Ümidlər, arzular pərən-pərəndir - Əli Kərim

Ümidlər, arzular pərən-pərəndir - Əli Kərim
7 noyabr 2023
# 14:40

Kulis.az Əli Kərimin "Qayıt" şeirini təqdim edir.

Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun,
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!

Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halını soruş, könlümü dindir;
Axşamlar yadıma düşür səhərim.

Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm evə,
Düz öz qaydasınca küçələri sən.

Qayıt, yerinə qoy Ayı, Günəşi-
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı!

# 778 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #