Dünya şöhrətli musiqiçi Bakıda çıxış edəcək

Dünya şöhrətli musiqiçi Bakıda çıxış edəcək
8 noyabr 2019
# 15:54

Noyabrın 13-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Maykl Qutman (violin) və Olqa Domninanın (piano) konserti keçiriləcək.

Maykl Qutman və Olqa Domninanın Bakı konsertində tamaşaçılara musiqi dilində mübarizə və zəriflik, ümid və arzular, sevgi və nifrəti hiss etmə anları bəxş ediləcək. Bu ifalardan zövq almamaq mümkün deyil. Çünki, konsert boyu əsl caz , tanqo, klassik fakturalı miksləri və virtuoz ifaların qarışığından ibarət musiqi dünyasına səyahət etmiş olacaqsız.

Tanınmış violin ifaçısı, Brüssel Kamera Orkestrinin dirijor və direktoru Maykl Qutman özünü Odessa ifaçılıq məktəbinin davamçısı hesab edir. Qərb mətbuatı Qutmanı 20-ci əsrin dünya avanqard banilərindən biri olan rəssam Şaqal ilə müqayisə edirlər. Onun ifalarını dinləyərək insan Şaqal rəsmlərindəki azadlığı duyaraq ruhən pərvazlanır.

Rusiya Musiqi Akademiyasının məzunu olan Olqa Domnina (fortepiano) bir çox beynəlxalq müsabiqələrin qalibidir. Pianoçu dünya səhnələrində solo konsertlərlə yanaşı, kamera və simfonik orkestrlərlə birgə çıxışlar edir.

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlərlə yanaşı “Klassik musiqi inciləri” adlı layihə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır. Layihə çərçivəsində klassik musiqi ifaçıları, bəstəkarlarının yaradıcılıqlarına müraciət olunur, ən gözəl nümunələr təqdim edilir.

Dekabr ayında BMM-də “Klassik musiqi inciləri” layihəsi çərçivəsində Barselona Musiqi Akademiyasının professoru, dünyanın 17 eksklüziv pianoçusu siyahısında yer alan pianoçu-bəstəkar Senya Son “Yeddi notun ekologiyası” adlı proqramla çıxış edəcək.

Biletləri şəhərin kassalarından, “Asan xidmət” mərkəzlərindən və İticket.az saytından əldə etmək olar. /azertag.az/

# 3004 dəfə oxunub

Müəllifin son yazıları

# # #