“Sənətkarın dostu” Xalq artisti Əlixan Səmədovla görüşüb

“Sənətkarın dostu” Xalq artisti Əlixan Səmədovla görüşüb
27 dekabr 2024
# 16:10

25 dekabr 2024-cü il tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsinin növbəti görüşü Georgi Şaroyev adına 35 nömrəli onbirillik Musiqi Məktəbində keçirilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş görüşün qonağı balaban ifaçısı, Xalq artisti Əlixan Səmədov olub.

Kulis.az xəbər verir ki, tədbirin açılışında 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yaralılara isə şəfa dilənib.

Daha sonra MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və G.Şaroyev adına Musiqi Məktəbinin direktoru Vəfa Həziyeva iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışıblar.

Əlixan Səmədov 60 illik yubileyi ərəfəsində baş tutmuş görüşdə həyat və yaradıcılığı, balaban ifaçılığı sənəti, pedaqoji fəaliyyət, uşaq və gənclərin nəfəs alətlərinə marağının artırılması və xaricdə yaşayan Azərbaycan mədəniyyət xadimlərinin fəaliyyəti istiqamətində söhbət apardı. Ustad, balaban haqqında yazdığı kitabından bəhs edərək milli musiqimizin müəllif hüquqlarının qorunması zərurətindən həmçinin müasir təbliğat və təşviqat vasitələrindən danışıb.

Sənətkarın ifasında Səid Rüstəmovun “Getmə” kompozisiyası, G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi Məktəbinin IX sinif şagirdləri Məhəmməd Bayramov və Mirnicat Yaqubovun (müəllim: Oqtay Mürşüdov, müşayiət: Dinar İsgəndərova) ifasında isə Üzeyir Hacıbəylinin “Aşıqsayağı”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Süleyman Ələsgərovun “Xəyala dalarkən” əsərləri səslənib.

Ustad dərsi formatında keçirilmiş tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Sənətkarın dostu” layihəsi mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirilir.

# 345 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #