Mənə yetim deyirlər

Mənə yetim deyirlər
19 oktyabr 2016
# 13:18

İlkin Baba

...Səhər təzə açılmışdı. Adətən yuxudan özüm vaxtında oyanırdım. Bu gün nəsə bir tənbəllik çökmüşdü sanki üstümə. Həyətdəki maşınların səsi olmasaydı, bəlkə də yatardım. Gözümü güclə açıb, telefonun ekranına baxdım. Saat 08.13 idi. Gecədən gələn, amma oxumadığım mesajlar, bir də 13 cavabsız zəng. Anam zəng edib. Yazıq arvad yəqin "yemək qurtarıbsa, açarı ver qonşuya, sabah bişirib gətirəcəm" demək üçün yığıb məni. Üstəlik, cavab vermədiyim üçün də nigaran qalıb. Mən onu tanıyıramsa, yüz faiz gecəni də yatmayıb ki, görəsən bu uşaq haralardadı, niyə telefona cavab verməyib. Budur, elə bil hiss edib, zəng elədi. Hələ bir ürək sözlərini də boşaltdı üstümə. Deyir, itin balası sən məni öldürəcəksən. Belə məsuliyyətsizlik olmaz...

...İşə getməli idim. Gərnəşərək yataqdan qalxdım. Hələ nə geyinəcəyimi də bilmirəm. Ütülənmiş köynəklərimin hamısını istifadə eləmişdim. Dünən geyindiyimi yenidən əynimə keçirib, düşürəm həyətə. Bu qonşuya da yüz dəfə demişəm ki, ay zalım, maşınını elə saxla ki, biz də girib-çıxa bilək. Deyinə-deyinə yenidən 13-cü mərtəbəyə qalxıb, qonşunu oyadıram. Ağsaqqal kişi üzrxahlıq edib, mənə yol verir. Bakının küçələrini çox sevirəm. Sanki, hər tinində bir xatirəm var. Ona-buna salam verib, gedirmiş kimi. İş yerim evimə çox da uzaq deyil. 10-13 dəqiqəlik yoldur...

...Uşaqlıqdan həvəsim var idi hansısa bir qurumun rəhbəri olum. İnsanın məqsədi olanda, ona çatmağı da asan olur. Amma bu kağız-kuğuz işlərini sevmirəm də. Bəzən baxmayıb, imzalayıram. Sonra da fikir məni birtəhər edir ki, birdən nəsə zibili çıxar. Elə sənədləri imzalayırdım ki, ayın tarixi gözümə sataşır. Aman Allah. Mən bu tarixi necə unuda bilərəm axı? 13 iyul. Anamın doğum günüdür...

...Tələm-tələsik işdən çıxıb, üz tuturam gül mağazasına. Qızılgülləri çox sevir anam. Amma deyinəcəyini də bilirəm. Yenə başlayacaq ki, neynirsən bu gülə pul verməyi, nəyimə lazım bu yaşımda mənim gül? Bir tərəfdən də sevinəcək ki, onun doğum gününü unutmamışam. Hələ bişirdiyi yeməkləri demirəm...

...Gül mağazasından çıxıb, aldığım buketi maşının arxa oturacağına qoyuram. Ehtiyatla yerləşdirirəm ki, heç olmasa evə kimi əzilməsin. Üz tuturam evimizə, daha doğrusu anamgilə. Mən nədənsə ayrı yaşamağı seçmişdim. Onlar razı olsalar da, bir əllərini üstümdən çəkmirdilər. Qapını anam açır. Deyir, bilirdim ki, gələcəksən. Arvadın üzündəki sevinci təsəvvür edə bilməzsiniz. Bu axşam səni buraxmaram ha, burda qalacaqsan deyir.

Razılaşıram...

...Soyuqdur, hardansa külək gəldiyi hiss olunur. Həm də, deyəsən məni çağırırlar...

- Yetim, ay yetim, oyan da...

...Bir sillə dəyir elə bil üzümə... Oyanıram... Hə, məni çağırırlar. Səhər yeməyinin vaxtıdır.

Kimsəsiz uşaqlar evində hərənin bir "kliçkası" var. Mənə də yetim deyirlər....

# 1078 dəfə oxunub

Müəllifin son yazıları

# # #