Həmyerlimiz Varşavanın Böyük Teatrında

Həmyerlimiz Varşavanın Böyük Teatrında
1 fevral 2018
# 10:03

Fevralın 16-dan 18-dək və 21-də Varşava Böyük Teatrı və Milli Operasında (Teatr Wielki – Opera Narodowa) “Fırtına” baleti nümayiş etdiriləcək.

Teatrın saytına istinadla xəbər verir ki, fevralın 17-də və 21-də səhnə əsərində Miranda obrazını Azərbaycanın Əməkdar Artisti Çinarə Əlizadə ifa edəcək.

Baletdə bəstəkarlar Henri Pursell, Tomas Tallis, Robert Conson, Metyu Lokk və Mişel van der Aanın əsərlərindən, habelə ənənəvi İran musiqisindən istifadə edilib. Səhnə əsərinin premyerası 2014-cü ildə Amsterdamda olub. Balet Varşava Böyük Teatrında ilk dəfə 2016-cı ildə səhnəyə qoyulub.

Çinarə Əlizadə Moskvada doğulub. O, Natalya Nestereva Yeni Humanitar Universitetinin Rəqs Akademiyasında və Moskva Dövlət Xoreoqrafiya Akademiyasında təhsil alıb. A.Adanın “Jizel”, L.Minkusun “Bayaderka”, “Don Kixot”, P.Çaykovskinin “Şelkunçik”, “Yatmış gözəl”, S.Prokofyevin “Zoluşka”, D.Şostakoviçin “Qızıl əsr” və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. 2016-cı ildən Polşa Milli Baletinin birinci solistidir. /azertag.az/

# 1117 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #