Müslim Maqomayev anıldı

Müslim Maqomayev anıldı
18 avqust 2017
# 10:34

Avqustun 17-də Fəxri xiyabanda zəmanəmizin tanınmış müğənnisi, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin xatirəsi anılıb. Tədbir sənətkarın anadan olmasının 75-ci ildönümünə həsr olunub.

Tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda Müslüm Maqomayevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, XX əsr Azərbaycan musiqi tarixinin görkəmli nümayəndələrindən biri olan Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. Qeyd edib ki, Şövkət Ələkbərovanın sinfində dərs alan Müslüm Maqomayev gənc yaşlarından musiqi ictimaiyyətinin diqqətini cəlb edib. Azərbaycanda ilk musiqi təhsili, daha sonralar konservatoriyada peşəkar musiqi təhsilini alan Müslüm Maqomayev harada olmağından asılı olmayaraq hər zaman Azərbaycanın adına şərəf və qürur bəxş edib. Hər zaman öz qızıl səsi ilə Azərbaycana və keçmiş sovet ittifaqına qürur və baş ucalığı gətirib. Çoxlu sayda beynəlxalq müsabiqələrin laureatı olub. 1964-cü ildə Milanın “La-Skala” Teatrında staj keçmək üçün bir il müddətində İtaliyada olub.

Dünya şöhrətli müğənninin musiqi sənətinə verdiyi töhfələrdən söz açan Ədalət Vəliyev bildirib ki, Müslüm Maqomayev Amerikadan Yaponiyaya qədər müxtəlif ölkələrdə sovet musiqisini, o cümlədən Azərbaycan bəstəkarlarının əsərlərini təbliğ edib və milyonların sevimlisinə çevrilib.

Vurğulanıb ki, M.Maqomayev 1969-cu ildə Sopot festivalında birinci mükafata layiq görülüb. 1973-cü ildə ona SSRİ Xalq Artisti adı verilib. O, SSRİ Xalq Artisti adına layiq görülmüş ən gənc sənətkarlardandır.

Bildirilib ki, M.Maqomayev 1975-1989-cu illərdə özünün yaratdığı Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri olub.

Diqqətə çatdırılıb ki, Müslüm Maqomayev Eldar Quliyevin dahi Nizami Gəncəviyə həsr olunmuş “Nizami” filmində yaratdığı Nizami obrazı ilə kinosevərlərin xatirəsində qalıb.

Ə.Vəliyev qeyd edib ki, Müslüm Maqomayev həm yaradıcılıq nöqteyi-nəzərdən, həm də şəxsi həyatı ulu öndər Heydər Əliyevin diqqətində olub. Onun yaradıcılığı üçün Azərbaycanda hər cür yüksək şərait yaradılıb. Unudulmaz sənətkarın milli musiqi mədəniyyətimizin inkişafı tarixindəki xidmətləri dövlətimiz tərəfindən daima yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Prezident İlham Əliyev bu il iyulun 31-də Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi ilə bağlı müvafiq Sərəncam imzalayıb. Bu Sərəncama uyğun olaraq ölkəmizin hər yerində dahi sənətkarın 75 illiyi silsilə tədbirlərlə qeyd olunacaq. Təntənəli yubiley tədbiri isə oktyabr ayında Bakıda keçiriləcək.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin deyib ki, Müslüm Maqomayev Azərbaycanın böyük oğludur və Azərbaycan onunla fəxr edir. Diplomat deyib: “O, eyni dərəcədə həm Azərbaycana, həm də Rusiyaya məxsus idi, çünki hər iki ölkəni öz Vətəni sayırdı. O, öz yaradıcılığı, musiqisi, fəaliyyəti ilə Azərbaycan və Rusiya əlaqələrinə xidmət edib. Bizim ölkədə Müslüm Maqomayevi çox sevirlər. Bu gün bütün televiziya kanallarında onun yubileyi ilə əlaqədar verilişlər yayımlanır. O, bizim mədəniyyətimizin bir hissədir”.

Xalq Artisti, kinorejissor Eldar Quliyev, Xalq rəssamları Ömər Eldarov və Fərhad Xəlilov çıxış edərək bildiriblər ki, Müslüm Maqomayev qeyri-adi insan idi. Onu canlı gördükləri və dinlədikləri üçün özlərini xoşbəxt sayan natiqlər vurğulayıblar ki, M.Maqomayevin bənzərsiz yaradıcılığı insanların qəlbində silinməz izlər qoyub.

Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq Artisti Tamara Sinyavskaya bildirib ki, artıq 9 ildir Müslüm aramızda yoxdur. Ancaq insanların ona olan sevgisi azalmayıb. İllər keçdikcə insanlar onu daha çox qiymətləndirirlər. Onun səs tembrində sevgi, ləyaqət, düzgünlük, dostluq, mərdlik vardı. Ona görə də o hər kəsin qəlbində yaşayır.

Tamara Sinyavskaya gənc nəslə Müslüm Maqomayevin səs yazılarını qulaq asmağı məsləhət görüb. /azertag.az/

# 1290 dəfə oxunub

Müəllifin son yazıları

# # #