“Şöhrət” ordenli fotoqraf vəfat etdi

<b>“Şöhrət” ordenli fotoqraf vəfat etdi</b>
29 iyun 2018
# 06:37

Tanınmış fotomüxbir və peşəkar fotoqraf, əməkdar jurnalist və əməkdar incəsənət xadimi, “Qızıl qələm” mükafatı laureatı Yaşar Xəlilov 84 yaşında vəfat edib.

Yaşar Xəlilovun yaradıcılığının və əmək fəaliyyətinin 46 ili Azərbaycan Dövlət İnformasiya Agentliyi – Azərtac ilə bağlı olub.

1934-cü il aprelin 11-də Bakıda anadan olan Yaşar Xəlilov əmək fəaliyyətinə “Azərbaycan gəncləri” qəzetinin idman şöbəsində başlayıb. Sonradan müsabiqə yolu ilə “Bakı” qəzetində işə qəbul edilib. 1959-2005-ci illərdə Azərtac-da çalışıb. O vaxt təkcə Azərbaycanda deyil, SSRİ məkanında da tanınan Yaşar Xəlilov respublikamızda yeganə fotojurnalistdir ki, 5 Olimpiya Oyunlarını - Münxen, Monreal, Moskva, Los-Anceles və Seul Olimpiadalarını işıqlandırıb, fotoşəkilləri bir sıra mötəbər beynəlxalq mükafatlara layiq görülüb.

Fotojurnalistika sahəsində yarım əsr fəaliyyət göstərmiş Yaşar Xəlilov sənətinin ustadı kimi həmişə ön sırada olub, ən çətin və məsuliyyətli tapşırıqlar ona həvalə edilib. Gecə-gündüz bilmədən işləyən fotoreportyor peşə ustalığını daim təkmilləşdirmək qayğısına qalırdı, Moskvada “Fotoreportaj və jurnalistika” kurslarını bitirmişdi.

Milli fotojurnalistikamızın inkişafında özünəməxsus xidmətləri olan Yaşar Xəlilov “Şöhrət” ordeni ilə təltif edilmiş, bir sıra fəxri adlara layiq görülmüşdü.

Allah rəhmət eləsin.

azertag.az

# 1125 dəfə oxunub

Müəllifin son yazıları

# # #