamda böyük bayramlardan biri olması, insanla Tanrı arasındakı rabitənin gücləndirilməsi mövzusu onsuz da işlənib, amma əsas nöqtələr bu mövzunun, fikirlərin söylənilməsi üçün bəhanə olmasıdır. Yəni şair bundan daha çox bəhanə, əlinə düşən imkan kimi istifadə edərək öz fikirlərini bildirir. Həm Ramazanın tərifi, insanlara, cəmiyyətə xeyirli olması baxımından, həm də ayrı-ayrı insanların, aşiqlərin qəlbindəki arzuların həyata keçməməyini giley kimi ifadə ediblər. Həm də satirik mövzuda yazaraq, Ramazanla hər şeyin bitmədiyini, Ramazanın adından istifadə olunduğunu, bu ibadətin şəxsi ibadət olduğunu qeyd ediblər. İnsanların Ramazandan şəxsi mənfəət götürmələri əvəzinə, onu ictimailəşdirib, cəmiyyətdən, insanların avamlığından istifadə etmək kimi qələmə alıblar”.

Bir obraz və ya hadisə kimi mifləşməlidir

Ədəbiyyatşünas alim Rüstəm Kamal hesab edir ki, xristianlardan fərqli olaraq bizim ədəbi-genetik yaddaşımızda bayram-süjet yaradıcı element kimi fəal iştirak etmir. Xristianlarda isə Dostoyevskiyə, Çexova qədər peyğəmbərin mövludu ilə bağlı hekayələr var. Yəni rus, ingilis yazıçıları bu bayram münasibəti ilə "Müqəddəs hekayələr” yazıblar və vaxtilə bu, xristianlarda bir janr formasına çevrilib:

"Bunlar pozitiv enerjili hekayələrdir. Azərbaycanda isə din daha çox Aşura kultu olduğuna, Kərbəla faciəsi, xüsusən də şiəlik Azərbaycan ədəbiyyatında və mədəniyyətində üst yerə gəldiyinə görə, bizdə İslamla bağlı yeganə sakral gün Aşura günüdür. Aşura da bütün sualları, süjet elementlərinin hamısını əvəz edib. Ona görə də, Ramazanla bağlı bizim klassik ədəbiyyatda müəyyən elementlər olsa da, təəssüf ki, Ramazanın gözəlliyini, fəlsəfəsini, müqəddəsliyini, kutsal mahiyyətini insanlara çatdıra biləcək müstəqil əsər bu günə qədər yazılmayıb. Sovet dönəmində də heç yarana bilməzdi. Ateizmin tüğyan etdiyi, məscidlərin yıxıldığı, din xadimlərinin güllələndiyi bir dönəmdə Ramazan ayrıca, qabarıq bir mövzuya çevrilə bilməzdi. Təəssüf edirəm ki, bu mövzu - Ramazanın dini, ilahi mahiyyəti, kosmik miqyası bizim əsərlərdə öz təcəssümünü tapmayıb. Ancaq Sabirin "Turdum orucu irəmazanda, qaldı iki gözüm qazanda” qafiyəsini bilirik. Bununla da demək istəyirlər ki, klassik şairimiz görün nə əziyyət çəkib və sovet dövrü bizə nələri bəxş edib”.

R.Kamal qeyd etdi ki, Novruz bayramı bizim şeirimizdə, nəsrimizdə motiv kimi fəal iştirak edir. Ramazan isə yaddaşımızda Türkiyədən fərqli olaraq, bayram kimi yaşanılmır:

"Bu da şiəliyin, Aşura gününün ritual yaddaşımızda üst mövqeyə malik olmasının təsiridir. Təəssüf ki, Ramazan sevinci deyilən emosional qat nə bizim şeirimizdə, nə nəsrimizdə yer alıb. Buna yalnız təəssüflənmək olar. Bununla belə, bu mövzunu yazıçılarımıza sifariş vermək olar. Bu mövzuda uşaqlar, yeniyetmələr üçün silsilə hekayələr yazıla bilər. Ramazanın fəlsəfəsini, mənasını anlada biləcək əsərlər yazmaq olar. Lap həmin əsərlər bir az maarifləndirici olsun. Ramazan bir obraz və ya hadisə kimi mifləşməlidir ki, bədii mətnə də çevrilə bilsin. Bizdə Ramazan mifləşmə mərhələsini çox zaman keçmir. Sadəcə, təqvimin bir hissəsi kimi gəlib keçir”.

Daha çox birlikdən və sevgidən

Gənc şair Ümid Nəccari Cənubi Azərbaycan ədəbiyyatında Ramazan mövzusuna çox nadir toxunulduğunu qeyd edir. Belə ki, Cənubda yaranan ədəbi dalğa dindən bir qədər uzaqda dayanır:

"Onların mövzuları daha çox birlikdən, sevgidən olur. Bununla belə, dini mövzular, məsələn, Ramazan bayramı mövzusu ilə bağlı müsabiqə elan olunur və mükafat təyin edilir. Buna yalnız dini baxımdan yanaşılır. İslam istiqamətli yazarlar öz yazdıqlarında bu mövzuya toxunurlar. Ancaq türk dilində yazan azad yazarların arasında bu cür yarışmalara qatılanlar olmur”./artkaspi.az/

# 2299 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #