ABŞ-ın Nyu-York ştatında keçirilən konfransda bıçaqlanaraq xəstəxanaya yerləşdirilən “Şeytan ayələri” kitabının müəllifi Selman Rüşdi aylarla davam edən müalicədən sonra ilk müsahibəsində “O qədər də pis deyiləm" deyib.
Kulis.az xəbər verir ki, Rüşdi The New Yorker qəzetinə verdiyi müsahibədə səhhətinin vəziyyətindən danışıb:
"Bilirsən, daha yaxşı idim, amma baş verənləri nəzərə alsaq, o qədər də pis deyiləm".
Audio yayımda yayımlanan müsahibədə Rüşdinin əhval-ruhiyyəsinin yüksək olduğu da müşahidə olunub. Yazıçı barmaqlarının ucunda hiss olmadığı üçün klaviatura ilə yaza bilmədiyini, lakin yazı bacarıqlarının gündən-günə yaxşılaşdığını deyib.
Hələ də kabuslar gördüyünü və yalnız bir gözü ilə rəqəmsal parlaq ekranlardan oxuya bildiyini deyən Rüşdi “əslində, böyük yaralar sağalıb. Baş barmağımda, şəhadət barmağımda və ovucumun alt yarısında hissiyyat var. Çoxlu əl terapiyası edirəm və çox yaxşı işləyirəm”deyə bildirib.
Qeyd edək ki, "Şeytan ayələri" kitabına görə illərdir ölümlə hədələnən hind əsilli britaniyalı yazıçı Salman Rüşdi (75) 2022-ci ilin avqustunda qatıldığı tədbirdə livanlı amerikalı Hadi Matarın hücumuna məruz qalmış, bir gözünün görmə qabiliyyətini itirmiş və bir əlini işlədə bilməyəcəyi bildirilmişdi.