Venesuelada faciə: Məşhur rok qrupunun bütün üzvləri zəlzələ zamanı həlak oldu

"Van Der Dijs" nu-metal qrupu

"Van Der Dijs" nu-metal qrupu

2 iyul 2026
# 12:00

Venesuelada meydana gələn və böyük dağıntılara səbəb olan dəhşətli zəlzələlər zamanı "Van Der Dijs" nu-metal qrupunun dörd üzvü vəfat edib.

Kulis.az xəbər verir ki, təbii fəlakət musiqiçiləri studiyada məşq edərkən yaxalayıb.

Venesuelanın "Últimas Noticias" nəşrinin məlumatına görə, vokalist Manuel van Der Dijs, gitaraçı Qabriel Qomes (Gabriel Gómez), bas-gitaraçı Xander Ernandes (Xander Hernández) və nağaraçı Abraham Fuko (Abraham Foucault) fəlakətdən ən ağır zərbə alan sahil əyaləti La Quayrada (La Guaira) yerləşən "Costamar II" binasının çökməsi nəticəsində dağıntılar altında qalıblar. Xilasetmə qrupları yalnız sonradan onların cansız bədənlərinə çata biliblər.

Yüksələn ulduzların yarımçıq qalan xəyalları

"Van Der Dijs" Venesuela rok səhnəsində sürətlə parlayan və böyük ümidlər vəd edən bir qrup idi. Qrup 2024-cü ildə yaradılıb və elə həmin il "Nemesis" adlı layihələrini təqdim edərək rəğbət qazanıb.

Cəmi bir ay əvvəl onlar yeni "15 Minutos" adlı sinqllarını pərəstişkarlarının ixtiyarına vermişdilər.

İyunun 19-da Karakasın La Kastellana səmtindəki Müasir İncəsənət Mərkəzində (Centro de Arte Moderno) qrupun anşlaqla keçən möhtəşəm konserti baş tutmuşdu. Onların rəsmi instaqram səhifəsində ölkə boyu planlaşdırılan yeni konsert turlarının tarixləri anons edilirdi.

Ölkədə böyük humanitar böhran

İyunun 24-də Venesuelada ardıcıl olaraq qeydə alınan 7.2 və 7.5 bal gücündə zəlzələlər bütün ölkə boyu genişmiqyaslı dağıntılara yol açıb və dövləti böyük bir humanitar krizlə üz-üzə qoyub. Hazırda xəstəxanalar öz potensialından qat-qat artıq güclə işləyir, xilasedicilər isə çökən binalarda axtarış tədbirlərini fasiləsiz davam etdirirlər.

İndiyədək 2290-dan çox insanın dünyasını dəyişdiyi rəsmən təsdiqlənib. Minlərlə insan yaralanıb, çox sayda vətəndaş isə hələ də itkin düşmüş hesab olunur.

# 94 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər