Xalq yazıçısı Anarla Sabirabadda görüş keçirildi

Xalq yazıçısı Anarla Sabirabadda görüş keçirildi
16 aprel 2024
# 18:00

Sabirabadda Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüş təşkil edilib. Tədbir Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Azərbaycan Yazıçılar Birliyi, Regional Təhsil İdarəsi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Kulis.az xəbər verir ki, Xalq yazıçısı Anar öncə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq tövsiyələri əsasında yaradılan “Hophopnamə” Kitab Mərkəzini ziyarət edib, ona Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Sabirabad rayon Mədəniyyət Mərkəzində baş tutan görüşdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, yazarlar, mədəniyyət işçiləri, regionda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, gənclər, müəllim və tələbələr iştirak ediblər.

Tədbirin aparıcısı Ağalar Ağammədov görkəmli yazıçı və ictimai xadim Anarın çoxcəhətli yaradıcılıq fəaliyyəti barədə iştirakçılara məlumat verib.

Daha sonra icra başçısı Siraqəddin Cabbarov Xalq yazıçısını və qonaqları salamlayaraq dövlətimizin, Azərbaycan xalqının misilsiz sərvəti olan klassik irsə, ümumən bədii ədəbiyyata xüsusi önəm verməsindən, ədəbiyyatımızın - yazıçı və şairlərin xalqın həyatındakı böyük xidmətlərindən danışaraq Anar müəllimin bu sahədə müstəsna rolunu qeyd edib.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri,Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, nasir, tərcüməçi Əyyub Qiyas, gənc şair və publisist, "525-ci qəzet"in mədəniyyət şöbəsinin müdiri Nadir Yalçın çıxış edərək, böyük həyat məktəbi, zəngin yaradıcılıq yolu keçən Anarın Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin inkişafında və təbliğində əvəzsiz xidmətlərindən söz açıblar, onun əsərlərinin xalqımızın mənəviyyatının zənginləşməsində, mədəni inkişafında, milli özünüdərkində mühüm rol oynadığını bildiriblər.

Çıxışçılar həmçinin “Günlərdən şeir” layihəsi çərçivəsində öz yaradıcılıqlarından nümunələr səsləndiriblər.

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdlərinin ifasında “Sənə də qalmaz”, “Ala gözlüm”, “Aman Ayrılıq”, “Ay Laçın” mahnıları səsləndirilib.

Söhbət şəklində davam edən tədbirdə Xalq yazıçısı Anar keçdiyi həyat yolundan, Ulu öndər Heydər Əliyevlə, eyni zamanda,Şuşa şəhəri ilə bağlı zəngin xatirələrindən söz açıb, ədəbiyyat, söz, sənət, mədəniyyət haqqında, həmçinin əsərləri və yaradıcılığı ilə bağlı sualları əhatəli şəkildə cavablandırıb.

Yazıçı maraqlı müzakirələrlə yaddaqalan görüşə, haqqında səsləndirilən fikirlərə görə minnətdarlığını bildirib.“Hophopnamə” Kitab Mərkəzinin yaradılmasının regionda mədəni mühitin canlanması istiqamətində mühüm addım olduğunu vurğulayıb.

Sonda Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxış edərək, dəvəti qəbul edib oxucularla görüşə gəldiyi üçün Xalq yazıçısına təşəkkürünü bildirib.

Region sakinləri tərəfindən böyük maraqla qarşılanan görüş xoş əhval-ruhiyyə ilə başa çatıb, Xalq yazıçısı ilə xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, tədbirdən sonra Xalq yazıçısı Anar yazıçı-şairə Nisə Bəyimin məzarını ziyarət edərək onu ehtiramla anıb.

# 825 dəfə oxunub

Müəllifin son yazıları

# # #