Uşaq beş yaşa qədər Allahdır

Uşaq beş yaşa qədər Allahdır
23 oktyabr 2017
# 11:14

Kulis.az Ağasəlim Pünhanoğlunun “Yaradandan borc almaq” yazısını təqdim edir.

“İkudzi” prinsiplərinə əsasən, uşaq beş yaşa qədər – Allahdır. Ona heç nə qadağan etmir, üstünə qışqırmır, onu cəzalandırmırlar. Onun üçün “olmaz”, “pisdir”, “təhlükəlidir” kimi sözlər mövcud deyil. Körpə öz idrak fəaliyyətində azaddır.

Yazıya keçməzdən əvvəl “ikudzi”nin nə olduğunu deyim: - “ikudzi” yaponların uşaq tərbiyəsi sistemidir. O sistem ki, doğulan uşağın ölkəsinə uyğun olan nizam-intizamla yetişdirir, o sistem ki, əsrlərdən bəri gələn yapon ənənələrinə dayanır. Eyniylə Dostoyevskinin dediyi kimi: “Normal bir Uşaqlıq görməyən insan gələcəkdə pis vətəndaş olacaq”.

Qayıdaq uşağın 5 yaşınacan tanrı sayılmasına.

Bu məsələ bizim, bəlkə də Avropa və Şərqi Avropa düşüncəsində uşağın ərköyünlüyü, şıltaqlığı və s. kimi göstəricilərlə ölçülür, “dinməsən sonra qabağını almaq olmaz” kimi ifadə olunur. Amma elə deyil.

Əksinə müşahidələr göstərir ki, “ikudzi” sisteminin 5 yaşdan sonrakı mərhələlərində valideyn nəzarəti bütün qonşu ölkələrin sistemlərindən güclüdür.

Yaponiyadan söz düşmüşkən, bu yaxınlarda bir tədqiqatla rastlaşdım.

Elə həmin anda Jozef Juberin bir fikri yadıma düşdü: “Uşaqların nəsihətə yox yaxşı nümunəyə ehtiyacı var”.

Belə ki, 1994-cü ildə Yaponiyada və Amerikada təlim-tərbiyəyə yanaşmalarda fərqin tədqiqatı keçirilmişdi. Tədqiqatçı alimin adını xatırlamıram, amma dəqiq xatırladığım odur ki, tədqiqatçı iki mədəniyyətin nümayəndələrindən öz uşağıyla konstruktor-piramidanı birlikdə yığmağı xahiş edirdi.

Yaponlar əvvəlcə uşağa konstruksiyanı necə yığmaq lazım olduğunu göstərirdilər, sonra ona bunu təkrarlamağa icazə verirdilər. Əgər o, səhv edirdisə, qadın hər şeyi yenidən başlayırdı.

Amerikalılar isə başqa yolla gedirdilər. Konstruksiyanı quraşdırmağa başlamazdan əvvəl onlar uşağa hərəkətlərin alqoritmini ətraflı başa salırdılar və yalnız bundan sonra onunla birlikdə konstruktoru düzəldirdilər.

Məlum olur ki, “ikudzzi”də uşağa nəyisə sözlərlə başa salmaq əvəzinə, onu əməldə göstərməyə üstünlük verilir.

Bu o demək deyil ki, uşağı danışdırmaq sözə öyrəşdirmək lazım deyil. Əksinə, uşağı doğulan günündən belə danışdırmağa başlamaq olar. Sadəcə ciddi-ciddi danışdırmaq.

Əgər pəncərədən birgə baxdığınız zaman çöldən maşın keçirsə onu uşağa birbaşa demək lazımdır ki, bax, buradan göy rəngdə maşın keçir. “Babab-bibib” edib “xariqələr” yaratmaq olmaz.

bütün günü “haha-hihi” etsən uşağın təməli şit qoyular, ciddilikdən xəbəri olmaz, ömür boyu yeməyi “apba” bilər, ayaqqabını “akqa” və s. Təbii ki, baxış bucağım uşağın bir yaşında danışdığı sözü necə ifadə etməsi deyil.

Uşağın içində olan ciddi imkanların mənəvi qidasız, dəyərsiz qalması aspektindəndir.

Uşağı körpəliyindən ciddi yetişdirsən, gələcəkdə onu bütün sahələrlə tanış etsən, içindəki şansları daha rahat görə bilərsən. Yaşı artdıqca rəsm, musiqi, şahmat və s. kimi məşğuliyyətlərə yönləndirdiyində uşaq özünü bu sahələrin hansındasa tapacaq.

Araşdırmalardan görünür ki, bu metoda ən çox Hollandiya cəmiyyəti meyllidir. Onlar uşaqla ilk günündən söhbət edirlər, ətrafdakı əşyaları sözbəsöz izah edirlər, ana əlində iş görürsə o işi başayandan ta bitirənə kimi uşağa izah edə-edə davam edir. Bu onlarda sanki bir adət halındadır, sanki belə olmalıdır, başqa metod mümkün deyil.

Yazımı hinduların çox dərin bir atalar sözü ilə bitirirəm: “Unutmayın, uşaqlarınız sizin deyil, onu yaradandan borca götürürsünüz…”

# 1051 dəfə oxunub

Müəllifin son yazıları

# # #