Vətən müharibəsi şəhidlərimizdən bəhs edən "Mən buradayam, ilahi!" filminin çəkilişləri başlayıb.
Kulis.az xəbər verir ki, bu barədə APA-ya filmin rejissoru Qulu Əsgərov məlumat verib.
Onun sözlərinə görə, filmin əsas mövzusu müharibənin insan həyatına vurduğu mənəvi-psixoloji zərbələrdir. Süjetdə ağır döyüş səhnələrindən daha çox müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların həyata müqaviməti ön planda çəkilir.
Ekran işində Rasim Cəfər, Aygün Əlipənahova, Günay Həsən, Ayşad Məmmədov və Leyli Vəliyeva yer alır. Filmin ssenari müəllifi Nicat Dadaşov, təsviri rejissoru Vasif Vəlizadə, prodüseri isə Həsən Axundovdur.
“Cineart” şirkətinin istehsalı olacaq filmin əsas çəkilişləri Bakıdadır və filmin texniki dəstəyi “Ultra production” tərəfindən göstərilir.
“Mən buradayam, ilahi!” filmi sentyabr ayınının sonunda tamaşaçıların ixtiyarına veriləcək.
Qeyd edək ki, filmin yaradıcı heyətinin bundan əvvəl istehsal etdiyi "Hasar" filmi 13-cü Bakı Beynəlxlaq Qısa Filmlər Festivalında "Ən yaxşı bədii film" nominasiyasına layiq görülüb.