Sən o qızı döyən zaman... - Vaqif Səmədoğlu

Sən o qızı döyən zaman... - Vaqif Səmədoğlu
18 oktyabr 2023
# 17:30

Kulis.az Vaqif Səmədoğlunun “Əlin sınaydı, sanitar” şeirini təqdim edir.

Əlin sınaydı, sanitar,
O qızı döydüyün yerdə,
Yumruğunla qız üzündə
Anamı söydüyün yerdə.
O qız sənin gözlərinlə
O ağaca baxmamışdı,
O qız o gün o ağaca
Elə-belə çıxmamışdı...
O qız çılpaq çinarın da
Başında hava görmüşdü,
Allahın atıb getdiyi,
Boş qalmış yuva görmüşdü...
Sən o qızı döyən zaman,
Açılmamış güllər soldu,
Dəlixana həyətində
Bir ağac da dəli oldu...
Xışıldadı yer üzünün,
Ən əlacsız yarpaqları,
Dəlixana divarını
Öpdü çinar budaqları...

1982

# 723 dəfə oxunub

Müəllifin son yazıları

# # #