Sevgi vardır ki... - Mikayıl Müşfiq

Sevgi vardır ki... - Mikayıl Müşfiq
12 avqust 2024
# 18:13

Kulis.az Mikayıl Müşfiqin "Sevgilər" şeirini təqdim edir.

Sevgi vardır ki, dodaqda açar güllərini
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır ki, oxudur qəlbində bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir!

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür.
Ona yaqlaşmayalım, çünki o zülmətlə dolu
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.

Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar!
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar
Sevgi vardır bizə çox dadlı əməllər gətirir.

Fəqət! Həpsində qaranlıq gecələr kölgəsi var!
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var!

# 519 dəfə oxunub

Müəllifin son yazıları

# # #