Tel-Afərdə şeir festivalı

Tel-Afərdə şeir festivalı
21 fevral 2025
# 12:40

Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (EIDA) və İraqın Tel-Afər şəhər meriyasının təşkilatçılığı ilə şəhərin qapalı “Səlam” stadionunda Azərbaycan və İraq türkman ədəbi irsi və yaradıcılıq ənənələrini özündə əks etdirən şeir festivalı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə iştirakçılara İraq türkmənləri və Azərbaycanın şifahi və yazılı xalq ədəbiyyatında, poeziya tarixində olan ortaq dəyərləri, nümunələr, simalar haqqında yerli və azərbaycanlı tədqiqatçılar tərəfindən məlumat verilib.

Çıxışlarda poeziya və xalq yaradıclığında əsrlər boyu qorunan ortaq yaradıcılıq nümunələrinə, bu nümunələrdəki mənəvi dəyərlərə, ənənələrə, humanist ideyalara, türk və müsəlman kimliyinin qorunması məsələlərinə diqqət çəkildi. Bununla, ortaq mədəniyyətin azərbaycanlıların və İraq türkmənlərinin ümumi tarixi yaddaşa malik xalq olmalarını sübut etdiyi bildirilib.

Azərbaycanı təmsil edən şair Kamal Hüseynzadə, tədqiqatçı Natiq Rəhimov, AMEA Dilçilik İnstitutunun mütəxəssisi Orxan İsayev və başqaları, İraqdan olan tanınmış şair Rza Çolaqoğlu, şair və ədəbiyyatşünas Abdullah Salah Kərküklü çıxış etdikdən sonra, İraq türkmənləri və Azərbaycanın tarixi və müasir şairlərinin poeziyasından çoxsaylı nümunələr səsləndiriblər.

Festivalda daha sonra EIDA-nın təşəbbüsü və təşkilatçılığı ilə nəşr olunmuş Azərbaycan və İraq türkman şairlərinin şeirlərindən ibarət antologiya iştirakçılara paylanılıb.

Şəhər sakinləri və regionun türkmən əşirət (tayfa) rəhbərlərinin iştirak etdiyi tədbirin davamı olaraq İraq Baş nazirliyi ofisinin dəstəyi ilə Azərbaycan və İraq türkmənlərinin qədim ənənələrindən olan Xıdır İlyas bayramı şənlikləri təşkil edilib. Bayram tədbiri çərçivəsində Azərbaycan və İraq türkmənlərinin xalq rəqsləri nümayiş etdirilib.

Qeyd edək ki, artıq bir neçə ildir EIDA-nın həmtəşkilatçılığı ilə İraqda türkmən mədəni irsinin qorunması ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir.

# 206 dəfə oxunub

Müəllifin son yazıları

# # #