M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşəbbüsü ilə Kamera və Orqan Musiqisi Zalında fransalı tanınmış cello ifaçısı Mark Drobinski tərəfindən ustad dərsi keçirilib.
Kulis.az xəbər verir ki, M.Drobinski öz bilik və təcrübəsini məmnuniyyətlə həmkarları və gənc istedadlar ilə bölüşüb. O, dəfələrlə gənc musiqiçilərin hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb və müəllimlərə mükəmməl professional əməyinə görə təşəkkür bildirib.
Musiqiçi ən xırda detallara və nüanslara diqqət yetirib, müəyyən ifaçılıq tapşırıqlarının həllinin ən sadə yollarını nümayiş etdirib. M.Drobinski əsərin yaranma tarixinə, bədii məzmununun xüsusiyyətlərinə xüsusi nəzər salıb.
Ustad dərsində Calalə İsmayılzadə, Nuray Vəkilova, Vaqif Qurbanov, Orxan Hüseynov, Ərol Rzayev P.Locatelli, S.Rahmaninov, A.Piatti, A.Dvorak, J.S.Bach və F.Shubertin əsərlərini səsləndiriblər.
AZƏRTAC