Tələbə qız Salyerinin “itmiş” baletinin musiqisini bərpa etdi

Tələbə qız Salyerinin “itmiş” baletinin musiqisini bərpa etdi
27 noyabr 2023
# 18:00

Məşhur italyan bəstəkarı Antonio Salyerinin yenidən kəşf edilmiş balet musiqisi 200 ilik fasilədən sonra ilk dəfə “Lincoln Pro Musica” orkestri tərəfindən ifa olunub.

Kulis.az xəbər verir ki, Haddersfild Universitetinin tələbəsi Ellen Stokes Salyerinin "Europe Riconosciuta" operası üçün yazılmış əsərin əlyazmasını Avstriya kitabxanasının arxivində tapıb. Doktoranturada təhsil alan qız bildirib ki, itirilmiş bu əsərin notlarını tapmaq heyrətamiz olub. O, Vyanadakı Avstriya Milli Kitabxanasına gedib və burada dörd əlyazmanın vərəqləri arasında "qarışdırılmış" “Pafio e Mirra” adlı balet üçün yazılmış musiqi notlarını aşkar edib. Tələbə qız deyib: "İnanıram ki, Salyerinin baletlərindən birinə yeni həyat bəxş etmişəm. Bu, onun italyan bəstəkar Kristoff Qlyuk tərəfindən sifariş edilmiş ilk beynəlxalq operasının fasiləsinə əlavə olan əsər idi və balet operanın ortasında gəlirdi. Bu baletin itdiyinə inanılırdı, bəzi musiqişünaslar isə onun yalnız fraqment şəklində mövcud olduğunu düşünürdülər."

Operanın premyerası 1778-ci ildə Milanda olub və 2004-cü ildə yenidən tamaşaya qoyulub, lakin həmin quruluşda balet bölməsi olmayıb. Ellen Stokes XVIII əsrdə bəstəkarın öz operası üçün balet yazmasının "çox nadir" hal olduğunu da əlavə edib. O qeyd edib ki, o dövrdə balet "daha az əhəmiyyət kəsb edirdi".

Qeyd edək ki, Antonio Salyeri 1825-ci ildə vəfat edib və o vaxt Avropanın ən tanınmış bəstəkarlarından biri olub. O, həmçinin öz rəqibi Volfqanq Amadey Motsartın ölümündə əli olduğu barədə şayiələr yayıldıqdan sonra daha çox, lakin mənfi şöhrət qazanıb. Bu söz-söhbətlər Peter Şafferin 1984-cü ildə Oskar mükafatlı filminə çevrilən “Amadeus” pyesində daha da bəzədilib və dramatikləşdirilib.

AZƏRTAC

# 799 dəfə oxunub

Müəllifin son yazıları

# # #