Rusiyada “Yeddi gözəl” sərgisi açılıb

"Yeddi gözəl" sərgisi

"Yeddi gözəl" sərgisi

27 yanvar 2022
# 14:30

Sankt-Peterburqdakı Mərmər sarayda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Yeddi gözəl” sərgisi açılıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, sərginin ekspozisiyası bir neçə tarixi dövrü birləşdirən xalça, zərgərlik, bədii metal, miniatür və teatr-dekorasiya sənətinin, klassik musiqi və rəqsin, müasir incəsənətin və deklamasiya layihəsinin sintezindən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov sərginin açılışında çıxış edərək bildirib ki, mədəni əlaqələr xalqların yaxınlaşmasında ən qısa yoldur. “Bizim ölkələri çoxəsrlik dostluq, qardaşlıq, mehriban qonşuluq ənənələri birləşdirir. Biz bu qarşılıqlı münasibətləri ildən-ilə möhkəmləndirməyə çalışırıq. Dövlətlərimizin başçıları nümunəvi qarşılıqlı münasibətləri ilə humanitar sahə də daxil olmaqla, bütün istiqamətlərdə əməkdaşlığın gücləndirilməsinə töhfə verirlər”, - deyə Anar Ələkbərov vurğulayıb.

Prezidentin köməkçisi xatırladıb ki, Heydər Əliyev Fondunun ilk nümayəndəliklərindən biri məhz Rusiyada yaradılmışdı. “Fond təhsil, səhiyyə, ekologiya sahələri də daxil olmaqla bir çox layihələr həyata keçirib. Lakin bu layihələrin böyük hissəsini mədəniyyət sahəsindəki layihələr təşkil edir”, - deyə Anar Ələkbərov qeyd edib.

Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil edilmiş “Yeddi gözəl” sərgisinin ekspozisiyasına Heydər Əliyev Fondunun, Azərbaycan Milli Xalça Muzeyinin və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatları daxildir.

Sərgi mayın 9-na qədər davam edəcək.

Sankt-Peterburqda, həmçinin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsinin təməl daşının qoyulması mərasimi keçirilib. Abidə Bəstəkarlar küçəsində Üzeyir Hacıbəylinin adını daşıyan bağçada Heydər Əliyev Fondunun və Sankt-Peterburq hökumətinin dəstəyi ilə qoyulacaq.

# 1062 dəfə oxunub

Müəllifin son yazıları

# # #