XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb.
Kulis.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Latın Amerikası, Gürcüstan və Litvadan görkəmli musiqiçilər, ifaçılar, tanınmış musiqi kollektivləri iştirak ediblər.
Budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalı dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuşdu.
XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konsertində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə tamaşaçılara “Viva opera” konsert proqramı təqdim olunub. Konsert görkəmli musiqi xadimləri Vasif Adıgözəlovun 90, Rauf Atakişiyevin 100 illik yubileylərinə həsr olunub.
Qeyd edək ki, konsertin sonunda bütün solistlər birlikdə C.Verdinin “Traviata” operasından “Brindisi” ifa ediblər.