Nəğmə qadın

Nəğmə qadın
26 iyul 2019
# 17:11

Bu gün 26 iyul Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anım günüdür. Kulis.az bu münasibətlə Günay Şahmarın Şəfiqə Axundova haqqında yazısını təqdim edir.

Az qala mənlə həmyaşıd olan arzularımı, ümidlərimi özümə yük edib, növbəti dəfə yaşadığım kənddən paytaxta yola düşürəm. Kəndimizin kələ-kötür yollarında qalxıb – enən avtobusdakı kənd adamlarının hamar, rahat yol arzulu söhbətlərini radionun hərdən eşidilən xırıltısı pozur. Dağların əngəl olduğu radio dalğasında çətinliklə doğma musiqini doğma səsi seçə bilirəm. Adil Babayevin sözlərinə Şəfiqə Axundovanın bəstələdiyi “Həsrətindən” mahnısı Məmmədli Əliyevin ifasında səslənir. Dağlardan uzaqlaşdıqca, asfalt yola çıxdıqca səslənən mahnının qüsursuzluğuna sığınaraq dönüb, daşlı-kəsəkli yollara, radioya mobil telefona dalğa buraxmayan insafsız dağlara sizdən qurtuldum baxışı ilə baxıram. Kənd arxada qalsa da burnuma nanə qoxusu gəlir. Yay tətili, bu musiqi və nanə qoxusu...

“Mən çoxdan intihar edərdim, əgər xatirələrim olmasaydı..” ( Vaqif Səmədoğlu )

Bütün yay tətillərini kəndimizdən kənara çıxmazdıq. Tətili şəhərdən kəndə qonaq gəlmiş uşaqlarla “Futbol”, “Gizlənqaç”, “Rəng-rəng”, “Qaçdı-tutdu” oynayaraq keçirərdik. Oyunların əksəriyyəti də bizim həyətdəki tut ağacının altında baş tutardı. Mən həyətimizin oyunların mərkəzi seçilməsindən nə qədər məmnun olurdumsa, yayın istisindən daldalanıb tutun kölgəsinə sığınan, həmişə də nanə arıtlayan nənəm bir o qədər narahat olurdu. Canı ilə əlləşən, xəstəliklə əlbəyaxa olan, rahatlığını radio dinləməkdə tapan əmim üçün narahat olurdu. Bütün məhəlləni başına götürən əmimin “priyomnik”inin səsi ilə nanənin qoxusu bir-birinə qarışırdı. Nənəm də xüsusi avazla, çox astadan bu ecazkar səsə qoşulurdu. Bizim isə nə yaşlı, nə xəstə, dincələn, yatan vecimizə deyildi. Günortanın istisi, axşamın soyuğu, küləyi bizə təsir etmirdi. Elə bil yaşadığımız hər gün sentyabrda yazacağımız inşa mətnini zənginləşdirməyə xidmət edirdi. Gəl ki bu yay tətilində də dəniz, şəhər, gəmi görməyən bir uşaq inşasının keçən ilkindən fərqli olması üçün eyni dağları, çayları necə, nə cür, dilin hansı imkanlarından istifadə edərək yazacaqdı, tanrı bilir...

“Barmaqları bəxtəvərim, başı bəlalım” ( İbrahim İlyaslı )

Bakıya çatanda artıq telefonumda qulaqlıqla sayını unutduğum qədər “Həsrətindən” dinləyirəm. Bu dəfə isə bəstəkar və pianoçu, Şəfiqə Axundovanın oğlu Taleh Hacıyevin ifasında.

İnşa yazılarına mövzu tapmadığımız vaxtlarda, əslində, uşaqkən tanış olub, böyüdükcə inşa mövzusundan çox dərin, kitab kimi insan ömürləri öyrəndik. Elə aktyor, xanəndə, “Sail” təxəllüsü ilə şeirlər yazan, ömrünü məhrumiyyətlərlə yaşamış Məmmədli Əliyev kimi, peşəkar, istedadlı musiqiçi Taleh Hacıyev kimi, gəncliyini, gözəlliyini, sevgisini, bir sözlə, hər şeyini Azərbaycan musiqisinə həsr etmiş Şəfiqə Axundova kimi.

“Həyat, sən nə şirinsən

Kim səndən doydu, getdi?!” (Bəxtiyar Vahabzadə)

89 yaşında musiqili dünyasından köç edən Şəfiqə Axundova, məni ölməyə qoymayın, məni unutmayın, demişdi.

Təqvimlərə səpələng olmuş, adını uşaqlıq, gənclik, qocalıq qoyduğumuz ömrümüzün hər çağında yer alan notları var Şəfiqə xanımın. “Laylay”ı ilə şirin yuxuya getdiyimiz qayğısız günlərdə də, “Gözlərimin işığı sənsən” deyib sığındığımız insanların “Həsrətindən” qəhr olanda da, “Həyat, sən nə şirinsən” deyib ikiəlli həyatdan yapışanda da. Şərqdə ilk opera yazan təvazökar, gözəl xanım, öz qəlbini, ruhunu dünyamızda qoyub gedən nəğmə xanım, biz sizi unutmadıq.

Ümumtürk inanclarına görə bəzi ağaclar müqəddəsdilər, o cümlədən, tut ağacı. Bilmirəm, nəyə səcdə etmək günah, nəyə savab yazılır. İnsana, ağaca, yoxsa Tanrıya səcdə daha müdrikcədi. Amma unutmadığımız o ağac kimi, o insanlar kimi, o nəğmə kimi yaşayırsınız bizimlə, nəğməkar qadın.

# 2621 dəfə oxunub

Müəllifin son yazıları

# # #