Azərbaycanlıların kütləvi söyüş söydüyü yerlər – Siyahı

Azərbaycanlıların kütləvi söyüş söydüyü yerlər – Siyahı
22 may 2019
# 14:12

Kulis.az Azərbaycanlıların kütləvi söyüş söydüyü məqamların siyahısını təqdim edir.

Deputat hardasa absurd açıqlama verəndə

Sağ olsunlar, hər dəfə xalqımızı bu açıqlamalarla “sevindirirlər”. Söyüşün biri bir qəpik, camaat da kasıb. Söyməkdən başqa nə etsinlər ki? Bir neçə gün ünvanına söyüş söyülən deputat açıqlaması yavaş-yavaş öz təravətini itirir. Adamlar artıq daha absurd açıqlama verən deputatın axtarışına çıxırlar.

Efirdə homoseksual görəndə

Kim ki televizoru açır, söyür. Tək homoseksuallarla bağlı deyil bu. Amma əsasən kütlə onları söyməkdən həzz alır. Müğənni, aparıcı və digər qonaqlar – biabırçılığı ənənə halına çevirənlər – sonrakı söyüş hədəflərindəndir.

Futbola baxanda

Xüsusən hakimin ədalətsiz qərar verdiyi məqamlarda. Yaxud da azarkeşlik etdiyin komandanın oyunçusu real qol vəziyyətindən yararlana bilməyəndə söyüşdən qulaqlar tutulur. Hələ bunun rəqib komandanın güclü oyunçusuna söyüşləri də var.

Sosial şəbəkədə radikal, fərqli fikir oxuyanda

Fərqi yoxdur, kim olur-olsun, qeyri-adi, radikal, fərqli fikir yazıbsa, vəssalam, söyüşün qapısı açıqdır. Burda hətta söyüş yarışı başlayır. Kim daha yaxşı və daha istedadlı söymək üçün dəridən-qabıqdan çıxır. Axırı statusu yazanın peşmançılığı və üzr postu ilə yekunlaşır.

Düşmənin xoşbəxt şəkillərini görəndə

Həssas məsələdir. Hardasa rastımıza çıxanda özümüzü saxlaya bilmirik. Olur belə şeylər. Yəqin bütün düşmənlərin bir-birinə münasibəti belədir.

Vəzifəli adamlara yaltaqlananlara

O vəzifədədir, sənə nə olub? Nə əyirsən boynunu? Dik dura bilmirsən? Sizə o söyüşlərin təmizlənmiş variantını təqdim etdik. Əslində yaltaqlanan adamlara dözümümüz yoxdur. Düzdü, hamı yaltaqlananları söyür. Və o zaman ənənəvi sual doğur: Bəs bu qədər yaltaqlanan kimdir?

Tıxacda

Sürücülərin söyüş söydüyü ən mühüm və strateji yerlərdən biri. Hələ kimsə keçiddən tez keçmirsə o zaman da söyə bilirlər, amma nisbətən az. Tıxacda isə söyüşün qabağını kim ala bilər. Maşın siqnal səsləri ilə söyüşlərin yaratdığı bəstəni xəyal edin bir anlıq, biz də keçək növbəti abzasa...

Maşın sürətlə yanından ötəndə

Ümumiyyətlə, yol ciddi məsələdir. Bayaq tıxac dedik. Yolda söyüş stressdən azad olunmağın yeganə vasitəsidir. Piyadasan, yanından maşın sürətlə keçir və söyürsən. Bu, çox normaldır. Hansımız söyməmişik ki?

Yatmaq vaxtı fəhlələrin səs-küyünə

Bir də gördün gecənin tünd vaxtında səs-küy düşüb. Deyirsən, bu nə səsdir belə, durub əynini geyinirsən. Elə bilirsən, üst mərtəbədəki oğlan evə qız gətirib, bərabər kitab oxuyurlar. Yuxudan key durduğun üçün hər şey sonradan sənə aydın olur: gurultu salan fəhlələrin laqondası imiş.

Avtobus saxlayanda və saxlamayanda

İşə tələsirsən, avtobusa minmisən və sürücü dayancaqdan kənarda müştəri ovuna çıxıb. Əsəblərin relsdən çıxır, söyüş içini didib-parçalayır və nəhayət, özünə yol tapıb ünvanına tuşlanır. Yaxud da dayancaqda gözləyirsən, avtobus gəlir, ancaq saxlamır. Belə yerdə söyməkdən başqa bir əlacın qalmır.

Zibil atanlar

Image result for zibil atma

Özü də bu söyüşlər yazılı şəkildə özünü büruzə verir. Divarlarda bu janrda yazılmış söyüşlərə tez-tez rast gəlirik. Bəzən söyüşün altına başqa birisi də söyüşlə cavab yazır. Bu şəkildə divarlarda qarşılıqlı söyüşlər alt-alta düzülür.

Əsgərlik

Related image

Gedənlər bilir, getməyənlərə deyək: orda söyüşsüz bir dəqiqə belə keçmir. Qadınların izi görünməyən yerdə kişilərin söyüşdən başqa nəyi var ki? Söyməyəndə də sənə qəribə baxırlar. Axına qoşulmasan, yüz faiz o söyüşlərin yiyəsi sən olacaqsan. Ona görə də söy getsin...

Çayxana

Ağız deyəni qulaq eşitmir. Kimin ki söhbəti var, ən yaxşı həll olunası yer çayxanadır. Hər yerdə kişi var və söymək azaddır.

BONUS

Bayram Nurlu və Kəramət Böyükçöl

Bunları söymək üçün hər hansı səbəb lazım deyil. Şəkillərini görsəniz, bəsdir. :)

# 3537 dəfə oxunub

Müəllifin son yazıları

# # #