Azərbaycanın Əməkdar artisti vəfat edib

Azərbaycanın Əməkdar artisti vəfat edib
14 avqust 2019
# 14:29

Azərbaycanın balet sənətinə ağır itki üz verib. Azərbaycanın Əməkdar artisti, tanınmış xoreoqraf Ramazan Arifulin vəfat edib.

Bu barədə mətbuata Akademik Opera və Balet Teatrının aparıcı solisti, balet artisti Anar Mikayılov məlumat verib.

Anar Mikayılov Ramazan Arifulinin avqustun 11-də dünyasını dəyişdiyini bildirib və qeyd edib ki, mərhum xoreoqraf Azərbaycanın balet səhnəsində çıxış edən tanınmış artistlərin müəllimi olub.

"Ramazan Arifullin mənim müəllimim olub. 1945-ci ildə Bakıda anadan olub. Akademik Opera və Balet Teatrına ilk dəfə Qəmər Almaszadənin dəvəti ilə gəlib və ömrünün böyük hissəsini Opera və Balet Teatrının səhnəsində aparıcı solist, əsas partiyaların ifaçısı kimi keçirib. Ramazan müəllim tanınmış balet artisti olmaqla yanaşı, həm də bacarıqlı pedaqoq idi. Xoreoqrafiya məktəbində onun dərs dediyi balet artistləri, bu gün Opera və Balet Teatrının aparıcı solistləridir. Ramazan Arifullinin "Min bir gecə"də baletində ifa etdiyi sevimli quldur və Şəhriyar obrazları bu gün də hər kəsin yaddaşında dərin iz buraxıb. Ramazan müəllim balet artisti kimi çox emosional idi. Səhnədə elə ürəkdən rəqs edirdi ki, sanki bu, onun sonuncu ifasıdır. Ürəyini bütünlüklə səhnəyə verirdi. Hətta onun ifasında "sevimli quldur"a ilk dəfə tamaşa edən Ümummilli liderimiz Heydər Əliyev bu ifanı o qədər bəyənib ki, tamaşadan bir müddət sonra Ramazan Arifullinə mənzil də bağışlayıb. Sonralar da hər dəfə Opera və Balet Teatrına gələndə Ramazan müəllimi soruşub və onun ifa etdiyi obrazı başqa balet artistinin oynadığını görəndə "Bəs, Ramazan hanı? Niyə bu tamaşada çıxış etmir?" deyib. Ramazan Arifullinin çıxış etdiyi tamaşalar bu günədək Opera və Balet Teatrının repertuarındadır. Mən də Teatrımızın başqa solistləri də həmin tamaşalarda çıxış edirik. Amma heç birimizin ifası Ramazan müəllimin oyununu təkrarlamır. Biz ona çata bilmirik. Mənim müəlllimim 45 yaşına qədər "sevimli quldur" obrazını ifa etdi. Çox yaxşı formada idi. Məhz buna görə 65 yaşınadək səhnəyə çıxdı. Şah obrazlarını məharətlə ifa edirdi. Siz görəydiniz ki, o, necə tryuklar edirdi... Bizə dərs deyəndə hamı onu sakit dinləyərdi. Bu gün 3 mərasimidir. Müəllimim, Ramazan Arifullinə Allahdan rəhmət diləyirəm!".

Qeyd edək ki, Ramazan Arifullinin oğlu Rinat Arifullin də tanınmış balet artistidir. Vaxtilə Leyla Vəkilovanın tələbəsi olan Rinat hazırda Rusiyada Böyük Teatrın səhnəsində çalışır. İlk dəfə "Kreml Teatrı"nda balet artisti kimi fəaliyyətə başlayan Rinat Arifullin sonralar Qriqoroviçin dəvəti ilə Böyük Teatrın səhnəsinə gedib. Rinat Arifullin atasının sənət və səhnə yolunu uğurla davam etdirir.

Azərbaycanın Əməkdar artisti, Xoreoqrafiya sənətimizin unudulmaz ifaçısı Ramazan Arifullin Yasamal qəbiristanlığında, doğmalarının yanında torpağa tapşırılıb. /open/az/

# 2759 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #