Şəhriyar Del Gerani: "Çingiz Abdullayev məni təhdid etdi"

Şəhriyar Del Gerani:  "Çingiz Abdullayev məni təhdid etdi"
7 sentyabr 2023
# 13:00

Xalq yazıçısı Çingiz Abdullayev şair Şəhriyar del Geranini təhdid edib.

Kulis.az xəbər verir ki, bu sözləri şair Şəhriyar del Gerani feysbuk hesabında yazıb.

Sözügedən paylaşımı təqdim edirik:

“Ərizəmi yazmışam, çıxıram. Sənin kimi vicdansız adamla bir Birlikdə qala bilmərəm. Ya sən qalacaqsan, ya da mən!”
Bu sözlərin müəllifi, bəli, düz tapdınız, dünya şöhrətli yazıçınız Çingiz Abdullayevdir.
Yadınıza salın, repressiya ərəfəsi Mikayıl Müşfiqlə, Cavidlə də qələmdaşları oxşar ritorikada danışırdılar: “Müşfiq kimi, Cavid kimi vicdansız şarlatanlara bizim aramızda yer yoxdur!”
Belə.

Keçək söz-söhbətin məğzinə.
Deməli, “Azərbaycan dili və Ədəbiyyatı Forumu”nun açılışında Çingiz Abdullayev çıxış elədi. Ki, “Azərbeyjan dilüne xurmat eləmak lazimdur”.

Bu haqda status yazdım. Yazmışdım, “Mən də Azərbaycan dilinə hörmət əlaməti olaraq Çingiz müəllimin bu cümləsindən sonra zalı tərk eylədim”.

Bu statusdan sonra Çingiz müəllim məndən bərk incidi, hətta küsdü də. Mesajlaşdıq, “duyğusal” inboks dialoqundan sonra düzü, özüm də pəjmürdə oldum, statusu bağladım. Di gəl, Çingiz müəllim söhbəti bağlamadı, görünür mənim statusu bağlamağımı təbrizlilər demiş, “qabağındanyemişlik” kimi qəbul etdi. Olsun.

Daha sonra ölkədən köçmək istəyinin qeyd olunduğu statusunda dolayısıyla məni axmaq və istedadsız da adlandırdı. Bununla da ürəyi soyumadı, 52 adamdan söz göndərdi, təhdid etdi, üzr istəməyimi tələb etdi. Hələ də tələb etməkdə. Nə üçün? Nəyə görə? İstənilən adamdan səhvim qarşılığında üzr istəməyə hazıram, üzr istəmişəm də. Amma və lakin Çingiz müəllimə qarşı səhv etməmişəm. Etmədiyimi düşünürəm. Etməmişəm axı.

Çingiz müəllim məni nankorluqda ittiham edir. Səbəb: Mən İranda həbsdə olarkən məni müdafiə edib. Sağ olsun! Çox sağ olsun! Lap sağ olsun! Yoldaşlar, bu gün, yəni 6 sentyabr tarixi mənim İran zindanından çıxarılıb Azərbaycana gətirilməyimin düz 11 ili tamam olur. Düz 11 ildir, 2012-nin 6 sentyabrından bu günə kimi təşəkkür etməkdən canım çıxıb mənim. Nəfəsim kəsilib mənim. Atam hələ də təşəkkür edir hamıya, elə Çingiz müəllimə də. İlahi, insan övladı nə qədər, hara qədər, neçəyə qədər təşəkkür edər? Başa düşdük, çox sağ olun haqq səsinizi ucaltmısınız. Neyləyim? Son nəfəsimə qədər qapınıza nökər olum? Birbəbir hamıya təşəkkür etmişəm axı. İş o yerə çatıb ki, bir jurnalist dostumuzun qonşusuna da təşəkkürlərimi bildirmişəm. Əl çəkmirdi. Belə çıxır Çingiz müəllim bu yaxşılığı edərkən boynumuza ömürlük minnət kəndiri keçirmək niyyətində imiş. Halbuki bizim İran həbsxanasından çıxarılmağımız birbaşa cənab Prezidentin şəxsi iradəsi, prinsipiallığı nəticəsində olub, bircə dəfə də olsun minnət qoyulmayıb boynumuza.

Üstəlik, biz milli düşüncə üstündə ittiham edilib həbs olunmuşduq İranda, al-ver üstündə yox. Özünə hörmət edən hər bir azərbaycanlının borcudur bu məsələyə münasibət bildirmək. Bu borcu minnət kimi illərlə daşımaq isə, adamın üzünə yeri gəldi-gəlmədi vurmaq isə, yumuşaq desək, xislətcə natamamlıq, mənəvi kasadlıqdır. Xülasə.

Nə isə, Çingiz müəllim, əgər sizin Azərbaycan dilini bilməməyiniz haqda status yazmağım sizə qarşı nankorluqdursa, bəli, mən sizə qarşı nankorluq etmişəm. Gün o gün olsun siz də milli düşüncə üstündə hansısa düşmən ölkədə həbs olunasınız, mən də sizi müdafiə edim, əvəz-əvəz olaq, məsələ bağlansın. O ki qaldı sizdən üzr istəməyə, Çingiz müəllim, nə vaxtsa səhvim olsa sizə qarşı, əmin olun, heç kəsdən söz göndərmək lazım deyil, şəxsən özüm aşikaranə, nümayişkaranə şəkildə sizdən üzr istəyəcəm. Lütfən, gərək bağışlayasınız, Azərbaycan dilini bilmədiyini dediyimə görə heç kimsədən üzrxahlıq etməm, edə bilməm. Azərbaycan dilini öyrənmək, bu dildə səlis danışmaq, yazmaq hər bir kəsin öz namus məsələsi. Mən belə düşünürəm. Həmişə də bu fikrə sadiq qalacam. Azərbaycan dili mənim üçün müqəddəsdir. Bu qədər sadə. Üzrə qalsa, “istedadsız”ı qoyuram bir kənara, “vicdansız”, “axmaq” və “nankor” sözlərinə görə siz üzr istəməlisiniz. Cavan bir həmkarınızla repressiya dilində danışmağı sizə heç bir özünə hörmət edən oxucu bağışlamaz.

Bağışlamayacaq da.

Həri, yadımdan çıxmamış bunu da deyim, sonra əlavə dedi-qodu yaranmasın. Azərbaycan Yazıçılar Birliyindən ərizənizi yazıb çıxmanızı da sizin vicdanınıza buraxıram. Allah necə haqdı?!"

# 2119 dəfə oxunub

Müəllifin son yazıları

# # #