İranın Azərbaycan əsilli tanınmış xanım rejissoru Nikki Kəriminin lentə aldığı “Atabəy” filmi Təbrizin məhşur “Qüds” kinotetrında Azərbaycan dilində nümayiş olunub.
Kulis.az xəbər verir ki, filmin nümayişi ilə bağlı Qala gecə keçirilib. Gecədə filmin ssenari müəllifi Hadi Hejasifər, İranın tanınmış aktyorları Səhər Dövlətşahı, Cavad İzzəti və Təbrizin mədəniyyət xadimləri iştirak ediblər.
“Atabəy” filmi Tehranda keçirilən 38-ci “Fəcr” film festivalında “Pənc Simruq” mükafatına layiq görülüb. Ailə-məişət mövzusunda çəkilmiş filmdəki hadisələr İranın Qərbi Azərbaycan vilayətinindəki Xoy şəhəri yaxınlığında yerləşən Pirkənd kəndində cərəyan edir. Ekran əsərinin qəhrəmanı gənc yaşlarından ailəyə başçılıq etmək məcburiyyətində qalır və böyük çətinliklərə üzləşir. Çətinliklərin öhdəsindən gələn qəhrəman şəxsi həyatını qura bilmir. Onun sevgisi uğursuz olur və bundan sonra həyatını yaxınlarına həsr edir.
Film güclü emosianal təsirə malikdir və elə bu səbəbdən də tamaşaçılar tərəfindən maraqla qarşılanır.