Bu gün şair Rüstəm Behrudinin ad günüdür. Kulis.az bu münasibətlə şairi təbrik edir və onun həyatından maraqlı faktları təqdim edir.
***
Onun "Salam, dar ağacı" şeiri dillər əzbəri oldu və şairə inanılmaz şöhrət gətirdi.
***
Şairin “Salam, dar ağacı” kitabı 130 min nüsxə ilə satılıb. “Şaman duası” isə 7 min trajla bir gündə satılıb.
***
Rüstəm Behrudi İstanbulda səhhəti üçün yoxlanılır. Müayinələrdən sonra cavabları almaq üçün gözləyir. Darıxmağa başlayır. Vaxt keçmir. Birdən müayinə kağızları rastına çıxır. Ağciyər xərçəngi olduğunu görür. Xəstəxananı tərk edən şair səhərə qədər balıq tutur. Səhər məlum olur ki, elə bir xəstəliyi yoxdur, yanlış diaqnoz olub.
***
Şair dəfələrlə ölümlə üzləşib. Dənizdə boğulmaqdan son anda xilas olub, hündür mərtəbədən sementin içinə yıxılıb, fabrikdə qır qazanına düşüb, xoşbəxtlikdən hər dəfə həyata qayıda bilib.
***
Ramiz Rövşən şair haqqında belə demişdi: “Çoxları dar ağacına salam verə bilər. Dar ağacının salamını aldığı tək şair Rüstəm Behrudidir”
***
Hər kəsin “Salam, dar ağacı” şeiri ilə tanıdığı Rüstəm Behrudi bu şeirini ən zəif adlandırır.
***
Mərhum prezident Elçibəylə yaxın dost olublar. Bəyin toy günündə bəy özü və Vaqif Bayatılı Kələki kəndində müəllim işləyən və orda kirayə qalan Rüstəm Behrudinin evinə gəlirlər. Elçibəy Vaqiflə onu tanış edir, şeirlərini çap etməsi üçün kömək etməyi tapşırır. Rüstəm Behrudini ilk dəfə Vaqif çap edir.
***
Rüstəm imkanlı şair kimi tanınır. Bir dəfə AYB-dən kimsə yazmışdı ki, Rüstəm istəsə qardaşlarıyla birləşib vertolyot ala bilər, bura vertolyotla gəlib-gedər.
***
Amma uşaq vaxtı çox kasıb olublar. Həyətlərindəki gilası yığıb satırmışlar.
***
Yeddi qardaş olublar. Biri rəhmətə gedib. Hər il analarının ad günündə hamısı toplaşıb analarının yanına gedir və foto çəkdirirlər.
***
Uşaq vaxtı kəndlərindən bir qız sevib. O qız indi ailəlidir. Qardaşı Rüstəmin o vaxtlrını belə xatırlayır: “Sevəndə başqa cür olurdu, dəlicəsinə sevirdi sevəndə. Sıradan sevgi onluq deyildi. Şair kimi sevirdi...”
***
Rüstəm Behrudi gənc vaxtlarında qumar oynamağı sevərmiş. Bir dəfə qumarda uduzduğuna görə Elçibəydən 500 dollar alır və uduzur. Daha sonra Əkrəm Əylislidən, Ramiz Rövşəndən də pul alıb qumarda uduzur.
***
Məclislərin birində əhvalı yaxşı olan şair danışırmış ki, bir dəfə Türkiyədə müğənni Ahmet Kaya ilə görüşdük. O, millətçilərin, bozqurdçuların əleyhinə sərt sözlər dedi, qalxıb onu yumruqla vurdum, o isə bağlama ilə məni vurdu. Söhbətin nə dərəcədə doğru olduğu bilinməsə də, dinləyicilərin böyük marağına səbəb olub.