Xalq artisti Muxtar Avşarovun anadan olmasının 110 illiyi qeyd ediləcək

Xalq artisti Muxtar Avşarovun anadan olmasının 110 illiyi qeyd ediləcək
1 aprel 2024
# 17:30

Aprelin 4-də Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, görkəmli teatr və kino aktyoru Muxtar Avşarovun anadan olmasının 110 illiyinə hər olunan gecə keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbiri Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə gerçəkləşəcək.

Tədbirdə sənətkarın Azərbaycan teatr və kinosunun inkişafına verdiyi töhfələrdən söz açılacaq, həmkarları aktyorla bağlı xatirələrini bölüşəcək. Muxtar Avşarovun çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq.

Qeyd edək ki, Muxtar Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olub. 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində qohum-qardaşlarını itirən yüzlərlə soydaşlarımızdan biri kimi onların da sağ qalan ailə üzvləri Türkiyəyə üz tutub və ara sakitləşəndən bir müddət sonra Gəncə şəhərinə pənah gətiriblər. Burada dəmir yolu məktəbində təhsil alan M.Avşarov Ağasəlim Manaflının dram dərnəyinin aktyoru kimi ara-sıra səhnəyə çıxıb. Bir müddət sonra dərnəyə rəhbərlik edən görkəmli aktyor Ülvi Rəcəb Aleksandr Şirvanzadənin “Namus” pyesində Sumbat rolunu M.Avşarova tapşırıb.

M.Avşarov Həbib İsmayılov və Rza Sarabski kimi rejissorların hazırladıqları bir neçə tamaşada baş rolları məharətlə ifa edib. Ömrünün 65 ilini peşəkar səhnəyə bağlayan, zəngin dünyagörüşünə malik olan, daim səhnəni düşünən sənətkar Gəncə Dövlət Dram Teatrına dəvət olunub. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxan M.Avşarov sonralar Səməd Vurğunun “Vaqif” pyesində Zülfüqar, Cəfər Cabbarlının “Nəsrəddin şah”, “Yaşar”, “1905-ci ildə”, “Almaz” əsərlərində rollar alıb.

1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışıb. 1992-ci ildən ömrünün sonunadək isə Bakı Bələdiyyə Teatrında çalışaraq maraqlı obrazlara həyat verib.

Aktyor “Sevil” (film-opera; 1970), “Ulduzlar sönmür”, “Axırıncı aşırım”, “Qatır Məmməd”, “Tütək səsi”, “Arxadan vurulan zərbə”, “Birisigün, gecəyarısı”, “Atları yəhərləyin”, “Qəm pəncərəsi”, “Kişi sözü”, “İşarəni dənizdən gözləyin”, “Qətl günü” və s. filmlərdə yaddaqalan obrazlar qalereyası yaradıb.

M.Avşarov 1960-cı ildə Əməkdar, 2002-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Realist yaradıcılığı, müsbət şəxsi keyfiyyətləri ilə yadda qalan aktyor 2004-cü il dekabrın 1-də dünyasını dəyişib.

# 644 dəfə oxunub

Müəllifin son yazıları

# # #