Nazirlər Kabineti "Salaam Cinema" ilə bağlı müraciət edib

Nazirlər Kabineti "Salaam Cinema" ilə bağlı müraciət edib
3 iyun 2019
# 13:43

Nazirlər Kabineti Bakı şəhəri Süleyman Rüstəm küçəsi 10 ünvanındakı "Salaam Cinema"nın yerləşdiyi tarixi bina ilə bağlı rəy vermək üçün AMEA-ya müraciət edib.

Bu barədə ONA-nın sorğusuna cavab olaraq Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Sorğuya cavabda bildirilib ki, xalqımızın keçmişini özündə yaşadan, əsrlərin sınağından çıxmış qədim tarixi-mədəni abidələrimizi qoruyaraq gələcək nəsillərə çatdırmaq hər birimizin ən ümdə vəzifəsidir. Bu gün mədəni irsimizin qorunması, inkişafı və təbliği istiqamətində Azərbaycan höküməti tərəfindən təxirəsalınmaz tədbirlər görülür, bu sahədə vəziyyət daim diqqət mərkəzindədir: "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü siyahısına əlavələr edilməsi ilə bağlı Nazirlər Kabinetinə mütəmadi olaraq müxtəlif dövlət qurumlarından müvafiq təkliflər daxil olur. Həmin təkliflər Nazirlər Kabinetində qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə digər səlahiyyətli dövlət orqanlarının da rəyi nəzərə alınmaqla nəzərdən keçirilir. Bakı şəhəri Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən tarixi bina artıq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yeni aşkar olunan tarixi abidələr siyahısına salınıb. Mədəniyyət Nazirliyi eyni zamanda bu binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması təşəbbüsü ilə Nazirlər Kabinetinə müraciət edib. Nazirlər Kabineti qanunvericiliyə uyğun olaraq bu təklifə zəruri rəy verilməsi üçün Azərbaycan Respublikası Milli Elmlər Akademiyasına müraciət ünvanlayıb. Tarixi bina ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınaraq müvafiq qərar qəbul ediləcək”.

# 2217 dəfə oxunub

Müəllifin son yazıları

# # #