Sevginin hamıdan şikayəti var

Sevginin hamıdan şikayəti var
25 aprel 2017
# 13:40

Qələndər Məmmədli

Həndəsənin ilkin anlayışlarından biri Düz xətdir. Bu gün söhbət müstəvisində, düz xəttə tərif verə biləcək gücümüz yoxdur və elm adamları da buna lüzum görməyiblər. Yeri gəlmişkən, Müstəvi özü də həndəsənin ilkin anlayışıdır, tərifsizdir. Yaxşı ki var, üstünə nəsə inşa edə bilirik. Düz xəttin tərifi qarşısındakı acizliyimizdən sonra, yenə də “mən”imizi doyurmaq naminə, əlavəmiz var: “Başlanğıcı və sonu yoxdur.”

Bu isə mənə sadəcə bir məfhumu xatırladır – Zamanı. Zamanın da başlanğıcı və sonu qeyri-müəyyənliklərdədir və məncə yoxdur, sonsuz olan yeganə şeydir. İndi ordan biri çıxıb, dini mənbəyə istinad edəcək, deyəcək, Adəm ilə Həvva. Biri elmi mənbəyə istinad edəcək ki, Big Bang. İncildə deyir ki, Kəlmə hər şeydən əvvəl var idi. Kəlmədən də əvvəl zaman var idi.

İnsan həyatının bu zaman cizgisi üzərində kiçik bir parça olduğunu vurğulamaq lazımdır. Düz xəttin istənilən iki nöqtəsi arasında qalan hissəsinin parça olması kimi, zamanın istənilən iki nöqtəsi arasında qalan hissəsi də həyatımızdır. Hamımız bu həyat parçasının üstündə zamandan elədiyimiz qismi oğurlamaqla nələrisə var etməyə çalışırıq. Bu oğurluqlar da, böyük müharibədə əldə edilən kiçik qalibiyyətlərimizdir. Əbədi olmaq ehtirasının doğurduğu qarşılıqlı müharibə.

Sanki böyük bir yarışdayıq və əlimizdə bir bayraq var, qaçırıq sona doğru. Orda da bizi gözləyən başqa bir yarışan var ki, ona verdiyimiz bayrağı bir sonrakına ötürməyə çalışır. Belə yerdə şair də yaxşı deyir: “Mənim balam, bu dünyayla oynama, sən cavansan dünya qoca dünyadır”. Şair də bilir ki, hərçənd tükünə belə zərər gəlməyini istəməsə də insan, arada təhlükəli oyunlar oynamaq istəyir. Lap elə ölmək istədiyi kimi və ölərkən də göz ucuyla ölümünün necə qarşılanacağını görmək istəyəcəyi kimi. Bu parça, bu bölünmə, bu kəsik həyatın özüdür və üstündə hərəkət edirik. İstər yavaş qaç, istər sürətli, sona çatanda qayıdıb geriyə baxsan, bayraqla yanaşı gətirdiklərin – yaxşılıqlar, dostluqlar, sevgilər, yaratdıqların və uğurların - ömür payı içində əldə elədiyin qazanclarındır. Fəqət bütün bunların heç birinin insan həyatı içində mütləq bir yer təşkil etməsi qəbuledilməzdir.

Gənclərin həyatında görülən əsas problemlərdən biri elə budur. Axıntıya düşüblər, üzmək qeyri-iradidir, fikrini belə almırlar, su götürüb aparır, bir yerdən sonra əldə edilən boş verən bir inam və altının necə dolduğu elm dünyasına müəyyən olmayan bir güvənlə yaşadıqlarını zənn edirlər, amma boğulduqlarının fərqində deyillər. Məqsədsiz, amalsız, qayəsiz necə üzəsən axı bu dəryada? Məqsəd də gərək ülvi olsun ki, çatanda filmin sonuna, doyumundan dadı damağında qalsın. Bəzən məqsədlər ilə vasitələri qarışdırırıq. Bax elə bundan dolayı da həmişə nəsə çatışmır. Çatdığımız şey məqsəd deyil, vasitələrdir. Biz vasitələrdə dayanıb, məqsəd zənn eləyirik və xoşbəxt olduğumuza inandırırıq. Yaxşı ev, maşın, gözəl iş, qısamüddətli imitasiyalı xoşbəxtlik, hansısa xanımın ürəyi və.s. Bax elə bu nöqtədə də təkamül keçirmək yerinə olduğumuz yerdə sayırıq, orada dayanırıq, ortaya qoyduğumuz cəhd və istədiyimizi çox, həddən çox istəməkdən bitab düşüb, mürgüləməyə başlayırıq, oradaca yuxulayırıq. Səs salmayın, yatanlar ayılar, qoy hələ yatsınlar. Qabil olmadıqları işlərdə səf tutsunlar. Səf tutanda da səhv düşmüş yerimizdə necə müsibət olduğumuza inansınlar.

