“Şuşa - Şərqin mədəniyyət beşiyi” adlı musiqili konsert keçirildi

“Şuşa - Şərqin mədəniyyət beşiyi”  adlı musiqili konsert keçirildi
4 iyun 2024
# 18:14

Oman Sultanlığının Muskat şəhərində “Şuşa - Şərqin mədəniyyət beşiyi” adlı musiqili konsert keçirilib.

Kulis.az xəbər verir ki, Dövlət Komitəsinin dəstəyi, Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Oman üzrə koordinatoru Səidə Xəlilovanın təşkilatçılığı ilə baş tutan tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun tədbir iştirakçılarına həm 28 May – Müstəqillik Günü, həm də konsert münasibətilə ünvanladığı təbrik səsləndirilib.

Konsertdə Səidə Xəlilovanın həmtəsisçisi olduğu “Royal Conservatory of Music and Art”ın Azərbaycanla yanaşı, müxtəlif xalqların nümayəndələrindən ibarət müəllim və şagird kollektivi ölkəmizin və dünyanın görkəmli bəstəkarlarının əsərlərini səsləndiriblər. Azərbaycanın xalq musiqiləri, hindli ifaçının təqdimatında “Sarı Gəlin”, Arif Məlikovun “Alegiya” baleti qonaqların xüsusi marağına səbəb olub.

Tədbirdə Səidə Xəlilova Qarabağın mirvarisi Şuşaya həsr olunmuş tədbirin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, 2023-cü ildə Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Səidə Xəlilova Şuşa ilə bağlı verilən bu qərarı İslam dünyasının həmrəyliyinin bariz nümunəsi adlandırıb.

Tədbirdə Azərbaycan icmasının üzvləri ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri və əcnəbi qonaqlar, ümumilikdə isə 300 nəfər iştirak edib.

Qeyd edək ki, tədbir çərçivəsində mütəmadi olaraq Azərbaycanın zəngin mədəni irsi, turizm potensialı, incəsənəti və tarixi abidələri nümayiş etdirilən videoçarxlar qonaqların böyük marağına səbəb olub.

Tədbirin sonunda Konservatoriyanın müəllim və şagird heyətinə sertifikatlar təqdim olunub, xatirə fotosu çəkilib.

# 576 dəfə oxunub

Müəllifin son yazıları

# # #