Rusiyada "Səs" şousunun azərbaycanlı iştirakçısı Emil Kadırov saxlanılıb.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Kadırov "Puşkin kartı" federal proqramı ilə 1,3 milyon rubl məbləğində dələduzluqda şübhəli bilinir.
İstintaqın versiyasına görə, 31 yaşlı Kadırov tanışı, "Eldar" kino-konsert zalının bədii rəhbərinin müavini işləyən Yelena Qurko ilə birgə hərəkət edib. İlkin məlumata görə, cütlük Emil üçün "Eldar" kino-konsert zalında saxta konsertlər təşkil edib, konsertə biletlər "Puşkin kartları" ilə satılıb. Həqiqətdə konsert keçirilməyib, amma kino-konsert zalına büdcədən pul köçürülüb.
Dövlət büdcəsinə dəyən ümumi zərərin təxminən 1,3 milyon rubl olduğu bildirlib.
Səlahiyyətli orqanlar müğənninin konsertlərinə dövlət hesabından şübhəli şəkildə külli miqdarda pul xərcləndiyini görəndən sonra onunla maraqlanıblar.
Qeyd edək ki, faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsində xüsusilə irimiqyaslı dələduzluq maddəsi ilə cinayət işi açılıb.