Sevgini məqsəd edə-edə, çata bilmədikcə məqsədlərə, bu cürə davranışlarla sevginin ömrünü də qısaltdıq. Min ildir gələn dastanlar qaldı qıraqda, getdik inandıq lazımsız nağıllara. Şərqli olaraq sevirik nağılları dinləməyi. “Sevginin ömrü 3 ildir”, “Evlilik, sevgini öldürür.” Sevgilərə ömür qoyduq, evlilikdən sonra da boğduq öldürdük. Yazan adam inkar elədi kitabında, biz oxumadan qərar verdik kitabın adından. Sevgi ölkəmin məişət gündəmində böyük yer tutduğundan, fəlsəfənin də başlanğıcının sevgi olduğu zənni gümanından ötrüdür ki, sevgidən yan keçib, görməsək olmaz. Sevgilərin ömrünün qısalığı, uzunluğu barədə, müzakirənin özü absurd olduğundan mübahisəyə girməyəcəm. Müşahidələrimə əsaslanaraq deyirəm ki: heç biriniz sevdiyinizin yanında deyilsiniz! Ona görə də, qovuşmaq, əlinin çatması, insanın nankorunu yaratmaqdadır.

Mənim tanıdığım cütlük də var ki, evləndikdən sonra sevgiləri hər gün artır və hər gün daha da qalaqlanır. Sizdə niyə alınmır? Siz insanı sevmirsiniz. Özünüzü sevirsiniz! Özünüzə sərf edən şəkildə beyninizdə rasional qərarlarla şəxsi mənfəətinizə görə xüsusiyyətlər yaradıb, yanınıza qoya biləcəyiniz uzaqdan idarə etməli cihaz istəyindəsiniz. Yenə məqsədiniz ilə vasitəniz arasında fərqlər var. Xoşbəxtlik axtarışında deyil, rahatlıq sorağındasınız. Bir gün hamınız həyatınızın sevgisinə rast gələcəksiniz, evli bir insan olaraq.

Eşq, sevgi ya da məhəbbət hansı dildə nə ad qoysanız da, Sosialist bir davranış xoreoqrafiyasını sərgiləməkdədir. Kapitalist məntiq şəhvətə, ehtirasa, doyumsuzluğa gətirəndə, sosialist sevgilərdə isə xoşbəxt olmaq üçün sadəcə olaraq əmək sərf etmək kifayət edirdi.

Sevgi əmək idi, axı! Nə tez unutdunuz? Kapitalizmə də tez adaptasiya oldunuz, inteqrasiya elədiniz. Heç belə gözləməzdim. Sərf edəndə, necə qavrayırsınız, belə?! Ancaq sürətli istehlakın və populyar mədəniyyətin ağzını açıb bütün gözəl şeyləri doyumsuz şəkildə udduğu dünyada hər şeylə yanlış rəftar elədiyiniz kimi, burada pis tərəfləri götürdünüz.

Sevgi sosialistdir, əmək istəyir, bulaşdırmayın kapitalizmin kirli tərəflərini ona. Qarşılıq gözləmədən, təqdir almadan sevin. Gündəlik həyat mübarizənizdəki bir kəsim, bir parça, hissəniz olmalıdır sevgi. Bütün işlərinizi qoyub qırağa aşiq olduğunu iddia eləmək, zəif iradənin və xam təxəyyülün məhsulu olduğunu unutmayın. Sevgi də məqsədlərə gedən yoldakı vasitələrdən biridir. Sevirsənsə deməli qadirsən və bacara bilirsən və nəsə alınacaq. Onda sevdiyin üçün, dünyanı yenidən dizayn eləməkdən səni nə yayındırır? Heç kim sevgisindən intihar eləmir, mən duyğusudur onu etdirən. Sevgidən ölünməz, ancaq yaşanır. Heç kim sevgisindən, canına zərər yetirmir, şəxsin şəxsi eqoizmidir bunu etdirən. Dünyanı günahlandırıb, düzəltmək yerinə özünü məhv eləmək, aciz insanların işidir. Sevdiyinin var olduğu dünyanı düzəltmək yerinə, bir təpik də sənin atmağını hansı sağlam təfəkkür və nəzəriyyə qəbul edə bilər?!

Bizim insanımızın həyatında sevginin payı bəzən həddindən çox və ölçüsüz olur. Ölçülü sevməyin, təbii ki, amma ölçülü yaşayın. Pafossuz! Pafosun dozası çox olanda, mübaliğənin şiddəti ayrılıq salır araya. Sevgi də, yaşamaq, mübarizə aparmaq, insanlar üçün, vətənin üçün, dünya üçün nəsə düzəltmək kimi bir zərurətdir. Birini həyatınızda bu qədər çox yerləşdirəndə, həyatın məqsədinə çevirəndə, onun olmaması sizi məyus elədiyi kimi, yanınızda olması da nankor edir. Nazim Hikmətin Pirayəsi kimi...

Zaman xətti boyunca, aldığımız ömür payında xoşbəxtlikdir hamımızın dünyadan umduğu. Heç birimizə hər şeyin tam olacağı vədi verilmədi, ancaq gün keçdikcə daha çox tənhalığa müdavim oluruq. Sevgimiz doğrudan da elə bu qədər imişmi? Qürbətə gedən məhəbbət olanda, mühacirət xatirələrinin lirikası üzməyəcəkmi sizi? Qədir bilməyən ziyalılar kimi, sevgi də artıq küsüb gedir sizin diyarlardan, qədrini bilmədiyimiz, özümüzə yadlaşan ənənələrimiz kimi...

Evlilik proqramlarının aşındırdığı, ehtiras aclıqlarınızın və şəhvət duyğularınızın doyumsuzluğunun yonduğu, küsdürüb mühacirətə yolladığınız, öləndən sonra qiymətini biləcəyiniz sevginin hamınızdan şikayəti var...

# 1340 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #