Rasim Ocaqovun 90-cı ildönümündən fotolar

Rasim Ocaqovun  90-cı ildönümündən fotolar
23 noyabr 2023
# 11:20

Noyabrın 22-də Nizami Kino Mərkəzində görkəmli kinorejissor, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 90-cı ildönümü münasibətilə tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı, “Azərbaycanfilm” kinostudiyası və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin dəstəyi ilə təşkil edilib.

Tədbirdə mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu Rasim Ocaqovun Azərbaycan kinosunun inkişafı naminə gördüyü işlərdən danışıb. Bildirib ki, Rasim Ocaqov kimi rejissorların yetişməsi üçün böyük bir zamana ehtiyac var.

Onun Azərbaycan kinosuna gətirdiyi çoxsaylı yeniliklərdən danışan natiq deyib: “Rasim Ocaqovun çəkdiyi filmlər sayəsində böyük bir aktyor nəsli yetişib. O, eyni zamanda, kinoya Azərbaycan əyalət insanının obrazını gətirib. Rasim Ocaqovun filmoqrafiyası Azərbaycan kino industriyasında öz məna tutumu, rəngarəngliyi, baxımlılığı ilə ayrıca bir səhifəyə çevrilib. O, bütün filmlərində görüntü, söz və səs “trio”sunu ecazkar dirijor kimi idarə-ifa etdirib, yeri gələndə isə hər birini solo kimi də aksentləşdirib”.

Orxan Fikrətoğlu vurğulayıb ki, dövrün ab-havasını Azərbaycan kinosuna gətirən Rasim Ocaqov insanın milli təfəkkürünü, dünyagörüşünü formalaşdıran, ona emosionallıq, vətənpərvərlik kimi hissləri aşılayan filmlərlə böyük bir auditoriyanın məhəbbətini qazanıb: “Bu filmlərdə böyük rejissor Azərbaycan kino sənətinin tanınmış simaları ilə çalışaraq onların potensial gücünü ortaya çıxarıb, sənət meyarları baxımından çox yüksəkdə duran ekran əsərlərini yarada bilib”.

Bu il 100 illik yubileyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunan Ulu Öndər Heydər Əliyevin Azərbaycan kinosunun inkişafı naminə gördüyü işlərdən söhbət açan O.Fikrətoğlu deyib ki, bu gün təqdim ediləcək “İstintaq” filminin ərsəyə gəlməsində Ulu Öndərin böyük rolu olub.

“Xoşbəxtəm ki, artıq neçə illərdir “İstintaq” filimi nəinki məni, həm də Azərbaycan kinosunu yaşadır”, - deyən Xalq artisti Şəfiqə Məmmədova Rasim Ocaqovla bağlı xatirələrini bölüşüb: “Rasim Ocaqovun anadan olmasının 90 illiyini qeyd etdiyimiz bu günlərdə çox qürurluyam. Mən onun ən yaxşı filmlərində rol almışam, çox xoşbəxtəm ki, uzun illər Rasim Ocaqovla işləmişəm və onun çəkdiyi filmlərdə ölməz obrazlar yaratmışam. Onunla bağlı günlərlə danışa bilərəm. Kino onun varlığı idi. Rasim Ocaqov kino sənətimizdə bir ocaq yandırdı və bu ocaq heç zaman sönməyəcək”.

Bu il ölkəmizdə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin təşkil olunduğunu vurğulayan Şəfiqə Məmmədova deyib: “Mədəniyyət Nazirliyinin keçirdiyi Kino Forumunda da Ulu Öndərin Azərbaycan kinosunun inkişafına verdiyi töhfələrdən danışılıb. Bu gün təqdim olunacaq “İstintaq” filminin də ərsəyə gəlməsində Ulu Öndərin böyük xidmətləri olub. Film keçmiş sovetlər birliyinin hər yerində maraqla izlənilib və dövrün böyük mükafatına layiq görülüb”.

Bu gün həm də istedadlı aktyor, Xalq artisti Həsən Məmmədovun anadan olmasının 85 illiyi olduğunu xatırladan Ş.Məmmədova əlavə edib: “Çox şadam ki, Azərbaycan kinosu belə bənzərsiz simalar yetişdirib”.

Əməkdar incəsənət xadimi, təsvir rejissoru Rafiq Qəmbərov Rasim Ocaqovun çox istənilən, sevilən sənətkar olduğunu söyləyib: “Mən onun 5 filmində operator olmuşam. Onunla 18 il bir yerdə işləmişəm. O, öz-özünü ucaldan, sübut edən bir sənətkar idi. Rasim Ocaqov Azərbaycan kinosuna çox böyük yeniliklər gətirdi. O, öz bənzərsiz yaradıcılığı ilə daim bizimlə olacaq”.

Tədbirdə digər çıxış edən natiqlər bildiriblər ki, rejissorluğu ilə kino sənətimizə yeni nəfəs, rəng və çalar gətirən Rasim Ocaqov gərgin axtarışları və istedadı sayəsində milli kino tariximizin müxtəlif dövrlərini əhatə edən bənzərsiz sənət nümunələri yaradıb. İstər sovet dövründə, istərsə də Azərbaycanın müstəqilliyinin bərpasından sonra çəkdiyi filmlər Rasim Ocaqovun mənalı ömür yoluna işıq saçır. Dünya kinematoqrafiyasının ənənələrindən ustalıqla faydalanmış sənətkar kimi Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun əməyi təqdirəlayiqdir.

Qeyd edilib ki, Rasim Ocaqovun çəkdiyi həqiqi sənət nümunələri Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Rasim Ocaqov sənətinin əsas cəhətlərini təşkil edib.

Natiqlər, həmçinin Rasim Ocaqovun rejissorluq sahəsindəki fəaliyyətindən söz açıblar. Bildirilib ki, Azərbaycan kinematoqrafiyasında istedadlı kinooperator kimi şöhrət qazanmış Rasim Ocaqov ötən əsrin 70-ci illərindən etibarən rejissorluq sahəsində fəaliyyət göstərməyə başlayıb. Rejissor kimi ilk işi yarımçıq qalmış “Gəncəbasarlı qisasçı” filmini tamamlamaq olub. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmin ssenarisini yenidən işləyib. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırıb. Onun növbəti rejissor işi “Tütək səsi” filmi olub. Ekran əsəri öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirib. Bundan sonra çəkdiyi “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət” və “İstintaq” filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən mənfi hallara göz yummamağa çağırıb.

Sonra Rasim Ocaqovun 1979-cu ildə lentə aldığı “İstintaq” filmi nümayiş olunub.

AZƏRTAC

# 1135 dəfə oxunub

Müəllifin son yazıları

# # #