Şeytan çarxından özümü atmaq əvəzinə...

Şeytan çarxından özümü atmaq əvəzinə...
17 mart 2017
# 11:57

Amid Əlioğlu

İntihar deyib keçməyin! Onların qatili var…

Hər dəfə intihar başlıqlı xəbərlər görəndə həyəcanlanıram. Xüsusən bu xəbərlər öz vətəndaşıma aiddirsə əlim-ayağım əsir. Söz yox insan hər yerdə insandır və duyğunun dili eynidir. Amma nə bilim, nəsə öz mühitimizdən olan birinin intiharı məni daha çox tərpədir. Bəlkə ona görə ki, özüm yadıma düşürəm.

Çox az adam bilir ki, üç-dörd il bundan öncə intihar fikri mənim də beynimdə qurd kimi azar-azar dövrə vururdu. Bilənlər də həmin vaxt bilmirdi a, sonradan özüm dedim. Heç kimin ağlına da gəlməzdi Əzrayılla həmsöhbət olmağım. Söhbətimiz o qədər şirin olurdu ki, o danışırdı, mən dinləyirdim. Hətta razılığımı bildirirdim. Çünki çox şeyi düz deyirdi. Ya da mənə elə gəlirdi.

Tən ortada qalmışdım. Soldan Əzrayılla olan bağlar, sağdan isə mənəvi bağlar təpədən dırnağa tarıma çəkmişdi məni. Ən xırda inciməyim belə məni sola çəkə bilirdi. Ailədə, dostlar arasında, işdə baş verən sıxıntılarım intihar üçün əməlli başlı stimul idi. İş demişkən, bir dəfə belə bir hadisə baş verdi: o qədər həssas olmuşdum ki, rəhbər səsini bir ton yuxarı qaldırdı deyə işdən çıxma ərizəsi yazıb, otağına dəstursuz girərək stoluna qoyub çıxdım. Telefonu söndürüb bulvara sarı üz tutdum. Ürəyim ağzımdan çıxırdı. Boğazımdakı zob şahə qalxmışdı. Tüpürcəyimi belə uda bilmirdim. Hər şeyi unutmuşdum. Yalnız bir şey haqqında düşünürdüm. İntihar…

Yenicə istifadəyə verilmiş şeytan çarxına tərəf tələsirdim. Məqsədim ən yüksək hündürlüyə çatanda kabinadan özümü atmaqdı.

Çata bilmədim məqsədimə. Əvvəla kabinaya azyaşlı uşağı ilə bir ailə də daxil oldu. İkincisi isə sən demə heç qapını açmaq olmurmuş. Amma açılsaydı da atmayacaqdım. Qarşımda çox xoşbəxt görünən ailə var idi. Uşaq ətrafa o qədər maraqla tamaşa edirdi ki, üzümdəki təbəssümü sonradan fərq etdim. Oğlum düşdü yadıma. Sonra sırayla bütün sevdiklərim. Haqqım yox idi onlara bunu etməyə.

Amma belə də getməzdi. Nəyisə dəyişmək lazım idi. Necə oldusa heç kimi, heç nəyi dəyişə bilməyəcəyimi dərk etdim. Amma onu da dərk etdim ki, şüuraltını dəyişməliyəm. Müxtəlif fərdi inkişaf kurslarına yazıldım. Seminarlara qatıldım. İnternetdə bu sahəyə aid yüzlərlə material oxudum və ya baxdım. Və zamanla bunu bacardım. Hər şey qaydasına düşəndən sonra kitab da yazdım. Elə bu mövzuda.

Sonda bunu mütləq deməliyəm. İntihar etsəydim bir səbəbə görə olmayacaqdı. Ən az on səbəbi var idi. Odur ki, intihar edənlər üçün bir səbəb axtarmayın…

# 1107 dəfə oxunub

Müəllifin son yazıları

# # #