Teatrımız Beynəlxalq Festivalda səhnə alacaq

Teatrımız Beynəlxalq Festivalda səhnə alacaq
17 sentyabr 2019
# 16:06

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu strukturuna aid olan Bakı Marionet Teatrı Şarlevil-Mezyer şəhərində Beynəlxalq Marionet Festivalında “Leyli və Məcnun” tamaşası ilə çıxış edəcək.

APA-nın məlumatına görə, sentyabrın 21-22-də baş tutacaq Festivalda iştirakın əsas məqsədi ölkəmizin zəngin mədəni irsini gələcək nəsillərə ötürmək, milli dəyərlərə bağlılığını aşılamaqdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi dəstəyi ilə Marionet Teatrı 2013-cü ildən etibarən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir.

Əsası rejissor və rəssam Tərlan Qorçu tərəfindən 1980-ci illərdə qoyulan teatr bütün yaş qruplarının maraq dairəsini əhatə edir və öz fəaliyyətində Azərbaycan xalqının zəngin çoxşaxəli mədəni irsinin memarlıq, milli geyim, musiqi və rəqs, dilimizin rəvan üslubu, xalqımızın həyat tərzi, milli bayramlar kimi özünəməxsus cizgilərini ehtiva edir.

Teatrın repertuarı bütünlüklə Azərbaycan klassik musiqisinin banisi, dramaturq, folklorçu və maarifçi Üzeyir Hacıbəyova ithaf edilir. "Arşın mal alan", "Leyli və Məcnun" tamaşaları tamaşaçılara marionet üslubunda təqdim olunur.

Öz fəaliyyətini Azərbaycanın hüdudlarından kənarda da nümayiş etdirmək istəyilə teatrın Fransa Respublikasının Şarlevil-Mezyer şəhərində keçiriləcək Beynəlxalq Marionet Festivalında iştirak üçün müraciəti maraqla qarşılanıb.

Marionet Teatrı Beynəlxalq Marionet Festivalında iştirak etməklə yanaşı zəngin və rəngarəng Azərbaycan mədəniyyətini Fransa və dünya xalqlarına tanıdacaq.

# 2183 dəfə oxunub

Müəllifin son yazıları

# # #