"Vüsal yollarına qar ələnibdir..." - Əlibala Hacızadənin hansı əsəri əsasında Azərbaycanın ilk teleserialı çəkilmişdi?

"Vüsal yollarına qar ələnibdir..." - Əlibala Hacızadənin hansı əsəri əsasında Azərbaycanın ilk teleserialı çəkilmişdi?
28 avqust 2025
# 18:19

28 avqust yazıçı Əlibala Hacızadənin doğum günüdür.

Kulis.az bu münasibətlə ədibin həyat, yaradıcılıq yolundan maraqlı faktları və onun mətn müəllifi olduğu, Cavanşir Quliyevin bəstələdiyi "İtkin gəlin" mahnısını Xalq artisti Aygün Kazımovanın ifasında təqdim edir.

Əlibala Qüdrət oğlu Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub.

1953–1958-ci illərdə ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb, 1958-ci ildən AMEA-nın Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayıb.

1966–1970-ci illərdə Əfqanıstanda mütərcimlik edib, sonrakı illərdə institutda baş elmi işçi və İran filologiyası şöbəsində çalışan Hacızadə 1994–1996-cı illərdə “Nizami” jurnalının baş redaktorluq edib.

Yazıçının ədəbi yaradıcılığı elmi mühitin təsvirinə yeni baxış gətirib. “Təyyarə kölgəsi” və “Vəfalım mənim” kimi romanları elm adamlarının həyatını geniş oxucu kütləsinə çatdırıb.

1980-ci illərin ikinci yarısında qələmə aldığı “Möcüzə” romanı mürəkkəb ictimai proseslərə özünəməxsus baxışı əks etdirir.

Əlibala Hacızadə həmçinin XX əsr İran poeziyasının tanınmış nümayəndəsi Fərruxi Yəzdiyə həsr olunmuş monoqrafiyanın müəllifidir və müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırma aparıb.

O, həmçinin bir sıra orta əsr mənbələrini Azərbaycan dilinə tərcümə edib.

Onun məşhur “İtkin gəlin” romanı əsasında 12 seriyalı bədii televiziya filmi çəkilib. Azərbaycan televiziyası tarixində ilk teleserial sayılan "İtkin gəlin" həmin dövrdə - 90-cı illərin əvvələrində böyük populyarlıq qazanıb.

Yazıçının ədəbi irsinə “Heykəl gülür”, “Unutmaq olmur”, “Məhəbbət olmayan evdə”, “Cehiz”, “Pəhləvan”, “Təyyarə kölgəsi”, “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Vəfalım mənim”, “Dünyanı tanı”, “Sevəcəyəm” və 10 cildlik “Əsərləri” daxildir.

Əlibala Hacızadə 2009-cu il oktyabrın 8-də vəfat edib.

# 232 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər