Qara paltarlıların performansı və ya Amaci

Qara paltarlıların performansı və ya Amaci
25 aprel 2017
# 16:29

Rəşad Kərimli

1 seriya

Qapını sındırırdılar. Amma bu, kirayə qaldığım bir otaqlı mənzilin sakitliyini poza bilmədi. Yerimdən qalxıb qapını açmağa tələsmədim. Heç nə baş vermir kimi yerimdə eşələnməyə başladım. “Belə təsəvvür edim ki, qapıdan gələn bu bədheybət səs meşə səsidi, dəniz səsidi, ya da kimsə pianinoda ifa edir” fikirləşdim. Fikirləşdim ki, bəlkə çıxıb getdilər. Fərq eləməz kimdi orda, heç kəsi görmək, danışmaq istəmirdim. Bu avara, boş, havalı, havasız əhvalda qalmaq istəyirdim.

Getmək istəmirdilər. Yavaş-yavaş qapıya doğru getdim. Açdım. Üstümdən keçib birbaş evə girdilər. Əllərində ki, zənbillər yerlə bir oldu. Meyvələr pendirə, pendir göyərtiyə qarışdı.

- Xəbərin yoxdu? Kişi can verir, niyə gedib ona baş çəkmirsən? - kənddən gələn bir qatar insan belə dedi.

Mən o kişini heç vaxt görməmişəm. Ancaq şəkillərini bütün qohumların evində yuxarı başda, böyük çərçivənin içində xalçanın üstündən asılı görmüşdüm. Xalçasız quru divardan onun şəklini asanın dədəsini yandırıb, binəsillikdə günahlandırıb, az qala özünü o quru divara mismarlayıb asardılar. Bilmirdim o kişi kim idi və nə qəhrəmanlıq göstərmişdi. Amma hamı onu çox istəyir, başına and içirdi.

Heç nə deməyib, əynimi dəyişməyə başladım. Can verən o kişiyə “borc”umu qaytarmaq üçün gedirdim.

Paltarımı geyindikcə mənə elə gəldi ki, bütün ömrüm boyu hər bayram onu yad edəcəm, bütün günü bizim evdə o kişidən danışacaqlar, evimizdə hər yerdə onun şəkilləri olacaq.

Başımı soyuq suya salıb, saçlarımla oynamağa başladım, beynimdə olan qarışıqlığı, boş fikirləri əlimlə darayıb saçlarımdan sürüşdürüb suya axıtmağa çalışdım.

Baxmayaraq ki, bu gün hardansa kirayə pulu tapmalı, universitet pulunu verməli, dabanı yırtılmış ayaqqabımı yamatmalı, imtahana hazırlaşmalı idim...

Qabağa düşüb arxamca bir dəstə qara paltarlı arvad və bir dəstə başı papaqlı kişiləri can verən qəhrəmangilə aparırdım.

Bir anlıq dayanıb geriyə baxmaq istədim. Elə dayandığımla arvadların ağlaşması bütün şəhərə yayıldı.

Heç nə olmamış kimi səkinin üstündə oturub qara paltarlıların küçə tamaşasına baxmağa başladım. Bu daha çox fləşmoba, performansa oxşayırdı. Eyni cərgəyə düzülmüş qara paltarlılar eyni anda əllərini sinələrinə vurur, eyni anda sifətlərini cırırdılar.

Sakitlik. Gözləyirdim ki, indi bu sükutdan sonra hansısa partlayış olacaq. Amma hamının mənə zilləndiyini görəndə elə başa düşdüm ki, deyəsən indi mənim performansım olmalıdı.

Arxadan kişilərdən kimsə soruşdu:

- Qalxmayaq yuxarı?

İndi başa düşdüm ki, bu tamaşa nəyə lazım imiş…

- Bura deyil, onların evinə hələ çox var. Sakitləşin.

Arvadlar susdular. Arvadlar atamı söydülər. Arvadlar deyindilər:

- Gözümüzdə yaş, qolumuzda hey qalmadı...

Otağın düz ortasında zəhmli böyük bir kişi can verirdi. Hamı onun əl-ayağına düşüb öpməyə başladı. Kişi heç kəsi tanımırdı, heç kəsə reaksiya vermirdi.

Sakitcə bir küncə sıxılıb, ölən kişinin nəfəsini sayırdım, başının üstündə durub Quran oxuyan mollaya, hamının ağlayıb, sakitləşib, bir az fasilə verəndən sonra yenə ağlamağına baxırdım...

Qara paltarlıların gözlərinin yaşı quruyanda, tamaşası qurtaranda getmək istədilər.

“Gedək, gedək burda otura bilmirəm”

“Mən buna dözə bilmərəm”

“Gedək axşam yenə gələrik”

Hamı tələsirdi, nədənsə saata tez-tez baxırdılar.

2-ci seriya

İldırım sürəti ilə evə girdilər.

- Yandır, yandır o televizoru. Amaciyə çevir.

Nə televizor? Axı əvvəl adam öləndə 40 gün televizora baxmırdılar... Yəni fikirlər dəyişib??? Amaci hansı kanaldı?

Kirayə qaldığım evdə “hər gün öldüyümdən” “özümə yas saxladığımdan” heç vaxt açıb baxmadığım televizoru birtəhər yandırıb, lazım olan kanala kökləyəndə qara fonda ağ titrlər getməyə başladı.

Sən demə Amaci serialdan bir obraz imiş, hətta kanalın adını da dəyişib Amaci qoyublar.

Hamı qışqırmağa, hərdən söyməyə başladı...

Ev yiyəsi zəng edirdi, ev pulunu istəyirdi, sabahkı imtahana hazırlaşmalıyam, yırtıq ayaqqabım mənə göz vurur.

İlahi, bu kadr arxası həngamə, nonsens nə vaxt bitəcək?

- Sənin kompüterində bu serial olmamış olmaz. Kimsə soruşdu.

- Yoxdu- sakitcə cavab verdim.

Yenə hamı qışqırır, seriyalın bir seriyasını buraxdıqlarına az qala havalanmışdılar. Növbəti fləşmoba baxmamaq üçün notbukumu açıb Youtube’da “Amaci” yazdım.

Search results for amaci

Bu zalim dunyada dogulma, Amaci...

“Play” düyməsini basan kimi seriyalın musiqisindən tanıyıb hamı susdu. Gözlərinə işıq gəldi. İndi onlardan xoşbəxt heç kəs yox idi. Bu xoşbəxtliyin dozası o qədər çox oldu ki, bir də hiss etdim ki, mən evin bir küncündəyəm. Necə məni itələyib atıblar, necə bura uçmuşam xəbərim olmayıb.

Seriala baxırıq.

Serial qəhrəmanlarından biri can verirdi. Sevgilisi başının üstündə durub hönkür-hönkür ağlayırdı.

Elə qara paltarlı qadınlar və evdə də papaqlarını çıxartmayan kişilərin gözlərindən yaş axırdı. Bu gün ağlamaq günü idi. Fikirləşdim ki, bir azdan performans yenidən başlayacaq, ölən bu serial qəhrəmanına da ağı, şaxsey-vaxsey deyəcəklər. Bizim nə qədər “qəhrəman”ımız var imiş...

Hər tərəf yanırdı, hər tərəf qan idi.

- Bəs niyə bu belə danışır a bala. Ağlamaqdan gözləri qızarmış xala dedi.

- Bu ingilis dilindədi, sən bilirsən axı, tərcümə elə baxaq.

Serial hind dilində idi.

Yavaş-yavaş onlara sarı gəldim və “tərcümə” etməyə başladım.

Serialda bir arvad böyük bir zalda hirsli-hirsli nəsə deyirdi.

Başladım arvadın dediklərini “tərcümə” etməyə…

- Daha bəsdir, dediniz, güldünüz, oynadınız, ağladınız. İndi gedin evinizə. Rahat buraxın məni... Bu qədər əylənmək olmaz. Olmaz belə yaşamaq, belə yalanlarla, yalançı ürəkyanmalarla, yalançı qəhrəmanlarla, yalançı əhval, yalançı təbəssüm, göz yaşları ilə. Bu qədər yalan olarmı?

Bu vaxt hərdən mürgüləyib oyanan nənə mənə baxıb dedi: Sən düz tərcümə edirsən? O qız axı elə deməz, o ürəyi yumşaqdır.

Yaman yerdə axşamlamışdım...

Davam etməli, oynamalı idim.

Yenə həmin qızın dilindən tərcümə edirəm-bayaq sizinlə çox acı danışdım. Ürəyim yumşaqdı, sərt ola bilmirəm. Əylənin, keyf eləyin, beş günlük dünyadı, bu dünyanın dərdi bizə qalmayıb ki...

Mürgüləyən nənə bir ağız xoruldayıb dedi-Mən sizə dedim də bu qız belə deyə bilməz, desə də çox çəkməz.

Mənim “tərcümə”lərim onları qane edəndən sonra seriala və kompüterimə mız qoymağa başladılar.

“Bu yalandı bu qız ölə bilməz, sənin komputerin səhv göstərir”. “Bir az urəyimiz var idi o da getdi”.

Hamı getmiş, üzülmüş ürəyinin dərdini çəkməyə başladı, sakitcə.

Sonra yadlarına düşdü ki, niyə gəlmişdilər. “Özümüz yolu daha tanıyırıq, gedib tapacayıq” deyib çoxdan ölmüş qəhrəmangilə qayıtdılar.

# 1531 dəfə oxunub

Müəllifin son yazıları

# # #