Versal sarayında tarixi açılış: ABŞ-nin müstəqilliyinə həsr olunmuş yeni qalereya

Versal sarayında tarixi açılış: ABŞ-nin müstəqilliyinə həsr olunmuş yeni qalereya
24 iyun 2026
# 15:30

Versal sarayında ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə yeni qalereya açılıb.

Kulis.az xəbər verir ki, iyulun 4-ü şənbə günü fəaliyyətə başlayacaq bu qalereya müstəqillik dövrünün siyasi, diplomatik və hərbi fiqurlarını önə çıxarmaq məqsədilə sarayın zəngin kolleksiyasından rəsm, heykəl və portretləri bir yerə toplayır.

Versal sarayı ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə bu yeni məkanı ziyarətçilərin ixtiyarına verəcək.

Kral XVI Lüdovikin Bencamin Franklini qəbul etdiyi və Fransanın 1778-ci ildə Amerika suverenliyini rəsmən tanıdığı tarixi mənzildə yerləşən bu qalereya həm də Paris ilə Vaşinqton arasındakı dərin köklərə malik əlaqələri xüsusi olaraq vurğulayacaq.

İki ölkənin ortaq tarixi və "İki yönlü hekayə"

Versal eyni zamanda 1783-cü ildə müstəqillik müharibəsinin sona çatmasına və gənc Amerika Respublikasının beynəlxalq aləmdə tanınmasına böyük töhfə verən müqavilələrdən birinin imzalandığı mühüm tarixi məkandır. Sərgi ziyarətçilərə Bencamin Franklin, Markiz de Lafayet və Corc Vaşinqton kimi dövrün ən böyük tarixi şəxsiyyətlərini yaxından tanımaq imkanı yaradır.

Versal sarayının kuratoru Klara Terro layihənin tarixi əhəmiyyətini belə izah edir:

"Versalda ABŞ-nin müstəqilliyinə həsr olunmuş xüsusi bir marşrut yaratmaq həqiqətən də çox məntiqlidir; çünki hələ XVI Lüdovikin dövründə belə, Fransa ilə bu hadisələr arasındakı bağı xatırlatmaq istəyi mövcud idi. Bunun ən real nümunələrindən biri kralın şəxsi mənzilində yer alan və ABŞ-nin müstəqillik müharibəsini tərənnüm edən böyük şamdan sifarişi idi".

Versal Sarayı Muzeyinin direktoru Loran Salome isə bu ənənənin daha sonrakı dövrlərdə necə formalaşdığına diqqət çəkib:

"Bu qeyd etmə arzusu Birinci Dünya müharibəsindən sonrakı dövrə qədər uzanır. O dövrün muzey müdiri, amerikalıların bu müharibə zamanı Avropaya göstərdikləri yardımdakı rolunu xüsusi vurğulamaq istəyirdi. Məhz bu səbəbdən, 1918-ci ildən dərhal sonra Avropadakı Amerika varlığına hörmət əlaməti olaraq Amerika İnqilabına həsr olunmuş qalereyalar yaratdıq. Bu qalereyalar eyni zamanda Fransanın 18-ci əsrdə üsyançıları necə dəstəklədiyini göstərir. Dolayısı ilə bu, iki yönlü bir hekayədir. Həmin məkanlar müxtəlif formalarda mövcud oldu, daha sonra isə itdi. Bu gün, 250-ci ildönümü ərəfəsində biz onları yenidən bərpa edirik".

Versal tarix yazmağa davam edir

Versal sarayı Güzgülü Qalereya, Günəş Kralın bağları və diqqətlə qorunub saxlanılan bir neçə əsrlik milli ehtişamla birlikdə, ehtimal ki, Fransa Prezidentinin əlindəki ən güclü "yumşaq güc" alətlərindən biridir.

Loran Salomenin sözlərinə görə, bu məkan yalnız nümayiş üçün deyil, həm də fərqli düşüncə tərzi formalaşdırmaq üçün dizayn edilib:

"Bura tamamilə fərqli bir müzakirə mühiti yaradır. Zənnimcə, bu, başından bəri onsuz da XIV Lüdovikin əsas ideyası idi. Bu məkan insanları fərqli düşünməyə sövq etmək üçün hazırlanıb. Əlbəttə ki, o həm də diplomatik bir alətdir; buna görə də parlaq, təsirli olmalı və Fransanın nə qədər böyük bir ölkə olduğunu sübut etməlidir. Lakin məsələ yalnız bununla bitmir: bura həm də dünyanın gözəlliyi və harmoniyası ilə sıx bağlıdır."

Siyasət və diplomatiyanın kəsişmə nöqtəsi

Bu möhtəşəm açılış Fransa Prezidenti Emmanuel Makronun amerikalı həmkarı Donald Trampı Versalda qəbul etməsindən sadəcə bir neçə gün sonraya təsadüf edir, bu isə Makron üçün bir ilk idi. Muzey müdirinin sözlərinə görə, Fransa lideri bu məkandan çox təsirlənmişdi və heyran qalmışdı. Respublikaçı prezident Donald Tramp isə öz valehliyini "Dünyada bundan daha yaxşısının olduğunu düşünmürəm" sözləri ilə ifadə edib.

Ötən həftə isə bu tarixi divarlar arasında tarix bir növ yenidən təkrarlandı; əsl müzakirələrin dörd gün sonra başlamasından əvvəl Donald Tramp sürpriz bir qərarla İrandakı müharibəyə son qoymağı hədəfləyən anlaşma memorandumunu məhz Versalda imzaladı.

# 94 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər