“Türk dünyasından hekayələr” kitabının təqdimatı keçirildi

“Türk dünyasından hekayələr” kitabının təqdimatı keçirildi
30 sentyabr 2024
# 17:30

28 sentyabr 2024-cü il tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Respublikası Gənclər fondunun dəstəyi ilə nəşr olunan “Türk dünyasından hekayələr” kitabı oxuculara təqdim edilib.

Kulis.az xəbər verir ki, ilk olaraq, BDU-nun doktorantı və müəllimi, layihə rəhbəri Məleykə Mirzəli qonaqları salamlayaraq giriş nitqi söyləyib. O, “Türk dünyası hekayələrdə” layihəsinin icra məqsədi, gedişatı və nəşrə hazırlanan kitabın əhəmiyyəti haqqında məlumat verib. Qeyd edib ki, bu kitab əsas olaraq gənclərdə türk dünyasına, fərqli türk xalqlarına, onların çağdaş ədəbiyyatına, ümumən, mütaliə mədəniyyətinə maraq yaratmaq məqsədi daşıyır.

Sonra çıxış üçün söz Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərova verilib. O, çıxışında qeyd edib ki, qədim tarixə malik, dünya mədəniyyətinə misilsiz töhfələr verən türk xalqlarının ədəbiyyatını tanıtmaq və gənclər arasında təbliğatı baxımından bu nəşr təqdirəlayiq hadisə hesab oluna bilər.

Təqdimatın davamında Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı çıxış edib. O, əhatəli və məzmunlu nitqində Sibirdən tutmuş Avropaya qədər uzanan coğrafiyaya yayılmış türk xalqlarının hazırkı ədəbiyyatının təbliğ edilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb. Çıxışında bildirib ki, gənc tədqiqatçı olan layihə rəhbərinin daha öncə də bu kimi fəaliyyətləri olub və bundan sonra da davamlı olması arzuolunandır.

Sonra BDU-nun Ədəbiyyat tarixi kafedrasının dosenti Məti Osmanoğlu və həmin kafedranın professoru Yeganə İsmayılova məruzə edərək bu layihənin önəmindən bəhs edib. Qeyd ediblər ki, antologiya səciyyəli hekayələr kitabından tədris zamanı tələbələr də yararlana bilər. Həmçinin onu da bildiriblər ki, ölkəmizdə türkoloji tədqiqatlarda da faydalı vəsait kimi istifadə olunacaqdır.

Təqdimatda daha sonra Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşar gənclərin fərdi layihələrinin qrant müsabiqəsi içində bu layihənin fərqlənərək qalib gəlməsi amilini vurğulayıb. Çıxışında bildirib ki, layihə rəhbəri qarşısına qoyduğu məqsədə bu kitabla nail ola bilib.

Kitabda hekayəsi yer alan yazar Ümid Nəccari və kitabın redaktoru İlahə Ümidli də kitabın mütaliəsi ilə əldə olunacaq fikirlərin gənclər üçün əvəzsiz rola malik olacağını qeyd ediblər.

Tədbirin davamında gənc ədəbiyyatçı-tədqiqatçılar kitabda yer alan hekayələri təhlil ediblər. AMEA-nın Ədəbiyyat İnstitutunun dissertantı, baş mütəxəssisi Büllur Əlizadə; Ədəbiyyat İnstitutunun doktorantı İlknur Əsgərova; BDU-nun doktorantı və müəllimi Səmra Həsənzadə; gənc tədqiqatçı Bəsti Qurbanova - hər biri fərqli aspektlərdən yanaşaraq etnoloji, kultoroloji, mifoloji baxımdan postmodernist düşüncə ilə hekayələri təhlil ediblər.

Sonda layihənin həyata keçirilməsinə dəstək göstərənlər və fəal iştirakı ilə seçilənlər təltif edilib.

# 576 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #