"Türk ədəbiyyatı" dərgisinin "Şah İsmayıl" sayı nəşr olundu

"Türk ədəbiyyatı" dərgisinin "Şah İsmayıl"  sayı nəşr olundu
2 may 2024
# 14:00

Yazıçı-şair, tərcüməçi İmdat Avşarın baş redaktoru olduğu "Türk ədəbiyyatı" aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, görkəmli şəxsiyyət Şah İsmayıl Xətaiyə həsr olunub. Şanlı hökmdarın vəfatının 500-cü il dönümü münasibətilə ərsəyə gələn dərgidə Şah İsmayıl Xətainin şəxsiyyəti və yaratdığı əsərlər barədə müxtəlif yazılar dərc olunub.

Kulis.az xəbər verir ki, "Şah İsmayıl" adlanan xüsusi buraxılış Tufan Gündüzün yazısı ilə başlayır.

Müəllif yazıda Xətainin şəxsi və siyasi həyatından yola çıxaraq onun portretini sözlə yaratmağa nail olub. Muhsin Macit öz yazısında Xətainin ədəbi irsi, yaradıcılıq nümunələri, şah beytləri mövzusu ətrafında fikirlərini bölüşüb. Qeyd edək ki, M.Macit Xətainin divanını Türkiyədə nəşr etdirib. Mustafa Tatcı isə könül dəryasından bəhs edərək Xətainin nəfəsini şərh edib. Ziya Avşar Xətainin alplıqla ərənlik arasında ömür sürdüyünü və şairliyin ona irfani yol açdığını qeyd edib. Serdar Gürçay Xətainin şeirlərindən seçdiyi beytləri nümunə gətirərək şairin bədii təxəyyülünün ifadə gücünü təhlil edib. Leyla İpekçi Xətainin öz mənliyini vəhdət dəryasında necə əritdiyini, həqiqətə çatmaq yolunda hansı mərhələlərdən keçdiyini qələmə alıb. Orxan Aras təbii qəbul edilən və tez-tez təkrar edilən sözləri yeniləmək əvəzinə Şah İsmayıla fərqli rakursdan yanaşmağın mümkünlüyünü oxuculara izah etməyə çalışıb.

Kenan Çarboğa və Sabir Sarvan dərginin bu sayında türk tarixində yaddan çıxmayan böyük qardaş davalarından bəhs ediblər.

"Şah İsmayıl" sayını bəzəyən miniatürlərin müəllifi isə Azərbaycanın çağdaş miniaütür sənətinin istedadlı siması Pəri xanımdır.

Xətaiyə həsr olunan esselərin ardınca Türkiyə ədəbiyyatının usta qələm sahibi Sait Faikin ölümünün 70-ci ildönümündə Hüseyin Barganın onun son günlərindən bəhs edən yazısı oxuculara təqdim olunub. Salim Nizamın ölümlə həyatın arasındakı incə xətti yenidən bizlərə düşündürən hekayəsi də dərginin bu sayında yer alıb. Tarık Özcan və Mehmet Aycının şeirləri "Türk ədəbiyyatı"nın may buraxılışında işıq üzü görüb.

# 964 dəfə oxunub

Müəllifin son yazıları

# # #