"Ev kitabxanası"na yeni müəlliflər qatıldı

"Ev kitabxanası"na yeni müəlliflər qatıldı
30 noyabr 2015
# 12:10

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Ev kitabxanası" layihəsi çərçivəsində dörd yeni müəllifin kitabları alınıb. Kulisin məlumatına görə layihə əsasən müasir yazarların elmi və ədəbi kitablarının fond tərəfindən alınaraq oxuculara hədiyyə olunması məqsədi ilə həyata keçirilir.

Gənc nəslin maariflənməsinə xidmət edən "Ev kitabxanası"na bu günə qədər Qan Turalının "9 hekayə", Aydın Talıbzadənin "Əbuhübb", Nəriman Əbdülrəhmanlının "Qurban", Kənan Hacının "Yaddaş kartı" kitabları alınıb. Növbəti mərhələdə isə kitabxanaya Ömər Xəyyamın "Sayrışan hallar", Fəridə Məmmədova"nın "Sevgili üçün notlar", Alikin "Günəş qalib gəldi", İkinci Mahmudun "Ümid arısı" kitabları daxil olub.

Layihənin koordinatoru, Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlunun verdiyi məlumata görə, Ömər Xəyyam, Fəridə Məmmədova, Alik və İkinci Mahmudun müəllifi olduğu kitablar Azərbaycan Yaradıcılıq Fondu tərəfindən nəşr olunub: “"Ev kitabxanası" Yaradıcılıq Fondu ilə sıx əməkdaşlıq edir və gələcəkdə də bu Fondun nəşr etdirdiyi kitabların alınaraq oxuculara paylanacağı planlaşdırılır.”

C.Musaoğlunun sözlərinə görə, "Ev kitabxanası"na daxil olan əvvəlki kitablar artıq müxtəlif bölgələrdə yaşayan oxuculara paylanıb. Bununla yanaşı, Fondun Perspektiv inkişaf və layihələrin monitorinqi qrupu sorğular vasitəsi ilə həmin kitablara olan marağın səviyyəsini müəyyənləşdirib: “Məlum olub ki, oxucular onlara hədiyyə olunan kitabları oxuyaraq bəyəniblər, əksəriyyəti həvəslənərək özlərinə şəxsi kitabxana da düzəldiblər. Əslində layihənin məqsədlərindən biri də şagird və tələbənin şəxsi kitabxanasının olmasına dəstək verməkdir. Sorğuların nəticəsi göstərir ki, missiya uğurla davam edir.”

Bilik Fondunun mətbuat katibi onu da bildirib ki, alınacaq kitabları seçən komissiya həmin nəşrlərin hədiyyə olunacağı kontingenti müəyyənləşdirəndən sonra "Ev kitabxanasına" daxil olan növbəti dörd müəllifin kitabları oxuculara çatdırılacaq.

# 1962 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #