Ordubadda axır çərşənbə necə keçirilir?

Ordubadda axır çərşənbə necə keçirilir?
14 mart 2017
# 13:47

Aytən Yusifova

Mən nə tarixçiyəm, nə etnoqraf, nə də folklorşünas. Amma məncə Novruz adətlərini bilmək üçün bir Ordubadlı olmaq da yetərli. Çünki burda bayram adətlərini hələ uşaq vaxtlarından öyrənirsən.

Bəlkə də ona görədir ki, elə Novruz da mənim üçün fərqlidir. Bu gün isə "axırıncı çərşənbə", "ilaxır çərşənbə", ordubadlılar demişkən "Yeddi ləvin"dir. Bu günün adətlərinə toxunmayacağam, çünki bu haqda çox deyilib, yazılıb. Amma bayram falları haqqında danışmaq heç də pis olmaz. Necə deyərlər "fala inanma, falsız da qalma". Gənc qızlar qulağınız bizdə olsun. Eşitdiyim, gördüyüm və icra etdiyim bayram fallarından danışacağam.

İlk olaraq gənc qızlar bir yerə toplaşar yarısı dolu olan bir su bardağı və sapa bağlanmış qızıl üzük götürərlər. Adətən çalışırlar ki, üzük nişanlı qızın üzüyü olsun. Üzüyü sapla bağlayıb bardağın üzərindən kənarlarına yavaşca toxundurar və sayarlar. İnanca görə sapa bağlanmış üzük nə vaxt dayanarsa, qız da o yaşında ailə quracağına inanar.

Sonra çərşənbə axşamı iki yarı su dolu bardaq, ya da boşqab götürüb qonşunun qapısını döyərək niyyət tutarlar. Adətə görə niyyət tutan danışmamalıdır. Qapını açan şəxs bir şirniyyat götürüb bardağa və ya boşqaba qoyar. Burda niyyətinin baş tutacağı elə bu şirniyyatın sağ və ya sol ələ qoymasından asılıdır. Əgər ürəyində sağ əlini niyyət etmisənsə və sağ boşqaba şirniyyat qoyulubsa, niyyətin baş tutacaq. Ya da əksinə.

Çərşənbə axşamı qapı pusma ən məşhur və inanılan faldır. Axşam vaxtı odun üstündən atlanandan sonra qonşuların qapısını pusmağa gedərlər. Bu evdə hər hansı insanın ağzına fal tutarlar. Həmin adamın ilk dediyi sözə görə də yozum edərlər. Ona görə də həmin gün hamı çalışar ki, evdə xoş söz danışsın, deyib-gülsün.

Adətən axırıncı çərşənbə və ya bayram axşamı bir boyanmamış, çiy yumurta götürər, onu qaranlıq, heç kimin görə bilməyəcəyi yerə, yanına da bir qara, bir qırmızı qələm qoyub niyyət tutarlar. İnanca görə əgər səhər gedib yumurtanı götürəndə üstünə qırmızı xətt düşübsə, bu niyyətin baş tutacağına, qara xətt varsa baş tutmayacağına işarədir.

Və ən maraqlı fallardan biri. Çərşənbə axşamı hər evdə plov süzülməsi qədim adətlərdən biridir. Gənc qızlar isə o plovun suyunu götürüb küçəyə atarlar. İnanca görə suyu atandan sonra küçədən arvad keçərsə bu il də evdə qalacaqları, kişi keçərsə ərə gedəcəklərinə inanarlar.

Çərşənbə axşamı gənc qızlar qapının ağzında durar və arxaları qapıya sarı öz ayaqqabılarını atarlar. Əgər ayaqqabının ağzı evə tərəf düşərsə bu ildə evdə qalacaqları, çölə tərəf düşərsə gəlin gedəcəklərinə işarədir.

Çərşənbə axşamı icra olunan ən gözəl adətlərdən biri də duzlu kökə yeməkdir. Balaca xəmir yoğurub içinə bolluca duz qataraq onu bişirərlər. Axşam yatanda onu yeyib yatan gənc qızlar inanca görə axşam yuxuda susadığı üçün hansı həyətdən su içərsə o həyətə gəlin gedəcəklər. Ya da kimsə yuxuda ona su verərsə həmin adama qismət olacaq.

Ya da axşam çərşənbə axşamı yatmazdan əvvəl 7 ulduz sayıb yatarlar. Adət də odur ki, ulduzu sayandan sonra danışmaq olmaz, əgər danışarsansa onda niyyətin baş tutmaz. İnanca görə yuxuda qismətini görəcəksən.

Gələk, xüsusən də Ordubadda həyata keçirilən "Can gülüm" oyununa. Çərşənbə axşamı gənc qızlar, oğlanlar bir evdə toplaşar, bir tasda su götürər, üzərini qırmızı kəlağayı ilə örtərlər. Hər kəs bir nişanını, məsələn sırğa, sancağını tasa atar. Balaca bir qız uşağı tasdan bir-bir bu əşyaları çıxardar, amma bundan əvvəl bir ağbirçək və ya məclisi idarə edən bayatı oxuyar. Hamıda bir ağızdan can gülüm deyər. Tasdan çıxan əşya kimindirsə oxunan bayatını da onun üçün yozarlar. Ağbirçəklər bir həyat yolu yaşadıqları üçün də yaxşı yozum edərlər. Təbii ki, burda məqsəd bir yerə toplaşmaq, şənlənmək, çərşənbə axşamını deyib gülərək keçirməkdir. Hamı inanar ki, bu gün belə keçərsə, il boyu günləri yaxşı keçəcək. Təki elə olsun. Çərşənbəniz mübarək!

# 1879 dəfə oxunub

Müəllifin son yazıları

# # #