Mustafa Məstur İranda çap olunmaqdan imtina etdi

Mustafa Məstur İranda çap olunmaqdan imtina etdi
23 yanvar 2018
# 12:13

İranın Mədəniyyət və İslami Orientasiya Nazirliyi müasir İran ədəbiyyatının ən tanınmış simalarından biri olan Mustafa Məsturun sonuncu romanının çap olunmasına razılıq verməyib. Rəsmi qurum bunu senzura qaydalarının pozulduğu ilə əsaslandıraraq "Çeşmə” nəşriyyatına xəbərdarlıq edib.

Romanın çap edilməsinə yalnız düzəlişlər olunacağı halda icazə verilə bilər.

"Eşq və digər şeylər” romanının müəllifi bu qərara kəskin etiraz edib. Mustafa Məsturun bəyanatında deyilir: "Mən çıxışlarımda, müsahibələrimdə dəfələrlə senzuranın heç kimə, heç nəyə faydasının olmadığını demişəm. Çünki ixtisar etməklə, düzəltməklə, hətta bir kitabın çapına qadağa qoymaqla da cəmiyyətin hərəkət istiqamətini zərrə qədər də olsun dəyişə bilməzsən. Kitabların çap edilməsinə, senzuraya məsul olan məmurlar ən yüksək səviyyədə belə kitabların cəmiyyətin mədəniyyətindən gəldiyini anlamaq istəmirlər.

Senzura mümkün olası bir şey deyil. Təkcə ona görə yox ki, kütləvi informasiya vasitələri, sosial şəbəkələr çox inkişaf edib və senzuraya məruz qalmış bu və ya digər mətni əldə etmək olduqca asanlaşıb. Çox sadə bir səbəbi var: Bir neçə cümləsini, hətta bir neçə səhifəni belə ixtisar etməklə mənaları bircə-bircə kəlmələrin, sətirlərin altında gizlənmiş, ilmə-ilmə toxunmuş bir kitabın səsini boğa bilməzsən! Senzuraya iman gətirən şəxslər insan zehninin, insan ruhunun mürəkkəbliyinin dərk etməkdə acizdirlər. Onlar incəsənətin, ədəbiyyatın insanı praktiki olaraq dəyişmədiyini, hətta həyatlarına kiçicik bir təsir göstərə bilmədiklərini anlasaydılar, bu işdən əl çəkər, bütün vaxtlarını, pul-paralarını, enerjilərini boş-boşuna sərf etməzdilər.

Bununla belə, məvaciblərini mənim, oxucularımın ödədiyi vergilərdən hasil edərək işi-gücü yalnız senzura vasitəsilə ünsiyyətimizi pozmaq olanların istək və zövqlərinə təslim olmaqdansa kitabımın əsla çap olunmamasını üstün tuturam.

Yalnız Mədəniyyət və İslami Orientasiya Nazirliyinin kitabların təftişi ilə məşğul olan idarəsindən bir istəyim var. Əllərini vicdanlarına qoyub, şəffaf şəkildə, heç nədən çəkinmədən, utanmadan izah etsinlər ki, romanın 50-ci səhifəsindən 54-cü səhifəsinə kimi insanları pozacaq, dininə xələl gətirəcək, "islah olunmalı” nəyi tapıblar? Bunun qarşılığında isə mən bu cür rəftarların, naqis yanaşmaların və səhv mədəni siyasətin cəmiyyətə və insan həyatına necə sarsıdıcı ziyan vuracağını ətraflı şəkildə izah etməyə hazıram”. /artkaspi.az/

# 1445 dəfə oxunub

Müəllifin son yazıları

# # #