Kulis.az "Günün şeiri" layihəsindən dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin "Qurban bayramı" şeirini təqdim edir.
Bayram olcaq şövkətlilər, şanlılar,
Dövlətlilər, pullular, milyanlılar,
Tirboyunlar, şişqarınlar, canlılar
Qurban kəsir Xəlilüllah eşqinə,
Fağır-füğur gəzir Allah eşqinə.
İki qonşu bir-birinin milləti,
Hər ikisi bir peyğəmbər ümməti,
Biri kəsir qurban, bişirir əti,
Bayram edir Xəlilüllah eşqinə,
O biri də baxır Allah eşqinə.
Bu qonşunun oğlu geyir, sallanır,
Qalstuku taxır, qıraxmallanır,
Atası da ona baxır hallanır,
Fəxr eləyir Xəlilüllah eşqinə,
Əl cibə salmayır Allah eşqinə.
Görürsənmi bizim Hacı Pirini,
Paylamayır ətin ondan birini,
Qonşu sorur barmağının kirini,
Hacı yeyir Xəlilüllah eşqinə,
Yatır, şişir, köpür Allah eşqinə,
Dedim, hacı, gözlə işin birisin,
Diqqət elə irəlisin, gerisin,
Ver məktəbə qoyunların dərisin,
Elm oxunsun Xəlilüllah eşqinə,
Çocuqları şad et Allah eşqinə.
Dedi, bizdə dəri vermək sınağı
Yoxdur, versəm ollam arvad qınağı,
Basdırırıq onda xəmir çanağı,
Bərəkətdir, Xəlilüllah eşqinə,
Saxlayırıq evdə Allah eşqinə.