Ömər Xəyyamın kitabının təqdimatı oldu

Ömər Xəyyamın kitabının təqdimatı oldu
26 noyabr 2015
# 17:17

Oğuz rayonunda gənc yazar Ömər Xəyyamın "Sayrışan Hallar" kitabının təqdimatı keçirilib. Kulisin məlumatına görə təqdimat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Azərbaycan Yaradıcılıq Fondunun (AYF) həyata keçirdiyi "İstedadlı insanlara dəstək olmaqla onların ictimaiyyətə tanıdılması üçün yeni imkanların yaradılması" layihəsi çərçivəsində həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universiteti Yaradıcılıq Fakültəsinin Oğuz rayon filialının rəhbəri, yazıçı Cəlil Cavanşir iştirakçılara gənc yazar Ömər Xəyyamın yaradıcılığı haqqında məlumat verib.

Daha sonra çıxış edən AYF-nin təşkilat şöbəsinin rəhbəri Fuad Cəfərov Bakı Slavyan Universiti Yaradıcılıq Fakültəsinin rayon filialının müdavimləri və ziyalılara fondun fəaliyyəti və gördüyü işlər haqqında danışıb. O, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın ön söz yazdığı gənc yazar Ömər Xəyyamın “Sayrışan hallar” kitabı barədə görüş iştirakçılarına məlumat verib.

Fuad Cəfərov həmçinin bildirib ki, bu ilin sonuna qədər Oğuz rayon Bilik Evində fondun çap elədiyi növbəti 4 kitabın da silsilə təqdimat mərasimləri keçiriləcək.

Daha sonra çıxış Oğuz rayon Gənclər və İdman idarəsinin rəisi Ramiz Mahmudov tədbirin əhəmiyyətindən, gənc və istedadlı yazarların bölgə oxucularıyla görüşünün vacibliyindən danışıb. Tədbir iştirakçılarına rayon rəhbərliyinin salamını çatdırıb.

Çıxış edən rayon ziyalıları bu kimi tədbirlərin Oğuz rayon ictimaiyyəti üçün faydalı olacağını qeyd ediblər və bu görüşlərin daha sıx keçirilməsini təklif ediblər.

Tədbirin sonunda müəllif imzalı kitablarının görüş iştirakçılarına təqdim edib və oxucuların suallarını cavablandırıb.

Qeyd edək ki, görüş Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə baş tutub.

# 1050 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #